Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Gorus-Qafan yolunun Qubadlı rayonu ərazisindən keçən hissəsində inşa etdiyi yanacaqdoldurma məntəqəsini istifadəyə verib.
Modern.az xəbər verir ki, yanacaqdoldurma məntəqəsi Qubadlının Eyvazlı kəndi ərazisində tikilib.
Bugünkü açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev də iştirak edib.
Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Şanlı Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün Şərqi Zəngəzur iqtisadi rayonunda Azərbaycanın - SOCAR-ın ilk yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayır. Bu məntəqə beynəlxalq yanacaqdoldurma məntəqəsidir. Həm yoldan istifadə edən xarici vətəndaşlar, həm də yerli sakinlər istifadə edəcəklər. Bu tədbirlər işğaldan azad olunan torpaqlarda aparılan quruculuq işləri çərçivəsində həyata keçirilir. Azad olunan torpaqların qazla təmin edilməsi proqramı da layihələndirilir və tez bir zamanda bu istiqamətdə də başlanacaq”.
R.Abdullayevin sözlərinə görə, Şuşa, Ağdam və Füzulidə də yeni YDM-lərin tikintisi davam etdirilir..
Xatırladaq ki, bu ilin sentyabr ayında Azərbaycanın müvafiq dövlət qurumları Gorus-Qafan yolunda gömrük postu da qurub.