Modern.az

YAP Fazil Mustafanın təkliflərini DƏSTƏKLƏMƏDİ

YAP Fazil Mustafanın təkliflərini DƏSTƏKLƏMƏDİ

13 Yanvar 2016, 13:22

 

“Ölkədə 21 dekabr devalvasiyasından sonra yaranmış vəziyyətlə bağlı yaxın günlərdə hakimiyyət rəsmiləri ilə siyasi partiya rəhbərləri arasında mövzu ətrafında dialoq başlamalıdır”. Bu sözləri Böyük Qurtuluş Partyasının başqanı, deputat  Fazil Mustafa bildirib.

Bundan başqa Fazil Mustafa Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinintəşəbbüsü ilə hökumətin iqtisadi blokunun rəhbərləri ilə Samir Əliyev, Azer Mehdiyev, Vüqar Bayramov, Rövşən Ağayev, Qubad İbadoğlu və  digər tanınmış müstəqil iqtisadçıların dialoqunun keçirilməsini də təklif edib.

Yeni Azərbaycan Partiyasının (YAP)  Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında  həmkarı Fazil Mustafanın təkliflərinə münasibət bildirib. Milli Məclis üzvü indiki vəziyyətdə belə bir müzakirə və ya dialoq qrupunun yaranmasına ehtiyac görmədiyini və bunun qanunla Konstitusiyaya da zidd olduğunu deyib:

“İlk öncə mən indiki vəziyyəti gərgin kimi qiymətləndirməzdim. Bu gün dünyanın hər bir nöqtəsində baş verən hadisə Azərbaycanda da baş verir. Amma mən deyərdim ki, biz başqa dövlətlər qədər gərgin vəziyyətdə deyilik. Hökumət tərəfindən müvafiq addımlar atılır.

Ölkə prezidenti də öz mövqeyini bildirir. Həmçinin süni qiymət artımına qarşı mübarizə aparılır. Əmək haqlarının da artırıalması ilə bağlı işlər gedir. Təbii ki, bu cür görüşlərin hər zaman keçirilməsi məqbuldur. İqtidar-müxalifət dialoqu artıq Azərbaycan siyasi mədəniyyətinin tərkib hissəsinə çevrilib. Bu baxımdan görüşlərin keçirilməsi, müəyyən məsələlərin, o cümlədən manatın devalvasiyası ilə bağlı məsələlərin müzakirəsi mümkün olan məsələdir”.

Aydın Mirzəzadə bu görüşlərin nə zaman baş tutacağının dəqiq bilinmədiyini, amma mümkün ola biləcəyini əlavə edib:

“Bu görüşlərin nə zaman keçirilməsi və gündəliyi məsələsi texniki məsələdir. Bizim partiya mövqeyimiz odur ki, bu görüşlərin keçirilməsi mümkün olan bir işdir”.

Aydın Mirzəzadə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə ekspertlərlə görüş məsələsinə də toxunub:

“Bu mümkün olmayan məsələdir. Çünki konstitusiya ilə hökumətin üzərinə qoyulmuş müvafiq səlahiyyətlər var. Hökumət də ona verilən səlahiyyətlərlə məsələləri həll edir. Yəni ölkədə vəziyyət faciəvi deyil, dövlətçiliyimiz sual altında deyil ki, burada hansısa bir xüsusi qrup yaradılsın və bir fikir, beyin mərkəzi fəaliyyət göstərsin.  

Düzdür, adı çəkilən iqtisadçıların ara-sıra iqtisadi porseslərlə bağlı təklifləri, fikirləri olur. Onlar ya ayrı-ayrılıqda ya da ki, birlikdə hansısa təkliflə hökumətə müraciət edə bilərlər. Onlar da nəzərdən keçirilə bilər. Ancaq ki, məxsusi olaraq onların, yəni həmin iqtisadçıların heç bir səlahiyyətlərinin olmadığı indiki dövrdə onlarla hökumətin hansısa bir dialoq qrupunun yaratması konstitusiyaya zidd bir addımdır. 

Əgər iqtidar-müxalifət dialoqu olarsa təbii ki, bu iqtisadçılar da ayrıca bir qrup kimi bu müzakirələrdə və dialoqlarda iştirak edə bilərlər. Amma ki, özləri ilə hökumətin bir qrup yaradıb müzakirə aparması mümkünsüz və qanunvericiliyə ziddir”.  

Ağa Akifoğlu  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza