Ümummilli məsələlərlə bağlı siyasi partiyalar, təşkilatlar çox zaman bir araya gəlib fəaliyyət istiqamətlərini də bir müəyyənləşdirirlər. Müxtəlif adda fəaliyyət göstərmələrinə baxmayaraq, yaranmış situasiyadan çıxış yolunu eyni “çətir” altına toplaşmaqla da həll etmək mümkündür. Çox vaxt birgə müzakirələr və qərarların qəbulu mövcud durumun aradan qaldırılmasını asanlaşdırır.
Manatın ikinci dəfə devalvasiyaya uğraması Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların birləşdirilməsini zəruri edə bilərmi?!Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev bu cür məsələlərdə səyləri birləşdirməyin qənaətbəxş olduğunu düşünür.
“Partiyaların birləşdirilməsinin ölkədəki vəziyyətə, manatın devalvasiyasına heç bir aidiyyatı yoxdur. Xalq Cəbhələrinin yaranma formaları o vaxt ortaya çıxır ki, ölkədə çox ciddi ümummilli problemlər yaranır. O zaman müxtəlif partiyalar Xalq Cəbhəsi altında birləşirlər. 1990-cı illərin əvvəllərində bu metoddan istifadə etmişik. Amma indiki dövrdə ölkədə partiyaların mütləq birləşməsi üçün o cür vəziyyət yoxdur.
Sadəcə, fəaliyyətlərində üzərlərinə düşən işi nəzərə almalı, məsuliyyəti hökumətlə bölüşməli, bir çox sahələrdə başqa partiyalarla əməkdaşlıq etməlidirlər ki, kənar qüvvələr ölkənin daxili işinə nifaq toxumu səpə bilməsin. Düşünürəm ki, hamımız əlimizi eyni daşın altına qoysaq, vəziyyətdən çıxmaq mümkündür. Partiyaların birləşməsi yox, bir çox sahələrdə səyləri birləşdirmək zəruridir”.
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı da heç bir halda partiyaların birləşdirilməsinin tərəfdarı olmadığını deyir.
“Siyasi təşkilatlar cəmiyyətdə bu və ya digər şəkildə gələn proseslərin məntiqinə uyğun öz işini qurur. Lakin yüksəlişlə, durğunluqla, devalvasiya ilə bağlı yaranmış olan müəyyən çətinliklər zamanı öz niyyətini dayandırmaq və yaxud kiminləsə birləşmək kimi bir addım atmalı deyil.
Siyasi təşkilat bütün situasiyalarda özünə hörmət edən, cəmiyyətdə kifayət qədər gücü olan siyasi təşkilatlardır. Bütün məqamlarda, proseslərdə öz dayanıqlığını qoruyub saxlamalı və fəaliyyətini davam etdirməlidir”.
Namidə BİNGÖL