Zəngin adət-ənənələrə, maddi və mənəvi dəyərlərə malik olan Azərbaycan bölgələrində qadınların bir çoxu vaxtilə məişətdə geniş yayılmış müxtəlif dekorativ-tətbiqi sənət növləri hazırlanması ilə məşğul olublar. Bu sənət növləri isə xalqımızın geyimindən tutmuş müxtəlif məişət və təsərrüfat məmulatları, bəzək əşyalarına qədər böyük bir sahəni əhatə edib.
İşğal olunmuş bölgələrimizdə də yaşamış qadınlar daim məişət səviyyəsində toxuma, tikmə, naxışvurma, zərif əl işləmələri, xalçaçılıq və sair tətbiqi sənət növlərini yaşatmaqla həm də xalq sənətkarlığı nümunələrinin zənginləşməsinə təsir göstəriblər. Vaxtilə işğal olunmuş bölgələrimizdən olan ustaların məişət şəraitində hazırladıqları əl işləri yerli və beynəlxalq sərgi və muzeylərin ekspozisiyasını bəzəyib. Xalq yaradıcılığının tarixi, etnoqrafik, bədii və estetik xüsusiyyətlərini özündə əks etdirən bu sənət növləri nəsildən-nəsilə ötürülməklə ən qədim çağlardan bu günədək gəlib çatıb. Yeri gəlmişkən, əl əməyilə məşğul olmaqla həmin qadınlar ərsəyə gətirdikləri məmulatlar hesabına həm də müəyyən qazanc əldə ediblər.
Lakin 1993-cü ildən sonra ahıl qaçqın-köçkün qadınlar məskunlaşdıqları şəraitə uyğun olaraq məşğuliyyətlərini də dəyişməyə məcbur olublar. Bu qadınların tədricən xalq sənətkarlığından uzaqlaşması, eyni zamanda milli xüsusiyyətləri özündə əks etdirən, etnik çalarlarla zəngin sənət növlərini gənc nəsilə ötürə bilməmələri həmin sənətlərin tədricən itib-batmasına səbəb olur. Onu da qeyd etmək lazımdır ki, əl əməyilə məşğuliyyət imkanının məhdudluğu həmin qadınları müəyyən qazancdan da məhrum edib.
«Ayna» Qaçqın və Məcburi Köçkün Qadınlar İctimai Birliyinin ayrı-ayrı regionlarda məskunlaşan ahıl qaçqın-köçkün qadınlarla bağlı apardığı monitorinq göstərib ki, həmin insanlar arasında milli dekorativ-tətbiqi sənətlə məşğul olmağa, onu yaşatmağa təşəbbüs, həvəs və istək var, amma imkan və şərait yoxdur.
Belə təşəbbüslərə maddi və mənəvi dəstəyi çox vacib hesab edəb “Ayna” Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə unudulmaqda sənət nümunələri təbliğ olunmasına dair layihə həyata keçrir.
İctimai Birlik hesab edir ki, həmin sənətin biliciləri olan ahıl yaşlı qadınlar dünyadan köçəndən sonra milli-mənəvi xüsusiyyətləri əks etdirən tətbiqi sənət növlərini bölgə sakinləri arasında yenidən bərpa etmək çətin olacaq.
Bu layihənin gerçəkləşdirilməsində əsas məqsəd müxtəlif regionlarda məskunlaşmış yaşlı məcburi köçkün qadınları cəmiyyətə inteqrasiya etmək, həm də işğal olunmuş bölgələrin zərif cinsdən olan sakinləri arasında tikmə, toxuma, naxışvurma sahəsində formalaşmış qədim məktəbləri qoruyub saxlamağa, milli adət-ənənələri yaşatmağa nail olmaqdır.
Üç ay davam edəcək lLayihə ahıl qaçqın-köçkün qadınların cəmiyyətdən təcrid olunmasına yol verməmək, onları müvəqqəti əməyə cəlb etmək, təcrübələrinin ictimaiyyət üçün gərəkli olduğuna inandırmaq, bu insanların təşəbbüslərini dəstəkləmək, milli dekorativ sənət nümunələrini toplamaqdır.
Modern.az