Modern.az

Müxalifətdən Rəsul Quliyevə CAVAB

Müxalifətdən Rəsul Quliyevə CAVAB

Qarabağ

4 Dekabr 2015, 13:52


Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev müxalifətin vəziyyətini şərh edib.   O, Modern.az-a müsahibəsində bildirib ki, biz əgər demokratiya, hüquq bərabərliyi yolunu seçiriksə, o zaman ölkədə normal müxalifətin olması əsas şərtdir.

“Ümumiyyətlə, güclü müxalifətsiz inkişaf ola bilməz. Respublikada ölkə maraqlarını meyar kimi qəbul edən müxalifətin olması vacibdir.

Rəsul Quliyevin fikrincə, indiki müxalifət liderlərinin yerlərini daha cavan nəslə verməsi fikri mənasızdır:

“Onlar yerlərini heç kimə vermədən, sadəcə, istefa verib getməlidirlər. Hökumət iki il bundan əvvəlkinə nisbətən, bu gün normal müxalifətin olmasında maraqlıdır. Ona görə onların meydanı tərk etməsi və yerlərini gənclərə verməsi üçün hansısa addımlar atılmalıdır. Məsələn, onlara pensiya kəsilməli, lazımi təminat verilməlidir, belə olarsa, əminəm ki, bu proses daha da sürətlənər və yeni nəsil müxalifətdə öz yerini tapa bilər ”.  

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında bildirib ki, demokratik cəmiyyətdə normal müxalifətin formalaşmasını istəmək təbii və arzuolunandır:

“Düşünürəm ki, müxalif partiyalar ictimai-siyasi prosesdə müəyyən qanunauyğunluqlar çərçivəsində, normal şəraitdə öz işini davam etdirməlidir”.   Sərdar Cəlaloğlu Rəsul Quliyevin “müxalifət liderlərinə pensiya kəsilməlidir ” fikrinə də münasibət bildirib.  

Onun sözlərinə görə, müxalifət liderlərinin səhnəni tərk etməsi və yerini gənc nəslə verməsi bir qədər çətin məsələdir: “İlk növbədə ona görə ki, hazırda gənc nəslin nümayəndələrinin siyasi arenada hər hansı fəallığı nəzərə çarpmır. Görülən bütün işlər yaşlı hesab olunan müxalifət üzvlərinin səylərinin nəticəsidir. Digər tərəfdən, müxalifət liderlərinin istefa verərək geri çəkilməsi məsələdən çıxış yolu deyil.

Ölkədə normal müxalifət formalaşdırmaq istəyiriksə, bu, gənclərin deyil, yaşlı hesab olunan müxalifət liderlərinin yardımı ilə ola bilər ”.  

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə deyib ki, demokratik cəmiyyətdə normal, ölkə maraqlarını meyar kimi qəbul edən müxalifətin formalaşması üçün demokratik mühit olmalıdır:

“Ölkədə real, demokratik mühit olmalıdır ki, yeni gənc nəsil formalaşsın. Müxalifət partiyalarının əksəriyyətində gənclərə siyasi meydanda formalaşması üçün kifayət qədər yer verilmir.

Bu gün müxalifət partiyalarının fəaliyyəti ilə bağlı çox ciddi problemlər var. Əgər doğrudan da ölkədə normal, demokratik mühit olarsa, müxalifət partiyaları həqiqətən də ölkənin siyasi həyatına təsir etmək imkanlarına malik olarlarsa və normal fəaliyyət imkanları qazanarlarsa, o zaman hesab edirəm ki, Azərbaycan cəmiyyətində kifayət qədər irəli çıxmağa şansı ola biləcək gənclərimiz var.

Sadəcə olaraq, süni olaraq liderlərin geri çəkilərək meydanı gənclərə verməsi ilə gənclərin nəyəsə nail olması inandırıcı görünmür ”.    

Vüsalə Qəzənfərqızı  


 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu