Modern.az

İlqar Abbasov: “Xocalı soyqırımı dünyaya olduğu kimi təqdim edilməlidir”

İlqar Abbasov: “Xocalı soyqırımı dünyaya olduğu kimi təqdim edilməlidir”

14 Fevral 2011, 13:50

Ukrayna Azərbaycan dostluq əlaqələri zəngin və dərin tarixi köklərə malikdir. Qarşılıqlı əlaqələrin ildən-ilə daha da dinamik inkişafı bu iki ölkəni bir müstəvidə strateji tərəfdaşlara çevirib. Münasibətlərin dostluq və qardaşlıq üzərində qurulması bu ölkədə yaşayan beş yüz minə yaxın azərbaycanlının həyatına bilavasitə öz müsbət təsirini göstərir. Bu gün Ukraynada yaşayan soydaşlarımımz cəmiyyətin bütün sahələrində problemsiz, tam bərabərhüquqlu vətəndaşlar kimi normal fəaliyyət göstərirlər.

Ukraynada Azərbaycan diasporunun fəaliyyəti də həmişə nəzərəçarpacaq dərəcədə fərqlənib. Azərbaycanı layiqincə təmsil etməyi, Azərbaycan həqiqətlərini Ukrayna ictimaiyyətinə olduğu kimi çatdırmağı qarşısına məqsəd qoyan diaspor təşkilatlar bu sahədə kifayət qədər tədbirlər həyata keçirib. Belə qurumlardan biri də Ukraynada ən böyük diaspor təşkilatı olan Ukrayna Azərbaycanlıları Konqresidir. Konqres özündə iyirmi beş vilayət və iki şəhər regional təşkilatını birləşdirərək bütün Ukraynanı əhatə edir.  

23 may 2010-cu ildə Ukrayna Azərbaycanlıları Konqresinin ali orqanı olan konfransda böyük səs çoxluğu ilə İlqar Şamil oğlu Abbasov UAK-ın sədri seçilib.

İlqar Abbasov 9 aprel 1967-ci ildə Azərbaycan Respublikasının Culfa rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Gürcüstanda həqiqi hərbi xidmət keçib. 1991-ci ildə Ukrayna Dövlət Qida Texnologiyaları Universitetinə qəbul olunub və 1996-cı ildə həmin təhsil ocağının “Qida məhsulları cihazları” fakültəsini bitirib.

Ukraynada yaşadığı və fəaliyyət göstərdiyi illərdə İlqar Abbasov Ukrayna Azərbaycan dostluq əlaqələrinin inkişafına daim öz dəyərli töhfələrini verib, Ukraynada Azərbaycan diasporunun fəaliyyətində yaxından iştirak edib. Bu sahədə görüləcək işlərin daha da səmərəli olması üçün o, 2007-ci ildə “Ukrayna – Azərbaycan dostluğu” Beynəlxalq Xeyriyyə Fondunu təsis edib. Fondun əsas məqsədi Ukrayna və Azərbaycan mədəni əlaqələrin inkişafı ilə bağlı layihələrin hazırlanmasından, elmin, təhsilin inkişafına dəstək verməkdən, aztəminatlı insanlara kömək etməkdən, sağlam həyat tərzi, idman və bədən tərbiyəsi, ekologiya, turizmlə bağlı mədəni kütləvi tədbirlərin həyata keçirilməsindən, Azərbaycan diasporunun üzvlərinə maddi və mənəvi yardım göstərməkdən ibarətdir. Fond qısa müddət ərzində bir sıra layihələrin gerçəkləşməsinə nail olub. Kiyev şəhərində Ukrayna Azərbaycan dostluğu gecəsinin keçirilməsi, Azərbaycan kinemotoqrafları tərəfindən çəkilmiş “Əlvida, cənub səhəri!” filminin Ukraynada geniş təqdimatı və nümayişi, GUAM ölkələri yazıçılarının görüşünün təşkili, ümummilli lider Heydər Əliyevə və müasir Azərbaycan ədəbiyyatına həsr olunmuş “Kiyevskaya Rus” jurnalının iki xüsusi buraxılışının işıq üzü görməsi, təhsil ocaqlarında xeyriyyə aksiyalarının keçirilməsi fondun gördüyü işlərin yalnız bir hissəsidir.

