Modern.az

Əhalinin hansı kreditləri silinə bilər?.. - Ekspert məsələni ŞƏRH ETDİ

Əhalinin hansı kreditləri silinə bilər?.. - Ekspert məsələni ŞƏRH ETDİ

Qarabağ

29 İyun 2015, 11:58


İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov son zamanlar vətəndaşları ən çox maraqlandıran kiçik məbləğli kreditlərin dövlət tərəfindən qarşılanacağı ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

Modern.az saytı xəbər verir ki, iqtisadçı kredit borclarını dövlətin deyil, ayrı-ayrı bankların özlərinin silməsinə ehtiyac olduğunu vurğulayıb:

“İnkişaf etməkdə olan bəzi ölkələrdə bankların kiçik həcmli borcların bağışlaması faktına rast gəlinir. Dövlətin borcları silməsi həm dövlət üçün əlavə xərc deməkdir, həm də bu proses bankların və kredit borcu olanların məsuliyyətini azalda bilər.

Eyni zamanda, bu, kredit ödənilməsinə məsuliyyətlə yanaşan borclu ilə həmin pulu məsuliyyətsiz xərcləyən arasında diskriminasiyaya səbəb  olacaq. Məsələn, təsəvvür edək ki, bir vətəndaşımız kredit götürüb və öz əmək haqqına qənaət edərək, yumşaq desək, bəzi hallarda “uşağının boğazından kəsərək” həmin krediti vaxtı-vaxtında qaytarıb. Digəri isə bankdan borc alıb gedib Türkiyədə istirahət edib və sonradan da həmin pulu geri qaytarmayıb. Belə olan halda borcların silinməsi o deməkdir ki, sanki kredit ödənişlərinə məsuliyyətlə yanaşan doğru etməyib, borcla istirahət edən və onu geri ödəməyən düzgün edib. Çünki o krediti məsuliyyətsiz xərcləyib, amma onun borcu bağlanıb. Əslində doğru hərəkət edən öhdəliyinə məsuliyyətlə yanaşandır”.

Ekspert bildirib ki, borcların bağışlanması kredit götürənlərin əksəriyyətində “yenidən borcumu siləcəklər” arxayınlığı yarada bilər, bu da bank sektorunda problemli kreditlərin həcminin kəskin artmasına gətirib çıxarar: “Düşünürəm ki, borcların bağışlanması ümumi şəkildə bütün kreditlərə deyil, fərdi olaraq ayrı-ayrı müqavilələrə tətbiq edilə bilər. Ailənin sosial statusundan asılı olaraq bunun tətbiqi mümkündür. Məsələn, elə ailə var ki, kredit götürüləndən sonra ailə başçısı dünyasını dəyişib və qəza keçirərək əmək qabiliyyətini itirib. Həmin ailələrə verilən kreditlərin banklar tərəfindən bağışlanması və ya güzəştlərin tətbiq edilməsi olduqca vacibdir. Bu həm də sosial korporativ məsuliyyət prinsipinə uyğundur. Bu baxımdan, bütün kreditlərin deyil, sosial statusundan asılı olaraq bir sıra borcların bağışlanması arzu olunandır”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu