Son illər Azərbaycanın cəzaçəkmə müəssisələrində aparılan əməliyyat-axtarışlar zamanı məhbuslara narkotik vasitələrin ötürülməsi ilə bağlı xeyli faktlar aşkarlanıb.
Müşahidələrimiz əsasında deyə bilərik ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin indiki rəisi, general-leytenant Mədət Quliyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi olduğu dövrdə bu cür halların qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilirdi. Həmin dövrdə həftədə bir neçə dəfə həbsxanalara narkotik keçirilməsinə cəhdlə bağlı xəbərlər də yayılırdı. Onun yeni vəzifəyə təyinatından sonra kütləvi informasiya vasitələrində demək olar bu haqda heç bir məlumata rast gəlinmir.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Modern.az saytına açıqlamasında bir neçə il bundan öncəyə qədər bəzi cəzaçəkmə müəssisələrində narkotik maddələrin gizli dövriyyəsinin geniş vüsət aldığını təsdiqləyib. O, bildirib ki, aparılan genişmiqyaslı tədbirlərin nəticəsi olaraq çoxsaylı cəhdlər nəticəsiz qalıb:
“Narkotik vasitələrin dövriyyəsi, eləcə də cəzaçəkmə müəssisələrinə qanunsuz yollarla keçirilməsinə cəhd edən şəxslərə qarşı cinayət işi açılır. Bəzən ağlımıza gəlməyəcək üsul və vasitələrlə buna ciddi cəhd edilir. Son zamanlar kişilərlə bərabər, qadınlar da müxtəlif şəkildə cəzaçəkmə müəssisələrinə narkotik vasitələrinin keçirilməsinə çalışırlar. Lakin xüsusi nəzarət vasitəsilə bu kimi hallar aşkarlanaraq qarşısı alınır. İstər əməliyyat-axtarış tədbirləri, istərsə də nəzarətçilərin diqqətli olması belə halların qarşısının alınmasında xüsusi rol oynayır”.
Əliməmməd Nuriyev istər nazirlik, istərsə də onun müvafiq strukturları, o cümlədən, Penitensiar Xidmət, yaxud cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən bu məsələnin daim diqqətdə saxlandığı və qarşısının alınması üçün müvafiq tədbirlər görüldüyünü bildirib.
Onun sözlərinə görə, bu gün qanunsuz şəkildə narkotik maddələrin cəzaçəkmə müəssisələrinə keçirilməsi hallarının sayı kəskin azalıb: “Demək olar ki, bu gün cəzaçəkmə müəssisələrində narkotik maddələrin daxildə dövriyyəsi ilə bağlı hər hansı ciddi fakt aşkarlanmayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri və görülən bir sıra tədbirlər bunu söyləməyə əsas verir. Düşünürəm ki, bu sistem öz işini olduğu kimi davam etdirəcək.
Çünki istər nazirlik, istər Penitensiar Xidmət, istərsə də cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən prosesə ciddi nəzarət edilir, belə halların qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda, onu da qeyd edim ki, ümumi cəzaçəkmə müəssisələrinə rəhbərlik edən rəislərin peşəkarlığı da bu prosesdə xüsusi rol oynayır. Penitensiar Xidmətin özündə də bu halların qarşısının alınması ilə bağlı nizamlı tədbirlər sistemi mövcuddur. Düşünürəm ki, narkotik maddələrin hər hansı formada, istər daxildə dövriyyəsi, istərsə də kənardan daxil edilməsinin qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirilir.
Amma bu ona əsas vermir ki, prosesə nəzarət zəifləsin. Əməliyyat-axtarış istiqamətində tədbirlər davam etdirilməlidir. Çünki məhz bunun nəticəsində belə halların qarşısını almaq mümkündür. Cəzaçəkmə müəssisələrində, narkotikin insanlara nə dərəcədə ziyan vura biləcəyi ilə bağlı maarifləndirmə aparılmalı, narkotik aludəçisi olanların müalicəsi ilə bağlı tədbirlər həyata keçirilməlidir ”.
Əliməmməd Nuriyev qanunvericilikdə narkotik maddələrin gəzdirilmə və saxlanması ilə bağlı müvafiq normaların olduğunu da deyib:
“Hər hansı bir şəxs cəzaçəkmə müəssisəsinə gizli yollarla narkotik keçirməyə çalışarsa, onun haqqında cinayət işi açılacaq. Bu zaman diqqət edilməli digər vacib məsələ narkotikin həbsxanalara necə daxil olmasıdır. Onu da deyim ki, belə hal müşahidə edilərsə, həm narkotik maddəni keçirən, həm də onu sifariş edən şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ümumiyyətlə, bu məsələdə cəzaçəkmə müəssisələrindəki yoxlama-buraxılış rejiminin üzərinə xeyli məsuliyyət düşür ”.
Qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və göndərmə kimi cinayət əməli Cinayət Məcəlləsinin 234-cü maddəsində 7 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulur.
Vüsalə QƏZƏNFƏRQIZI