Dünyada varlılarla yanaşı, milyonlarla kasıb insan yaşayır. Bəzi ölkələrdə insanlar arasındakı bu sosial fərq kəskin şəkildə hiss olunur. Böyük şəhərlərin mərkəzində milyon dollarlıq yaşayış evləri olduğu halda, şəhərkənarı məhəllələrdə gecəqonduların sayı artmaqdadır. Bu rayonlardakı mövcud vəziyyət cinayətlərin, narkotik ticarətinin, eləcə də fahişəliyin genişlənməsinə şərait yaradır.
Modern.az xarici KİV-ə istinadən dünyanın məşhur gecəqondularının siyahısını təqdim edir:Braziliya faveli dünyanın ən böyük gecəqondusu hesab olunur. Turistlər üçün nəzərdə tutulan ərazilərin yaxınlığında yerləşdiyinə görə digər gecəqondulara nisbətən daha çox tanınır. Gecəqondularda təxminən 11,4 milyon insan yaşayır. Bu ərazilərdə cinayət, narkotik alveri və fahişəlik geniş yayılıb.
Banqladeş dünyanın ən kasıb ölkələrindən biridir. Böyük şəhərlərinin əksəriyyətində gecəqondular mövcuddur. Həmin gecəqondular dəmir yolu xətlərinin yaxınlığında yerləşir. Banqladeş əhalisinin 10 faizi küçələrdə yaşayır, buna baxmayaraq, onların yaşadığı evlər dünyanın ən təhlükəsiz gecəqonduları hesab olunur.
Hindistanda gecəqondular antisanitariya şəraitindədir, bu da yoluxucu xəstəliklərin mənbəyi sayılır. Onlardan ən məşhuru Dharavi gecəqondusudur. Bu ərazi Hindistanın ən kasıb rayonu hesab olunur.
Nigeriyada da minlərlə insan gecəqondularda yaşayır. Bu ölkədə ən məşhur gecəqondu Makokodur. Burada insanlar əvvəl balıqçılıqla məşğul olub, hazırda isə orada kasıb və acınacaqlı vəziyyətdə olan minlərlə insan məskunlaşıb.
Vüsalə Qəzənfərqızı