"Ermənistanda hakimiyyətə qarşı mübarizə aparan Müqavimət hərəkatı mitinqləri davam etdirəcək: çərşənbə günü müzakirələr, cümə günü isə mitinqlər olacaq, həftə ərzində fövqəladə hallar baş verərsə, iştirakçılara bu barədə əlavə məlumat veriləcək".
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu hərəkatın koordinatoru, parlamentin vitse-spikeri İşxan Saqatelyan deyib.
O, iyulun 1-də saat 19:30-da İrəvandakı Fransa meydanında növbəti mitinq olacağını anons edib.
“Formula belədir: mitinqlərimiz, yürüşlərimiz, aksiyalarımız davam edir, bununla paralel olaraq hərəkatı genişləndirmək, yeni qüvvə ilə daha geniş, qəti və mühüm mübarizə hazırlamaq üçün bir sıra təşkilati işlər görürük”.
Paşinyan hakimiyyəti isə müxalifətin getdikcə zəiflədiyini, mitinqlərə çıxanların sayının azaldığını deyir. Müxalifətin son bir ayda taktikasını bir neçə dəfə dəyişməsi, tərəfdarlarının sayını artıra bilməməsi Paşinyanın rəqiblərini yenə üstələdiyini göstərir.
Mayın 1-dən parlamentdəki “Hayastan” və “Mənim şərəfim var” fraksiyalarının birliyi olan Müqavimət hərəkatı Ermənistan hökumətinin istefasını tələb edir. Müxalifət baş nazir Nikol Paşinyanı Qarabağı təslim etməkdə ittiham edərək etiraz aksiyaları və vətəndaş itaətsizliyi aksiyaları keçirir. Təxminən iki aya yaxın idi ki, kritik kütləni küçələrə çıxarmaq mümkün olmadı, nəticədə iyunun ortalarında hərəkatın koordinatorları İrəvanın mərkəzindəki Fransa meydanından çadır düşərgəsinə toplaşdı. Daha sonra meydanlarda qurulan çadır düşərgəsi söküldü.
İyunun 21-də “Mənim şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan deputatlıqdan istefa verdiyini və rəhbərlik etdiyi “Vətən” partiyasının “Mənim şərəfim var” blokundan çıxdığını bəyan edib.