Modern.az

Ah, qadınlar, qadınlar… - İkinci söhbət

Ah, qadınlar, qadınlar… - İkinci söhbət

21 Avqust 2015, 13:42

onkoloq, tibb üzrə fəlsəfə doktoru 

Azərbaycan xanımlarının bir xüsusiyyəti var: hər işini sağlamlığından önə qoyar. Tutaq ki, ev təmizlədiyi, paltar ütülədiyi, yaxud xörək bişirdiyi zaman başı ağrıyır, dişi ağrıyır, kürəyi sancır, ürəyi bulanır və s. Heç vaxt əlindəki işi yarımçıq qoyub sağlamlığının qeydinə qalmaz bizim ana-bacılar. Mütləq əlindəki işini tamamlayar, evini-uşağını-ailəsini rahatlayar. Canındakı ağrıları qulaqardına vurar. “Keçib gedər…” deyər. Bax, elə o anda həyatının ən böyük səhvini edər. Qulaqardına vurulan ağrılar günün birində, el dili ilə desək, qadının başına oyun açar.

Mioma, fibroma ağrıları da belədir. Əvvəlcə özünü əlamətlər vasitəsilə büruzə verər. Zaman keçdikcə vəziyyət gərginləşər. Xəstəlik sizi gecikmiş mərhələdə yaxalamasın deyə, onun əlamətlərini bilməyiniz vacibdir. Qeyd edim ki, həmin əlamətlər qadının yaşı ilə sıx əlaqəli olaraq müxtəlif yaş dövründə özünü müxtəlif formalarda göstərir. Ona görə də, öncə qadın sağlamlığı baxımından tibb elmində qəbul olunmuş yaş mərhələləri ilə tanış olaq:

Reproduktiv dövr 15 yaşdan 45 yaşa qədər mərhələni əhatə edir. Bu arada 35-45 yaş gecikmiş reproduktiv dövr sayılır;

Premenopauzal dövr 46 yaşdan 50 yaşa qədərdir (menopauza başlayanadək);

Perimenopauzal dövr menopauzadan 1-2 il əvvəli və sonranı əhatə edir;

Menopauza dövrü 50,8 yaş sayılır;

Postmenopauzal dövr 51 yaşdan 70 yaşa  qədər olan mərhələyə deyilir;

Qocalıq dövrü isə 70 yaş və sonrakı illər.

Hə, əziz xanımlar, indi siz tibbi nöqteyi-nəzərdən hansı yaş mərhələsində olduğunuzu bildiniz. Bir məqamı da nəzərə alın ki, insanın təqvim yaşı ilə bioloji yaşı həmişə üst-üstə düşmür. Ona görə də, yuxarı sadaladığımız dövrlər şərti xarakter daşıyır. Hər halda, əgər siz ömrünüzün reproduktiv dövrünü yaşayırsınızsa, o halda miomanın aşağıdakı klinik simptomlarına diqqət etməyiniz vacibdir:

uşaqlığın ölçülərinin böyüməsi və miomatoz düyünlərin aydın müəyyən olunması;

qarnın aşağısında və beldə ağrı sindromu;

hiperpolimenoreya (aybaşının həm miqdar, həm də gün etibarilə çoxalması);

disfunksional uşaqlıq qanaxması;

anovulyator tsiklin (müntəzəm aybaşı fonunda ovulyasiyanın baş verməməsi) və ya lütein fazasının çatışmazlığı ilə əlaqədar olan tsikllərin tezliyinin çoxalması və bununla əlaqədar sonsuzluq hallarının artması;

fibroz-kistoz mastopatiyanın inkişafı (əksər hallarda, uşaqlığında mioma olan xəstələrin 78-90%-də  paralel olaraq süd vəzilərinin dishormonal patalogiyası inkişaf edir;

anemiya (qan azlığı);

qonşu orqanların funksiyalarının pozulması;

baş vermiş hamiləliyin gedişində ağırlaşmalar.

Reproduktiv yaş dövründən necə istifadə edək?

Tibb aləmində reproduktiv dövr kimi qiymətləndirilən illər qadın ömrünün ən gözəl illəridir. Təxminən 30 il davam edən bu dövrdə qadının fiziki gözəlliyi çiçəklənir, mükəmməlləşir... Dünənki qız uşaqları ömrün bu mərhələsində qadın olur, ana olur. Fizioloji nöqteyi-nəzərdən 15-45 yaş arasında qadının həyatında baş verən bütün hadisələr reproduktiv funksiyaların reallaşmasına yönəlir. Lakin sivilizasiyanın gündən-günə inkişafı, urbanizasiya (şəhərlərdə yaşamağa meylin artması, şəhər əhalisinin çoxalması), iqtisadi çətinliklər, sosial problemlər və s. qadını çox uşaq dünyaya gətirmək fikrindən daşındırır.

Hərənin taleyi bir cür gətirir. Bəzən istəyərəkdən, bəzən də özündən asılı olmayaraq qadın uşaq doğmağı gecikdirir, ilk övladın şirinliyini 30-35 yaşlarında dadır. Bunun səbəbləri çox olur. Bəziləri ailə qura bilmədiyinə görə, digərləri uzun müddət hamiləlikdən qorunmaq üçün dərmanlardan istifadə etdiyinə (kontrasepsiya) görə, bəziləri cinsi həyatındakı tərəfdaşların poliqamlığı (çoxluğu) ucbatından, kimisi vaxtaşırı etdirdiyi abortlar nəticəsində, kimisi də reproduktiv sistemin orqanlarında infeksion və iltihabi xəstəliklər keçirdiyinə görə arzu etdiyi vaxt uşaq dünyaya gətirə bilmir. Həmin müddət ərzində keçirilmiş xəstəliklərin mənfi təsirləri orqanizmdə toplanaraq yeni problemlər əmələ gətirir, bir yandan da ətraf mühitin mənfi amilləri qadın sağlamlığına öz zərbəsini vurur. 30-35 yaşınadək doğmamış qadınların uşaqlığında qocalma prosesi başlanır...

Müasir dövrdə qadınların həyata baxışı tamam dəyişib. Heç də bütün cavan qızlar ailə qurmağa tələsmir. İndiki nəsil karyera qurmağa, öz ayaqları üstə möhkəm dayanmağa daha çox üstünlük verir. Düşünürlər ki, həyatda öz layiqli yerlərini tapandan sonra ailə qurub (bəzən də ailə qurmadan) uşaq doğmaq daha düzgün olar, övladlarına daha yaxşı həyat təmin edə bilərlər. Bu məsələlər hər kəsin öz şəxsi işidir. Lakin unutmayaq ki, insan orqanizminin də öz qanunları var. İsbat olunub ki, cavan qadının miositləri (uşaqlığın əzələ qişasının hüceyrələri) orta ölçülərə malikdir. Yaş artdıqca onların da yaşlanması baş verir, miositlərin ölçüləri böyüyür və funksional gərginliyə pis adaptasiya olunur. 35 yaşından etibarən yumurtalıqların funksional aktivliyi və cinsi hormonların produksiyası da azalır.

Təbabətdə uşaqlığın miomasının mikroskopik düyündən inkişaf etmə dövrünün əsasən 30-33 yaş arası olduğu güman edilir. Qarnın aşağı hissəsində olan ağırlıq və ağrı ilə əlaqədar xəstədə subyektiv hissiyyatın yaranmasından həkimə müraciət etməsinə qədər ən azı 1 ildən 3 ilə qədər vaxt keçir. Həmin yaşda mioma əsasən hamiləlik, ultrasəs və profilaktik müayinə zamanı aşkarlanır. Tədricən qarnın aşağı hissəsində və beldə ağrılar artır, aybaşının çoxalması (hiperpolimenoreya) özünü açıq-aşkar göstərir, uşaqlığın ölçüləri böyüyür. Bəzi miomatoz düyünlər uzun müddət böyümür və 2-3 sm, ya da 3-4 sm ölçülərində qalır; digərlərində isə böyümə tendensiyası başlayır. Təcrübədən deyə bilərik ki, bu halda miomalı xəstələrin müalicəsi üçün  əsas istiqamət reproduktiv funksiyaların vaxtında realizasiyasına, hamiləliyin saxlanmasına və vaxtından əvvəl baş verə biləcək hormonal pozğunluqların qarşısının alınmasına yönəlməlidir.

Bilin ki, gecikmiş reproduktiv yaş dövrü miomaların aşkarlanmasında zirvə – “pik” hesab olunur. Ona görə də, əgər siz 35-45 yaş aralığındasınızsa sağlamlığınıza daha diqqətli yanaşmalısınız. Çünki bu dövrdə mioma və ya fibroması aşkarlanmış əksər xəstələrdə cərrahiyyə əməliyyatı qaçılmaz olur. Yəni 33-35 yaşında ikən uşaqlığınızda yaranmağa başlamış mioma 10-12 il ərzində əməlli-başlı inkişaf (proqressiya) edir və pasiyentlərin 40-65 faizində  cərrahi müdaxiləyə göstəriş yaranır.


Premenopauzal yaş dövrü bizə nə vəd edir?

Artıq sizə məlumdur ki, reproduktiv yaş dövrü 40-45 yaşlarında bitir, tədricən yumurtalıqların funksiyaları zəifləyir və qadın üçün premenopauzal dövr başlayır. Bu dövrdə, yəni 46-50 yaş arasında yumurtalıqların funksiyası tədricən azalır, onların qonadotrop stimulyasiyaya həssaslığı zəifləyir. Orqanizmdəki  qonadotrop və steroid hormonlar arasında asılılıq zəiflədikcə yaşla bağlı yumurtalıqlarda  gedən dəyişikliklərlə əlaqədar estrogen və progesteron sintezi azalır. Həmin dövrdə uşaqlıq miomalarına aşağıdakı klinik əlamətlər xas olur:

miomatoz düyünlərin sürətli böyüməsi;

xronik qan azlığı (anemiya) ilə müşayiət olunan uşaqlıq qanaxmaları (48%);

miomatoz düyünlərdə ikincili dəyişikliklər (14-16%);

endometriumun (uşaqlığın daxili qişasının)  hiperplaziyası və xərçəngi (42%);

miomalara yumurtalıqların kistası və kistomaları ilə müştərək rast gəlinməsi.

Həyatını sağlam və gümrah yaşamaq, qadın olmağından yetərincə bəhrələnmək istəyən xanımlar onu da nəzərə almalıdırlar ki, follikulstimuləedici hormonun səviyyəsi 35 yaşından etibarən 10-14 dəfə, lüteinləşdirici hormonun səviyyəsi isə 40 yaşından etibarən 3-4 dəfə azalır. Həmin prosesdə adrenokortikotrop hormonun səviyyəsi çoxalır ki, bu da qadının xarakterində və davranışında qəribə meyllərin yaranmasına rəvac verir. Adrenalin və noradrenalinin periodik olaraq qana ifrazı qadının aqressivləşməsinə də səbəb ola bilir, yazıqlaşmasına da. Tibbdə bu hallar “şir” (aqressiya) və “dovşan” (panika, gərginlik) reaksiyaları kimi dəyərləndirilir. Həmin vaxt qadının orqanizmində sevinc və xoşbəxtlik hisslərinin hormonu olan endorfin isə tədricən azalır. Bütün bunların nəticəsində xəstənin psixoloji vəziyyətində ciddi dəyişikliklər baş verir: o, qıcıqlanmağa və ağlamağa  meylli olur, əhval-ruhiyyəsi tez-tez pozulur və gərgin olur, birdən-birə əsəbiləşir və s. Həmin dövrdə yumurtalıqların və uşaqlığın ölçüləri də tədricən kiçilir, yumurtalıqlarda follikulların yaranması zəifləyir, aybaşı tsiklləri arasında müddət uzanır, get-gedə qadın ümumiyyətlə aybaşı olmur.

Çox vaxt 40-45 yaşdan sonra qadınlarda kökəlmə müşahidə edilir. Bunu yaşlanma ilə əlaqələndirirlər. Əslində premenopauzal dövrdə estrogenin çatışmazlığı bədən kütləsinin artması hesabına hissəvi kompensasiya olunur. Qarnın, bud nahiyəsinin dərialtı piy qatının qalınlaşması estrogenlərin deposu (anbarı, toplandığı yer) rolunu oynayır. Bu dövrdə böyrəküstü vəzi androstendionun əsas mənbəyi hesab olunur ki, bunun da aromatizasiyası piy toxumasında baş verir. Ona görə də 50-55 yaşlarında bədən kütləsinin bir qədər artması bioloji olaraq məqsədəuyğun hesab edilir.

Əziz xanımlar, premenopauzal yaş dövrünü yaşayırsınız, miomanız var? Yadda saxlayın ki, bu dövrdə disfunksional uşaqlıq qanaxmaları  (40-65%) baş verə bilər. Bu qənaətimizi tədqiqatlar sübut edib. Praktikada görürük ki, 40-50 yaşlarında uşaqlıq mioması olan qadınlarda patoloji uşaqlıq qanaması 48-58 faizə çatır. Həmçinin premenopauzal dövrdə endometriumda (uşaqlığın daxili qişasında) baş verən hiperplastik proseslər və yumurtalıqlardakı patoloji dəyişiklikər (kistoz dəyişikliklər, teka-toxumanın hiperplaziyası, kistomalar) hesabına hiperpolimenoreya və menometrorragiya (aybaşı vaxtı qanaxmanın miqdarının və intensivliyinin çoxalması) başlayır. Əksər xəstələrdə həmin dövrdə miomatoz düyünlərin ölçüləri sürətlə böyüyür, bu da uşaqlıq qanaxmaları, endometriumda hiperplastik proseslər və qan azlığı ilə birlikdə uşaqlığın amputasiyası əməliyyatına (cərrahi yolla uşaqlığın kəsilib çıxarılmasına) əsas göstəriş hesab edilir. Adətən bu əməliyyat qadınlara ağır psixoloji təsir göstərir. Lakin xəstənin rahat yaşaya bilməsi üçün bunu etmək məcburiyyətində qalırıq. 

Klimakterik sindrom nədir?

Diqqət yetirməli olduğunuz daha bir məqam klimakterik sindromdur. Məlumdur ki, 46-50 yaş arasında qadın orqanizmində baş verən hormonal dəyişikliklər nəticəsində orqanizmin kompensator adaptasyon cavab reaksiyası zəifləyir, bu da klimakterik sindrom adlanır. Ümumi populyasiyada qadınların 25-30%-də klimakterik sindrom müşahidə edilirsə, uşaqlığın mioması olan xəstələrdə bu göstərici 2-2,5 dəfə çoxalır. Klimakterik sindromun əsasında vazomotor, endokrin-mübadilə və sinir-psixoloji pozgunluqlar dayanır: qadına istilik gəlir, o durduq yerdə tərləyir, ürəkdöyünmələr artır, emosional labillik, yuxu pozğunluğu, hiperxolesterinemiya və s. baş verir. Güman edirik ki, klimaks keçirmiş qadınlara bu hallar yaxşı tanışdır.

Postmenopauza dövrü

Miomalı xəstələrdə menopauza dövrü mioması olmayan qadınlara nisbətən 1 ildən 3 ilədək gecikir. Bu dövrdə  yumurtalıqların və uşaqlığın ölçüləri və kütləsi azalır, 55 yaşında təqribən 60 qram, 65 yaşında 30 qrama qədər olur. Uşaqlığın ölçülərinin kiçilməsinə paralel olaraq miomatoz düyünlər də kiçilir, bəziləri tamamilə yox olur. Lakin bu dövrdə endometrium, uşaqlıq boynu və yumurtalıq xərçənginin əmələ gəlmə riski xeyli yüksəlir. Əgər uşaqlığın mioması menopauzadan sonrakı ilk 1-2 il ərzində kiçilmirsə, sonradan onun varlığı endometriumun və ya yumurtalığın xərçəngi, uşaqlıq sarkomasının əmələ gəlmə təhlükəsi ilə müşayiət edilir. Səhiyyə aləmində belə bir fikir var ki, postmenopauza dövründə sorulmayan fibromiomanın varlığı reproduktiv orqanlarda onkoloji patologiyalar üçün bir siqnaldır. Ona görə də, postmenopauza dövründə sorulmayan miomaların əlamətlərini bilməyiniz vacibdir. Aşağıdakı  klinik əlamətlərdən hər hansını özünüzdə müşahidə edirsinizsə, həkimə müraciət edin və xəstəliyinizə vaxtında çarə tapın. Əlamətlər bunlardır:

menopauzanın gec baş verməsi;

menopauzadan 1 il keçdikdən  sonra uşaqlıqdan qanlı ifrazatın gəlməsi;

menopauzadan sonra ilk illərdə (1-2 il ərzində) miomatoz düyünlərin və uşaqlığın yaşla bağlı ölçülərinin kiçilməməsi;

endometriumun patologiyaları (vəzili-kistoz hiperplaziya, polipoz, atipik, residivləşən hiperplaziya və s.);

mioma ilə yanaşı yumurtalıqların patologiyası (ölçülərinin böyüməsi, kista, kistoma və s.)

başqa səbəblərdən irəli gəlməyən uşaqlıq qanaxmaları (qan xəstəlikləri, mədə-bağırsaq traktının patologiyaları).     

Budəfəki söhbətimizdə sağlamlığının memarı olmağa çalışan qadınlarımıza fibromiomaların əlamətlərindən söz açdıq. Kaş ki, bu əlamətləri yadda saxlayıb, tövsiyələrimizə əməl edən olsun. Əminik: yaşından, peşəsindən asılı olmayaraq bütün qadınlar şux həyat yoldaşı və sağlam ana olmağı istəyir. Amma eyni zamanda ailəsi üçün canını fəda edir, sağlamlığını heçə sayır. Ah, qadınlar, qadınlar... Belə etməyin. Özünüzə yaxşı baxın ki, ailənizi də xoşbəxt edə biləsiniz. Hə, darıxmayın. Növbəti söhbətimizdə fibromiomaların müayinə və müalicəsindən danışacağıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu