Bu gündən etibarən Gənclər üçün Təhsil Mərkəzi ölkəmizdə fəaliyyət göstərən əksər ali məktəblərdə silsilə görüşlərin keçirilməsinə start verib.
Əsas məqsədi Mərkəzin 10 illik fəaliyyəti barədə tələbələri məlumatlandırmaq və təklif etdiyi xidmətlərlə tanış etmək olan silsilə görüşlərin növbəti ilin iyun ayına qədər davam etməsi planlaşdırılır.
Mərkəzdən Modern.az-a bildirilib ki, bu gün ilk görüş Əmək və Sosial Münasibətlər Akademiyasında olub. Mərkəzin ictimaiyyətlə əlaqələr bölməsinin məsul əməkdaşı Şahin Məhəmmədov görüş iştirakçılarına dolğun məlumatlar verib. Mərkəzin tələbələrlə əməkdaşlıq imkanlarından danışmışdır.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara zəruri informasiya materialları paylanıb.
Qeyd etmək lazımdır ki, Gənclər üçün Təhsil Mərkəzi artıq 5 ildir ki, tələbələrlə bağlı birbaşa proqram və layihələr həyata keçirir. Belə ki, Mərkəz Azərbaycanda ilk dəfə olaraq “Tələbə Qrant Proqramı” vasitəsi ilə tələbə qruplarının layihələrini maliyyələşdirib, ilk və pulsuz paylanan “Tələbə” qəzetini buraxıb, tələbə radiosunun yaradılmasına kömək edib və tələbələrin beynəlxalq təcrübə mübadiləsinə şərait yaradıb.
Modern.az