Modern.az

Qaraçı qızın mahnısı - REPORTAJ

Qaraçı qızın mahnısı - REPORTAJ

23 Mart 2013, 11:58

Bu günlərdə metronun “28 may” stansiyasından çıxıb tələsdiyim ünvana doğru gedirdim. Küçələrdən birində tini dönəndə bir neçə qaraçı uşağının əhatəsində düşdüm. Əl çəkmək istəmirdilər, “sən Allah bir çörəkpulu ver!” deyə az qala ciblərimə girəcəkdilər. Qaraçıları özümdən uzaqlaşdırmağa çalışsam da, alınmadı… İstər-istəməz əlimi cibimə atmalı oldum… Nəhayət onlardan canımı qurtardım… Amma jurnalist marağım məni fürsətdən yararlanmağa da məcbur etdi, qaraçılardan yaşadıqları yeri çox dəqiqliklə öyrəndim. Fikirləşdim ki, bir gün yolumu o tərəflərdən salıb reportaj hazırlayaram…

Aradan bir neçə gün keçmişdi… Rusiyanın internet saytlarından birində qaraçılarla bağlı dərc edilən bir məlumat onların Bakı ətrafında məskunlaşdıqları ünvanı yenidən yadıma saldı… Qərarlaşdırdım ki, gedim, görüm söhbətə razı sala biləcəyəmmi…

Amma əvvəlcə bəhs etdiyim məlumat barədə… Bu xəbərə görə, guya, son vaxtlar MDB ölkələrində, o cümlədən Azərbaycanda yaşayan qaraçılar kütləvi şəkildə  məskunlaşdıqları əraziləri tərk etməyə başlayıblar. Sözügedən məlumatda qaraçı köçlərinin Rusiya ərazisinə istiqamətləndiyi bildirilir. Təkcə son bir ildə MDB ölkələrindən 5 min, Azərbaycandan isə 100 qaraçı ailəsinin Rusiyaya köçdüyü qeyd olunur. Bildirilir ki, qaraçılar digər MDB dövlətlərində müxtəlif təzyiqlərə məruz qaldıqları üçün Rusiyaya üz tuturlar. Məlumatdakı  Azərbaycanla bağlı deyilənlərin doğru olub-olmadığını dəqiqləşdirməyə çalışdıq. Lakin əlaqə saxladığımız dövlət orqanları və QHT-lər Azərbaycandan Rusiyaya qaraçı köçünün istiqamətləndiyini təsdiqləmədilər.

Qaraçıların tarixi vətəni

Qaraçılarla bağlı yazıya başladığımdan onların tarixini araşdırmağa çalışdım…
Müasir elmi mənbələrin məlumatına görə, qaraçıların tarixi vətənləri Hindistandır. Eramızın 1-ci minilliyinin sonunda Hindistanı tərk edən qaraçılar əvvəlcə Ön Asiyada oturaq həyat tərzi keçirsələr də, 13-15-ci əsrlərdə bütün dünya ölkələrinə səpələniblər. Dil və mənşə ümumiliyinə malik olan bu etnik qrupun nümayəndələri hazırda oturaq, köçəri və yarımköçəri həyat sürürlər. Hazırda dünyada 2 milyon 620 minə yaxın qaraçı yaşayır. Qaraçılar yaşadıqları ölkənin hakim dinini və yerli mədəniyyətinin bəzi xüsusiyyətlərini qəbul etsələr də onların öz dilləri var. Amma köçəri qaraçıların dilinə yaşadıqları ölkələrdəki xalqların dili mühüm təsir göstərib. Bu gün yalnız Şimali və Cənubi Amerika, Asiya (Suriya və Fələstin) ölkələrində yaşayan qaraçılar əsasən öz dillərində danışırlar. Hazırda  dünya qaraçılarını birləşdirən bir təşkilat da var - Ümumdünya Qaraçı Təşkilatı fəaliyyət göstərir. Bu təşkilat mütamadi olaraq BMT-yə və digər beynəlxalq qurumlara müraciət edərək, qaraçıların hüquqlarının pozulmasından şikayətlənir.

Hitlerin qəzəbi

Yeri gəlmişkən, qaraçılar da yəhudilər kimi II Dünya Müharibəsi zamanı kütləvi şəkildə soyqırımına məruz qalıblar. Nasist Almaniyasının rəhbəri Adolf Hitlerin göstərişilə faşistlər işğal etdikləri ölkələrdə qarşılarına çıxan qaraçıları sorğu-sualsız güllələyiblər. Tarixi mənbələrə görə, Hitlerin «heç kimə və heç nəyə yaramayan xalq» adlandırdığı qaraçılar məhz dilənçiliklərinə və sərgərdan həyat tərzi keçirmələrinə görə, onun qəzəbinə tuş gəliblər. 

MDB-də 262 min qaraçı var

Onlar XVII əsrdə Almaniya və Polşa ərazisindən Rusiyaya oradan da digər keçmiş SSRİ respublikalarına yayılıblar. Bu gün MDB-də 262 mindən çox qaraçı yaşayır. 1926-cı ilin oktyabrında SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə qaraçılar oturaq həyat tərzinə keçməyə məcbur ediliblər. O zaman qaraçıları təhsilə cəlb etmək üçün hətta onlara kiril qrafikası əsasında əlifba da tərtib olunub. Lakin o dövrdə qaraçıların bir qismi kənd təsərrüfatı və sənaye sahəsində işə cəlb olunsalar da, əksəriyyəti köçəri həyat tərzindən əl çəkməyiblər.

Qaraçı mədəniyyəti

Qaraçıların zəngin musiqi yaradıcılığı var. Onlar musiqi emosionallığı, kontrastlığı və improvizasiya xüsusiyyətlərinə görə fərqlənirlər. Dünyada məşhur qaraçı teatrı olan «Romen» 1931-ci ildə Moskvada yaradılıb. Qaraçıların romantik obrazı bədii ədəbiyyatda və bir sıra musiqi əsərlərində də əks olunub. Məsələn, J.Bizenin «Karmen», S.Raxmaninovun «Aleko» operaları, P.Çaykovskinin «Qaraçı qızın mahnısı» romansı, P.Sarasetinin skiripka ilə ifa edilmək üçün yazdığı «Qaraçı havaları» pyesini bu sıraya aid etmək olar. Rusiya kinematoqrafçılarının çəkdiyi «Qaraçı» filmi isə bütün dünyada məşhurdur.

Sovet Azərbaycanı - 1963-cü il

Dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da qaraçı tayfaları yaşayır. 1940-41-ci illərdə keçmiş SSRİ rəhbərliyi Gürcüstanda, Rusiyanın qərb regionlarında yaşayan qaraçıları Qazaxıstan çöllərinə sürgün edib. Uzun müddət Qazaxıstan səhralarında yaşamaq uğrunda mübarizə aparan qaraçıların bir hissəsi aclıqdan və susuzluqdan, eləcə də müxtəlif xəstəliklərdən tələf olub. Böyük Vətən Müharibəsindən sonra sürgündə olan qaraçılara digər respublikalara getmək icazəsi verilib.

1963-cü ildə onların bir qismi Azərbaycana pənah gətirib. O zaman ölkə rəhbərliyinin qərarı ilə köçəri qaraçıları əsasən Yevlax şəhəri ətrafında yerləşdiriblər. Lakin yavaş-yavaş yerli mühitə uyğunlaşan qaraçı tayfaları qısa zamanda digər rayonlara da yayılıblar. İndi onlara Bakı, Sumqayıt, Bərdə, Göyçay, Ağsu, Gəncə və Xaçmazda da rast gəlmək mümkündür. Amma hazırda ölkəmizdə nə qədər qaraçının yaşadığı barədə dövlət orqanlarında dəqiq məlumat yoxdur.
Dövlət Statistika Komitəsində və Daxili İşlər Hazirliyində bu haqda məlumat yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, sonuncu siyahıya almada əhalinin milli tərkibi üzrə göstəricilərdə qaraçılarla bağlı bölmə yoxdur.

Araşdırmamız zamanı məlum oldu ki, onların bir qismi hələ də nə vətəndaşlıq alıb, nə də pasport qeydiyyatına düşüb. Lakin əvvəllər köçəri həyat tərzi keçirən qaraçılar son illər yaşadıqları rayonlarda daimi məskunlaşmağa başlayıblar. hətta onlardan bir qisminin daimi yaşamaq üçün mülkləri və iş yerləri də var. Uzun illərdir Azərbaycanda yaşayan qaraçı tayfaları bəzi adət-ənənələrini qoruyub saxlasalar da, müəyyən qədər assimlyasiyaya uğrayıblar.

Diplomlu qaraçı


Yuxarıda qaraçı uşaqlarından yaşadıqları ünvanı aldığımı qeyd etmişdim… Beləcə qollandım ora. Qaraçı tayfalarının Bakı və şəhərərafı ərazilərdə məskunlaşdıqları yerlər varmış. Belə yerlərdən biri Bakının Biləcəri qəsəbəsi ərazisindədir.
Qaraçı tayfasının məskunlaşdığı məhəllədə onları söhbətə razı salmaq çox çətin oldu…
Buradakı gecəqondularda yaşayan qaraçılar bəzi adət-ənənələrini qoruyub saxlayırlar. Qaraçıların özləri belə söyləydilər. Onlar öz dillərilə yanaşı Azərbaycan dilində də sərbəst danışırlar. Çətinliklə də olsa söhbətləşməyə razı saldığımız qaraçı obasının ağsaqqalı Rahun Səlimov vəziyyətlərinin ağırlığından şikayətləndi:
«Uzun illərdir Azərbaycanda yaşamağımıza baxmayaraq hələ də bizi adam yerinə qoymur, istehza ilə yanaşır, uşaqlarımızı, qadınlarımızı döyür, təhqir edirlər».
O, hüquq-mühafizə orqanlarının əməkdaşlarından da narazılıq etdi: «Qaraçı olduğumuz üçün hüquqlarımızı tapdayırlar. Bəzən uşaqlarımızı məktəblərə götürmür, xəstəxanalarda bizi qəbul etmirlər. Tez-tez bizi bir yerdən başqa yerə qovur, «bu ölkədə sizə yer yoxdur» deyirlər». Tayfa başçısının sözlərinəi görə, qaraçıların dərdləri başlarından aşır. O, bildirdi ki, Azərbaycandakı qaraçıların əksəriyyətinin vətəndaşlığı olsa da, şikayətləri heç yerdə qəbul edilmir.

Qaraçılar arasında təhsilliləri də var idi. Roman adlı 35 yaşlı qaraçı Gəncədəki keçmiş Kənd Təsərrüfatı İnstitutunu bitirib. Bizi inandırmaq üçün diplomunu da göstərən Roman ali təhsilli olmasına baxmayaraq heç yerdə iş tapa bilmədiyini dedi. Qaraçı obasında olarkən onu da öyrəndik ki, onların bəzi cavanları hətta müstəqil Azərbaycanın ordusunda da qulluq edib.

Dəmir qanunlar 

Onların adətlərdən birinə görə, kişilər evdə oturmalı, qadınlar isə pul qazanmalıdırlar. Qaraçı qadınları pulu əsasən dilənçilik və falçılıqla qazanırlar. Qaraçı kişiləri öz qadınlarını evlərinin dirəyi adlandırırlar. Adətlərinə görə, falçılıqla məşğul olan qaraçı qadınları yüksək məntiqlik nümayiş etdirməlidir ki, müştərini tora sala bilsin. Onlar öz müştərilərini yalançı falla yox, ağıllı məntiqlə, uzaqgörənliklə heyran etməlidirlər.

Nardan adlı qaraçı qadını: «Biz dilənçiliyi ən çətin peşə sayırıq. Çünki pul almaq üçün əl açdığın adamın nazı ilə oynamaq gərəkdir. Əvvəllər dilənçilik və falçılıqla yaxşı pul qazanmaq olurdu. İndi bəzən qadınlarımız gündəlik çörəkpulunu belə qazana bilmirlər».
Nardan dilənçiliyi özləri üçün böyük fəlsəfə hesab edir: «Qaraçılar dilənçiliyə uşaqlıqdan hazır olmalıdırlar. Buna görə də bizim uşaqların çoxu dilənməyə gedir, həm bu peşəni öyrənir, həm də ailələrinə pul qazanırlar».

Qaraçıların öz mənəvi dünyası var. Heçə illərdir azərbaycanlılarla qaynayıb-qarışsalar da, bəzi milli adət-ənənələrini qoruyub saxlayan qaraçı obasında heç kim ağsaqqalın sözündən çıxmamalı, onun qoyduğu qayda-qanunla oturub-durmalıdır. Bu qaydaları pozanlar obadan qovulurlar. Qaraçı qadınları dilənçiliklə məşğul olsalar da, namusu və ismətini qorumalıdır. Əxlaqsızlıq edən qadınlar qaraçılıqdan çıxarılır, müxtəlif formada cəzalandırılır ya da obadan birdəfəlik qovulurlar.

Evlənmək istəyən gənclərin də qaraçı obasında görüşməsi yasaq edilib. Onlar yalnız valideynlərinin məsləhətilə ailə qururlar. Qaraçıların ən qədim adətlərindən biri də oğlanın qız evinə köçməsidir. Lakin indi bu adətə əməl olunmur.

Çoxuşaqlılıq da qaraçılara məxsus xüsusiyyətlərdəndir.

Qaraçılar əsl Hindistan çayı içməyi çox sevirlər. Axı onların əcdadları vaxtilə Hindistanda yaşayıb.

Belə yaşamaq onlara çox çətindir…

Qaraçılar yaz və yay mövsümündə bir yerdən başqa yerə köç etməyi, gözdən-könüldən kənar məkanda çadır qurub yaşamağı sevirlər. Gitara çalıb rəqs etmək, öyrədilmiş ayı, meymun və digər heyvanlarla səhnəciklər göstərərək pul qazanmaq da qaraçılara məxsus xüsusiyyətlərdəndir. Amma bu ənənələr artıq keçmişdə qalıb. Çünki SSRİ dağılandan sonra sərhədlər möhkəmləndirildyindən MDB daxilində bir ölkədən başqa ölkəyə köç etməyə imkan verilmir. Azərbaycanın daxilində də köçəri həyat sürmək çətinləşib. Oba ağsaqqalı Rahun Səlimovun sözlərinə görə, sovetlər dönəmində tabor adlandırılan qaraçı köçü Azərbaycandan düz Şimali Qafqazadək köç edərmiş. Artıq buna imkan verilmədiyindən onlar da oturaq həyat tərzinə keçməyə məcbur olublar. Amma özlərinin dediyi kimi belə yaşamaq onlara çox çətindir…



Adəm Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi