Ermənistanın paytaxtı İrəvanda itaətsizlik aksiyaları keçirilir. Dünən polis 244 vətəndaşı saxlayıb. Bu gün saat 12:00-a olan məlumata görə, daha 117 nəfər polisə aparılıb.
Vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulmuş əmələ görə saxlanılıblar.
Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, hazırda müxalifət liderləri Paşinyana qarşı birləşib daha radikal addımlar atmağı müzakirə edirlər.
Müxalifət liderləri əmindir ki, küçələrdə kritik kütlə olduğu halda, hakimiyyət dəyişikliyi bir-iki günün işidir.
“Müqavimət” hərəkatının liderlərindən olan Milli Təhlükəsilzik Xidmətinin sabiq rəisi, parlamentdəki “Mənim şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan deyib ki, Ermənistan hakimiyyəti ilə heç bir danışıqlar aparılmır, müxalifət mübarizəni davam etdirir.
"Biz xalqla küçədə qalmağa davam edirik, hakimiyyətlə heç bir danışıq aparmırıq, heç bir razılaşmamız yoxdur. Tələblərimizdə israrlı olmaqda davam edirik", - siyasətçi bildirib.
Liderlər deyirlər ki, indi müxalifətin əsas vəzifəsi maksimum sayda insanı küçələrə çıxarmaqdır.
Müxalifət iddia edir ki, guya 1 may mitinqində 30 mindən çox adam iştirak edib. Qeyd olunur ki, dövlət idarələrində xeyli sayda orta rütbəli işçilər var ki, məlum səbəblərdən aksiyalarda iştirakını ictimailəşdirmək istəmirlər.
Parlamentin vitse-spikeri, “Daşnaksütyun” partiyasının sədr müavini İşxan Saqatelyan hakim “Mülki müqavilə” partiyasının üzvlərini də etiraz hərəkatına qoşulmağa çağıraraq, onların baş nazir Nikol Paşinyanın əlində girov olduğunu qeyd edib. O, bəyan edib ki, müxalifət Nikol Paşinyanın iştirakı ilə yeni növbədənkənar seçkiləri istisna edir.
Artur Vanetsyan qeyd edib ki, müxalifət tərəfdarlarının sayı sürərlə artır. Müxalifətçi onu da qeyd edib ki, onların dəqiq planı var, baxmayaraq ki, bəzən vəziyyət kortəbii şəkildə inkişaf edir və bu, fəaliyyət taktikasını diktə edir:
"Hər şey vətəndaşlardan asılıdır: daha çox insan küçələrə çıxsa, o zaman hakimiyyət dəyişikliyi bir-iki günün işidir. Əgər uğursuzluğa düçar olsaq, Ermənistanı itirəcəyik, Qarabağı itirəcəyik, kimliyimizi itirəcəyik”.
Qeyd edək ki, Ermənistanın müxalifət qüvvələri Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. Etirazçılar vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar. Etiraz fəallığının artmasına Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ üzrə danışıqlar prosesi ilə bağlı bir neçə səs-küylü bəyanatı səbəb olub.