Modern.az saytı “Bir kəndin məşhurları” rubrikasından bu dəfə Məhəmməd Əmin Rəsulzadənin kəndi kimi tanınan Novxanının tanınmışlarından bəhs edəcək. Bu kənd xeyli dövlət xadimi, nazir, azərbaycançılıq ideologiyasının əsasını qoymuş şəxslər yetirib.
Kəndin tarixi
Qaynaqlara görə, hələ 500 il əvvəl indiki Novxanıdan bir qədər aralı, Binəqədi duz gölünün xəzrisində Siyan adlı kənd olub. “Siyan” sözü “yanmaq” sözü ilə bağlı olub. “Sis”, “his”, “tüstü” sözünün deformasiyaya uğramış variantı kimi yozulur, “hisyandıran” kimi mənalandırılır.
Bu kənd XVII əsrin ortalarından dəniz suyunun artması (bəzi mənbələrdə güclü zəlzələ) nəticəsində batıb, əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşıb. Bu kənddə tikilən yeni evlərə “təzə evlər” adı verilib ki, sonralar kənd bütövlükdə Novxanı adlandırılıb.
Ən məşhur novxanılılar
Novxanı həm keçmişdə, həm də indi Azərbaycan miqyasında tanınan bir çox dəyərli şəxslər yetişdirib. Amma elələri var ki, həmin şəxsləri az qala dünyanın yarısı tanıyır. Bu cərgəyə ilk adı yazılası şəxs isə təbii ki, Məhəmməd Əmin Rəsulzadədir. Azərbaycan dövlətçiliyinin banisi, Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyan Rəsulzadə Azərbaycan tarixinin ən fenomenal şəxslərindən sayılır. O, 1884-cü il yanvarın 31-də bu kənddə anadan olub. Atası Axund Ələkbər Rəsulzadə kəndin hörmətli din xadimlərindən idi. Rəsulzadənin Novxanıda yaşadığı ev bu gün də durur. Onun mühacirətə getməsindən sonra ailəsi bir müddət ora sığınıb. Lakin amansız repressiya nəticəsində onlar həmin evdən çıxaraq hərəsi bir tərəfə sürgün olunub. Təbii ki, Məhəmməd Əmin haqqında nə qədər desən danışmaq olar. Amma yazının istiqaməti Novxanıya yönəlik olduğu üçün Rəsulzadənin bu kəndin yetişdirmələri sayılacaq qohumlarına da nəzər salaq.
Məhəmmədəli Rəsulzadə Məhəmməd Əminin əmisi oğludur. 1882-ci ildə Novxanıda anadan olub. AXC-in qurulmasında ən çox əməyi olanlardan biri də odur. Uzun müddət parlamentin üzvü olub. Dövrü mətbuatda da mütəmadi çıxış edib.
Ümmügülsüm - Məhəmməd Əminin əmisi qızıdır. Şairənin çox nakam ömür yolu olub. Gənc yaşından azadlıq ruhlu şeirlər yazaraq ətrafda tanınmağa başlayıb və bir çox mətbu orqanlarda çıxış edib. Qeyd edək ki,Onun bacısı Ümmülbanu Rəsulzadənin həyat yoldaşıdır. Şairə 1937-ci ildə həyat yoldaşı ilə bərabər repressiya qurbanı olub.
Onun həyat yoldaşı da bu kəndin Azərbaycan üçün yetişdirdiyi böyük şəxsiyyətlərdən olub. O da 1937-ci ilin qanlı terroruna məruz qalıb. Buna baxmayaraq, o qədər də uzun olmayan ömründə Azərbaycan ədəbi tənqidi, publisistikası və nəsri üçün böyük işlər görüb. Bu şəxs məşhur Seyid Hüseyndir.
Bu ailədə dünyaya göz açan məşhur sima xalq rəssamı Oqtay Sadıqzadəni də Novxanının Azərbaycana hədiyyəsi kimi göstərə bilərik. Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə 1921-ci ildə Novxanıda anadan olub. Rəssamlıqda bir çox orijinallıqların müəllifidir.
Novxanının bir yetirməsi də 1918-ci ildə bu kənddə anadan olan məşhur partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədir. “Mixaylo” haqqında isə danışmağa o qədər də ehtiyac yoxdur. Təkcə onun adını çəkməklə bu kəndə əlavə dəyər qatmaq olar.
Amma dəyər qatma bacarığı olan tək o deyil. Rəsulzadənin silahdaşı Mirzəbala Məmmədzadə də kənd üçün əlavə fəxrdir. “Milli Azadlıq Hərəkatı” adlı bənzərsiz əsərin müəllifi bu şəxsdir.
Onunla eyni dövrdə yaşayan və daha çox realist məktəbə yönəlik şəxs, böyük rəssam Əzim Əzimzadə də Novxanıdandır. “Molla Nəsrəddin” jurnalındakı fəaliyyəti ilə Azərbaycan satirik rəssamlığının əsasını qoyub.
Novxanının ictimai-siyasi xadimləri
Süleyman Rüstəm - Azərbaycanın xalq şairi olan Süleyman Rüstəm həm də ictimai-siyasi fəaliyyəti ilə də seçilib. Bir sıra vəzifələrdə çalışandan sonra Azərbaycan Ali Məclisinin sədri olub. 1906-cı ildə bu kənddə anadan olub.
Qəzənfər Məmmədov - Süleyman Rüstəmlə eyni ildə anadan olub. Mərkəzi Komitənin katibi işləyib.
Sabit Orucov - Bir zamanlar bütün novxanılıların fəxr etdiyi bu şəxs, professor olmaqla yanaşı, həm də 1972-1981-ci illərdə SSRİ qaz sənayesi naziri vəzifəsində çalışıb.
Cəfər Vəliyev - 1978-1987-ci illərdə Azərbaycan SSRİ-nin daxili işlər naziri işləyib. General-leytenant Novxanının ən yüksək rütbəli hərbiçisidir. O, sonralar Mərkəzi Seçki Komissiyasının sədri işləyib.
Nəbibə Həsənova – Bu xanım SSRİ-nin ən cavan yaşlı naziri olub. Novxanıda dünyaya göz açan Nəbibə Həsənova 29 yaşında Azərbaycanın təsərrüfat və məişət naziri olub.
Hüseyn Zeynalov - 1925-ci ildə Novxanıda anadan olub. 1974-78-ci illərdə Azərbaycan SSRİ-nin ticarət naziri çalışıb.
Cavid Nəcəfov - 1929-cu ildə anadan olub. SSRİ Kənd Təsərrüfatı Birliyinin Zaqafqaziya şöbəsinin rəisi vəzifəsində çalışıb.
Nadir Balakişiyev - 1962-ci ildən Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi, 1971-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici turizm idarəsinin rəisi işləyib.
Elm xadimləri
Novxanıda elm xadimləri deyərkən əsasən iki ailə yada düşür. Bunlardan biri Balakişiyevlər, o biri isə Səfərovlar ailəsidir. Balakişiyevlərin 5 üzvü - Kamil, Nadir, Fəxrəndə, Böyükxanım və Fikriyyə Balakişiyevlər Azərbaycanın elm tarixində önəmli yeri olan insanlardır.
Kamil Balakişiyev - Azərbaycan tibbində elmi anatomiyanın əsasını qoyub. Qızı Fəxrəndə Balakişiyeva da onun yolu ilə gedib və tibb elmləri üzrə professor olub. Fikriyyə Balakişiyeva da tibb üzrə ixtisaslaşıb. Lakin onun sahəsi dermatologiya olub. Təkcə Böyükxanım Balakişiyeva kimya üzrə professor olub. Neft-qaz yataqlarının bir çoxunun istismara verilməsində onun da əməyi var.
Səfərovlar ailəsindən isə Səfər Səfərov, Kəbutər Səfərov, Çimnaz Səfərova, Ramiz Səfərovları misal göstərmək olar. Bu şəxslər elmin ayrı-ayrı sahələrində uğur qazanıblar. Kəbutər Səfərov Azərbaycanda baytarlığın əsasını qoyan şəxslərdəndir.
Novxanıdan çıxan başqa professorlardan bunların adlarını çəkmək olar -Ağaməmməd Abdullayev, Nəsirulla Babayev, Ağababa Dadaşov, Elmira Fərəcullayeva, Məmmədağa Tərlanov, Bəxtiyar Məmmədzadə, Mehdi Kazımov, Mürsəl Nəcəfov.
Mədəniyyət xadimləri
Sənətşünaslıq üzrə professor Mürsəl Nəcəfov Azərbaycan mədəniyyətinin elmi istiqamətdə irəliləməsində çox böyük işlər görüb. Keçmiş SSRİ səviyyəsində tanınan novxanılı Azərbaycan Rəssamlar İttifaqının sədri olub.
Xalq artisti olan bəstəkarlar Aqşin Əlizadə və Sərdar Fərəcov da Novxanı torpağının yetişdirmələridir.
Başqa xalq artistləri rejissor Məhərrəm Bədirzadə, aktyor Ramiz Məlik də kəndin sayılan-seçilən şəxsləridir. Məşhur parapsixoloq Tofiq Dadaşov, klarnet ifaçısı Hacı Həmidoğlu, rejissor Nazim Zeynalov, rəqqas Kamil Dadaşov da Novxanıdandır.
Rəssamlara arasında da Novxanıdan olan tanınmışlar az deyil. Adlarını çəkdiyimiz Əzim Əzimzadə və Oqtay Sadıqzadədən başqa bir çox məşhur rəssamlar bu kənddə doğulub, böyüyüblər, yaxud əslən buradandırlar. Onlara misal olaraq Rəsulzadənin nəvəsi Rəis Rəsulzadəni, Toğrul Sadıqzadəni, Daxud Kazımovun adlarını çəkə bilərik. Novxanının başqa tanınmış rəssamları isə bunlardır: Nazim Bəykişiyev, Bədurə Əfqanlı, Altay Hacıyev, Ağarəhim Əliyev və başqaları...
Elmin NURİ