Azərbaycanın Latviyadakı keçmiş səfiri, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov tanınmış jurnalist Eynulla Fətullayevə müsahibə verib. Keçmiş diplomat Xarici İşlər Nazirliyində (XİN) baş verən hadisələri şərh edib.
“Başa düşmək lazımdır ki, XİN-in avtoriteti toxunulmaz olmalıdır. Çünki bu nazirlik milli və dövlət maraqlarını qoruyur. XİN-dəki situasiya ictimaiyyətin müzakirəsinə açıla bilməz. XİN haqda çox danışırlarsa və yazırlarsa, deməli, bu strukturda böhran yetişib. Mən həyatımın xeyli hissəsini bu nazirliyə həsr etmişəm. Müstəqilliyin ilk günlərindən orada işləmişəm, milli maraqların təmin olunması üçün çox enerji sərf etmişəm. Ona görə də indi orada baş verənləri ağrı hissi ilə izləyirəm”,-deyə o bildirib.
Modern.az saytı Tofiq Zülfüqarovun fikirlərinə XİN-dən münasibət öyrənib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin eks-səfirin fikirlərinə reaksiyası belə olub:
“Bu, Tofiq Zülfüqarovun çoxdankı dostu ilə söhbət əsnasında ifadə etdiyi şəxsi mülahizələridir. Biz onun fikirlərini şərh etmirik”.
Tofiq Zülfüqarov ötən ilin noyabrın sonlarında səfir vəzifəsindən geri çağrılıb.
Aqşin Kərimov