Modern.az

Naqif, bizim babamız Heydər Əliyevdir

Naqif, bizim babamız Heydər Əliyevdir

4 Dekabr 2015, 22:04


Mahir Qabiloğlu

Mən deputat olmaq istəyirdim. Yaxşı ki, olmamışam. A-zad-lıq. Bax əsas məsələ budur. Yeyib-içmək məclisində Azərbaycanda Sovet Hakimiyyətinin banisi Nəriman Nərimanovu söysəm, deməyəcəklər “siyasətçi bu cür siyasi səhvə yol verməz”. Deyəcəklər ki, “araq geydirməymiş”. Bir qızla küçədə tutsalar, deməyəcəklər “millət vəkili əxlaqsız qadınla oturub-durmaz”. Sadəcə deyəcəklər ki, “kişinin oğlu bazlıq edir”. Dəm vəziyyətdə küçədə ləngər vursam, deməyəcəklər “deputat alkaşlıq edir”. Deyəcəklər ki, “yeyib-içən oğlandır”.

HAŞİYƏ: Sovet dövründə bir İvanı Kommunist Partiyasının sıralarına qəbul edirlər. Partkomissiyada son suallardan biri də bu olur ki, bəs “araq içirsənmi?”. Cavab verir ki, “hə”. Ona deyirlər ki, “bax a... kommunist olandan sonra araq içmək qadağandır”. O da “Baş üstə” deyib kirimişcə durur. Növbəti sual belə olur: “Siqaret çəkirsən?”. O da “bəli, çəkirəm” cavabı verir. Partkomissiyanın üzvləri ona xəbərdarlıq edirlər ki, bəs “siqaret çəkmək də olmaz. Kommunist digərlərinə nümunə olmalıdır”. O da “Baş üstə” deyib, kirimişcə durur. Axırıncı sual da bu olur ki, bəs “bazlıq edirsən?”. Namizəd bu sualı da “Bəli, edirəm” cavablandırır. “Kommunist olandan sonra bu əyləncənə də yox deməlisən” tələbinə İvan razılıq verir. Beləliklə bütün partkomissiya üzvləri əllərini qaldırıb, İvanın partiya sıralarına qəbuluna  yekdilliklə səs verirlər. Partiya biletinin təqdimatında İvan sanki ayılır. Bileti cırıq-cırıq edib yerə çırpır və “tüpürüm bu partiyaya ki, mən nə araq içə, nə siqaret çəkə, nə də bazlıq edə biləcəyəm. Day niyə yaşayıram ki?” deyərək üzünü çevirib gedir. (SON)

Birdən DYP məni sərxoş vəziyyətdə sükan arxasında tutdu. Mən də onlar üçün “Mahir piyandır, şapkası yandır” mahnısı oxuyarkən jurnalist lentə aldı. Deputat olsam, saytların mənfi qəhrəmanına çevriləcəyəm. Amma indi belə olsa “halal olsun, atası kimi əhlikefdir. Ot kökü üstə bitər” deyərək, böyük hörmətlə yola salacaqlar.

Odur ki, əsas, azadlıqdır. Bir də ki, həyatda kiminsə yerinə keçməmək. Çünki “GÖZ” pis şeydir. İndi oxucularım mənim belə danışdığımı görüb sual edə bilərlər ki, “Ay Mahir, bəs onda “Deputat olmaq istəyirəm – bir çağırış” yazısı yazmışdın a... Nədi, indi yazdığını danırsan?”. Əsla. Deputat olacağam. Hökmən olacağam. Özü də bir çağırış. Yüksək pensiya təminatımı ömürlük həll etmək üçün. Amma indi yox. Niyə indi “yox?”. Çünki deputatlıq da Həccə getmək kimi müqəddəs bir missiyadır. Gərək boynuna düşə. Birinci növbədə qocalıb, əldən düşməlisən. Konservator olmalısan. Elə xəstəliklər tapmalısan ki, araq içə bilməyəsən, siqaret çəkməyəsən. Bazlıq eləmək istəyəsən, amma ki...

HAŞİYƏ: Günlərin bir günü kənddə iki qonşu arvad dava edir. Davanın qızğın yerində ərlər də işdən qayıdır. Başlayırlar arvadlarına qahmar çıxmağa. Adı Alış olan kişi qonşunun arvadına:

- Aaz, kəs səsini. Gəlib səni ...... (o söz).

Bunu eşidən öz arvadı onun üzünə məəttəl-məəttəl baxaraq:

- Alış, nəynən? (SON)

... “Alış, nəynən?” sualıyla qarşı-qarşıya qalasan. Bax onda namizədliyimi irəli sürəcəm. Bax onda – Abdulla Şaiqin “Tülkü Həccə gedir” hekayəsini əzbər bilən – seçicinin  də mənə yazığı gələcək. Hamısı da olmasa, heç olmasa 51 faizi səsini mənə fəda edəcək. İndi isə lap çaşbaş qalmışam. Adam da 25-30 yaşında deputat olar? Olmaq istəyirsənsə, onda gərək araq içməyəsən, siqaret çəkməyəsən, bazlıq eləməyəsən. Hətta evinin içindəki tualetə də “qluşitel” qoymalısan ki, birdən pis səs çıxardarsan. Jurnalistlər də eşidib “bu necə deputatdır ki, ekologiyanı pozur” deyərək, səni hoydu-hoyduya götürməsinlər. Vallah-billah çətin şeydir indiki dövrdə deputat olmaq. Özü də ki, son illərin təcrübəsi onu deməyə əsas verir ki, əsl deputat qızılı daha çox sevməlidir. Əgər sevməsə, başı ağrıya bilər. Çünki danışmamaq qızıldır, danışmağa isə indi  heç gümüş də vermirlər.

Əsl deputat evlənməməlidir. Çünki özünü yaxşı aparsa belə, ailə üzvləri qatıqlaya bilər. Amma ağzına su alıb otura da bilməz. Hərdən “Can, can, can Azərbaycan” mahnısı oxusa, bəs edər. Çünki vətənpərvər deputata heç kim güldən artıq söz deyə bilməz.  Birdən danışmaq istəsə bəs necə olsun? Onun da çarəsi  var.

HAŞİYƏ: Makedoniyalı İsgəndərin buynuzu çıxır. Dərdini isə heç kimə deyə bilmir. Axırda bir quyu qazır. Və başlayır quyuya yavaş-yavaş deməyə ki, “İsgəndərin buynuzu var, buynuzu...”. Sonra da quyunun üstünü torpaqla örtür. Bir az rahatlıq tapır. Amma bir müddətdən sonra şəhər meydanından “İsgəndərin buynuzu var, buynuzu” sədaları gəlir. Sonradan aydın olur ki, demə bu quyudan bir qarğı çıxıb. Kimsə də bu qarğını qoparıb ondan tütək düzəldib. Tütəyi də üfləyəndə başlayıb “İsgəndərin buynuzu var, buynuzu” sədaları çıxarmağa. (SON)


İndi Naqif Həmzəyev də gedib bir quyu qazmalıdır. Neftlə çirklənmiş Bakı ərazisində. Ki, qamış nədir, heç ot da çıxmasın. Və başlamalıdır, nə başlamalıdır. “Məhəmməd Əmin pisdir. Vallah pisdir. Məhəmməd Əmindən zəhləm gedir. Məhəmməd Əmin xaindir. Onu görən gözüm yoxdur. Ailəsinə yiyə durmayıb...” və sairə, ilaxır. Onu da əlavə etməlidir ki, Məhəmməd Əmin o vaxt Stalini ölümdən qurtarmasaydı repressiyalar, qanlı-qadalı müharibələr olmayacaqdı.  Sonra isə özünü sığortalamalıdır. Hər iclasda sözünün əvvəli də, axırı da “Məhəmməd Əmin babam demişkən “Bir kərə yüksələn bayraq, bir daha enməz!”” deyə hayqırmalıdır. YAP üzvü olmağını yaddan çıxartmamaq şərtiylə. Bir də ki, Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin 50 cildliyinin çapına sponsorluq eləməlidir. Hər ehtimala qarşı. Birdən möcüzə baş verər, nə vaxtsa quyudan çıxan qamışlardan zurna düzəltsələr və bu zurnalar da etdiklərinin əksini desə... Bax, onda heç kim inanmayacaq. Hamılıqla müdafiəsinə qalxacaqlar ki, bəs zurnadan çıxan səs montajdır. Gəncənin yenidən seçilə bilməyən köhnə deputatının təxribatıdır. Bax bu qədər sadə. Naqif Həmzəyev, amma nəbadə ifrata varasan a...