İlqar Abbasov həm də “Polissiya” şirkətinə rəhbərlik edir. Şirkət Ukrayna, Azərbaycan və Rusiya mətbəxinə aid 120 çeşiddə dondurulmuş yarımfabrikat istehsal edir. “Yüksək keyfiyyət, əvəzolunmaz dad, sərfəli qiymət” prinsipi əsasında tam gücü ilə işləyən şirkətin məhsullarına istehlakçılar yaxşı bələddirlər. 5000 nəfərdən artıq işçisi olan şirkət 30-dan artıq medala, 20 dəfə Qran Priyə, ölkənin “100 ən yaxşı müəssisəsi” və “100 ən yaxşı məhsulu” mükafatlarına layiq görülüb. Yerli əhali “Polissiya” şirkətini təkcə keyfiyyətli məhsulları ilə deyil, həm də xeyriyyəçi şirkət kimi tanıyır. Şirkətin uşaq evlərində, idman klublarında həyata keçirdikləri xeyriyyə tədbirləri artıq ənənə şəklini alıb. Bununla yanaşı “Polissiya” şirkəti Tarasovka kəndinin abadlaşdırılmasında xüsusi fəallıq göstərib, bu kənddə yerləşən Pravoslav məbədinin tikintisinə sponsorluq edib.

Konqresin fəaliyyəti haqqında danışan İlqar Abbasov Azərbaycan diasporunun daha da güclənməsi ilə bağlı fikirlərini Modern.az-la belə bölüşüb:

- Bu gün üzərimizə tarixi bir məsuliyyət düşür. Azərbaycanın hüdudlarından kənarda Azərbaycanı, onun milli və mənəvi dəyərlərini, mədəniyyətini, tarixini tanıtmaq və təmsil etmək. Bu missiyanı həyata keçirmək üçün ilk növbədə güclü diaspor təşkilatına malik olmaq lazımdır. Təbii ki, bu tək-tək insanların işi deyil. Milli məsələlərin həllində millətin birliyi ən vacib şərtlərdəndir. Elə Ukrayna Azərbaycanlıları Konqresinin qarşısında duran əsas vəzifələrdən biri də bu ölkədə yaşayan soydaşlarımızın milli maraqlar ətrafında birliyini təmin etməkdir. 1999-cu ildən fəaliyyət göstərən konqres azərbaycançılıq prinsiplərinə və Azərbaycan dövlətçiliyinə həmişə sədaqətlə xidmət edib. Çalışırıq ki, konqresin fəaliyyətini, gördüyü işlırin həcmini daha da genişləndirək. Konqres Azərbaycanın qan yaddaşı ilə bağlı tarixlərə xüsusi diqqət yetirir. Ötən ay 20 Yanvar faciəsinin iyirmi birinci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirdik. Hal-hazırda isə Xocalı soyqırımı ilə bağlı keçiriləcək silsilə tədbirlərə ciddi hazırlıq işləri görürük. Fevral ayını Ukraynada “Xocalı ayı” elan etmişik. Soyqırımla bağlı elmi konfranslar, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlər, anım gecələri keçiriləcək, faciəni əks etdirən sərgi və film nümayiş etdiriləcək, xüsusi bukletlər paylanacaq, bəyanatlar və müraciətlər qəbul olunacaqdır. Tədbirlər təkcə paytaxt Kiyevdə deyil, Ukraynanın bütün regionlarında keçiriləcəkdir. Dünya ictimaiyyətinə Xocalı soyqırımı olduğu kimi təqdim edilməlidir.  

 

 

 

 

 


Azər Qardaşlı
Kiyev

Sizə yeni x var
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum