“Birinci Avropa Oyunları yüksək səviyyədə keçir. Düşünürəm ki, sona kimi belə olacaq”.
Bunu Modern.az saytına deputat, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev deyib.O bildirib ki, medalların sayına görə ilk üçlükdə olmağımız bizim üçün böyük nəticədir:
“Oyunlar çox normal gedir. Bütün idman növləri ilə bağlı düşündüyümüzdən də daha çox medal qazanmışıq. Məsələn, dünən sambo yarışlarında 4 gümüş medal qazandıq. Təbii ki, bir qızıl medal da alsaydıq yaxşı olardı.
Sambo Federasiyanın rəhbəri Ceyhun Məmmədovla danışdım, onlar 1-2 medal gözləyirdi. Amma onların gözləntiləri bir az da yaxşı olub. Bütün idman növlərində yarışan idmançılar ümidləri doğrultdu. Hazırda boks yarışları normal gedir, taekvondo da nailiyyətlərimiz çox oldu, qadınlardan ibarət voleybol komandamız və digər idmançılarımız yüksək səviyyədə çıxış edirlər. Allah qoysa, hamısından yüksək nəticələr gözləyirik.
Düzdür, Rusiya daha böyük heyətlə oyunlara gəlib. Çünki Rusiya əhalisinin sayına böyük dövlətdir. Onlarda həm də bütün idman növlərində bizlərdən daha dərin və qədim idman ənənələri var.
Əhalinin sayının çox olması buna çox böyük təsir edir. Bizdə isə əsasən böyük ənənəvi idman növləri daha güclü olub. Amma Rusiyada əhalinin sayına görə onlarda bizdə olmayan digər idman növlərinin inkişafı yüksəkdir. Ona görə onlar Rusiya medalların sayına görə birincidir.
Azərbaycan isə ikincidir. Düşünürəm ki, sona kimi də belə davam etsə, daha yaxşı olar. İlk üçlükdə olsaq, ümumi medalların sayına görə bu bizim üçün çox böyük bir nəticədir”. Ülvi Quliyev əlavə edib ki, oyunların təşkilatı məsələləri çox yüksək səviyyədə hazırlanıb: “Oyunların qısa müddətdə təşkil olunmasından başlamış, bütün hər bir idman növündə olan təşkilatçılıq, mətbuat üçün məkanın ayrılması, hakimlərin, rəsmi qonaqlar üçün yerlərin ayrılması və digər məsələlər çox gözəl hazırlanıb. Hər bir idman növü üçün hər cür şərait yaradılıb. Bundan razı olan xarici qonaqlar və rəsmilər də hər kəs öz razılığını və minnətdarlığını bildirir.
Açılışla bağlı bütün qonaqlar yüksək fikirlərini söylədilər.Doğrudan da çox maraqlı açılış mərasimi oldu. Yəqin ki, bağlanış mərasimi də elə bu səviyyədə olacaq. Təşkilatı məsələlərə rəhbərlik elədiyi üçün Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Cənab prezident İlham Əliyevə hər zaman minnətdarıq ki, bu sevinci, bu idman bayramını Azərbaycan xalqına bəxş edib”.
Ülvi Quliyev voleybol, taekvondo, karate və sambo yarışlarına baxdığını, cüdo yarışlarının da yarımfinal və final mərhələlərinə gedəcəyini qeyd edib.
Sevinc YASİNQIZI