HAŞİYƏ: Sovet vaxtı bir səriştəsiz adamı, indiki dildə desək “çoban”ı aparıb qoyurlar raykoma 1-ci katib. Müasir dildə desək, icra başçısı. Oktyabr inqilabının 40-cı ildönümü münasibətilə keçirilən iclasda ideologiya üzrə 3-cü katib böyük məruzəylə çıxış edir. O vaxt da hər iclasın sonu şüarlarla bitirdi. Şüarlardan biri də belə olur: “Lenin ölüb, amma ideyaları yaşayır!”. Bu sözdən kövrələn 1-ci katib, göz yaşlarını silə-silə nə desə yaxşıdır: “Təki ideyaları öləydi, amma özü sağ qalaydı”. (SON)

İndi, Naqif, sən də iclaslardan birində belə şüar eşitsən, təsirlənmə. Çünki yanında oturanların əksəriyyəti Məhəmməd Əmin Rəsulzadəni çox da yaxşı tanımır. (Akademik Yaqub Mahmudovdan başqa. Vaxtın olsa, 14 oktyabr 2014-cü ildə çap etdirdiyi “Tarix İnstitutu İrəvanın ermənilərə verilməsiylə bağlı maraqlı faktlar aşkarladı” yazısını oxu. Mənim “Bir millət, üç dövlət” yazımı da...)

 


“Bir kərə yüksələn bayraq bir daha enməz!”, yaxud da ki, vəfat edərkən üç dəfə təkrar edib gözünü yumduğu “Azərbaycan, Azərbaycan, Azərbaycan!” kəlməsindən başqa heç nə bilmirlər. Hə, bir də prezident Heydər Əliyevin onun haqqında söz dediyi videoyaya baxıblar. Prezident İlham Əliyevin imzaladığı sərəncamı oxuyublar. Vəssalam-şüttəmam.

Bir də ki, ehtiyatlı ol. O qədər destruktiv və qızışdırıcı qüvvələr var ki... Birdən sənə dil verərlər ki, “bəs niyə BDU-nun üstündən adının götürülməsi, həyətində heykəlinin ucadılmaması, milli valyutadan şəklinin silinməsi, universitetin 3-cü mərtəbəsində büstünün yoxa çıxması heç kimin yadına düşmür. Amma sənin çayxana söhbətin gözlərinə girdi?”. Belə provokasiyalara uyma. Dilinə də gətirmə.  Mən deyəndə təbii alınır. Sən desən siyasi səhv. Çünki mən azadam, sən isə deputat. Ümumiyyətlə isə bütün bu dediklərimi boş ver. Bizim babamız Heydər Əliyevdir.

Deyirəm ki, bu 10 il də tez keçəydi. Yəqin 10 ilə azadlıqdan bezərəm. 59 yaşımda deputat olub, 64-də rahat pensiyaya çıxsaydım, heç dərdim olmazdı. Deputat kimi ölsəm də olar. İkinci Fəxri Xiyabanda basdırılardım. Niyə 1-cidə yox? Çünki atam o dünyadan yazdığı məktublardan birində etiraf etdi ki, 2-cinin havası 1-ci Fəxri Xiyabanın havasından çox təmizdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu