Modern.az

Ermənistanın xarici işlər naziri nala-mıxa vurdu

Ermənistanın xarici işlər naziri nala-mıxa vurdu

25 İyun 2022, 10:42

Ermənistan tərəfi dəfələrlə istər açıq, istərsə də beynəlxalq formatda və Azərbaycan tərəfi ilə birbaşa təmaslar zamanı ən yüksək səviyyələrdə bəyan edib ki, sülhün bərqərar olmasına tərəfdardır və rəsmi Bakının təkliflərində qəbuledilməz heç nə görmür.

Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azatutyun” radiosuna müsahibəsində bildirib.

O deyib ki, Ermənistan gələcək sülh müqaviləsi üçün Azərbaycanın təkliflərini öz ideyaları ilə tamamlayır.


A.Mirzoyanın sözlərinə görə, rəsmi İrəvan hərtərəfli sülh danışıqlarının gündəliyi ilə bağlı təkliflərini ATƏT-in Minsk qrupunun həmsədr ölkələri vasitəsilə Azərbaycana çatdırıb.

“Ermənistan sülh müqaviləsi üzrə danışıqlar təklifini nəinki rədd etməyib, hətta müsbət cavab verib və Azərbaycanın cavabını gözləyir”, - deyə Mirzoyan bildirib.
 

O, əlavə edib ki, Ermənistan Azərbaycana sülh müqaviləsi mövzusu üzrə xarici işlər nazirləri arasında məsləhətləşmələrə başlamaq təklifini təqdim edib, lakin hələlik cavab almayıb. Xarici işlər naziri bir daha bəyan edib ki, Ermənistan Respublikası sülh müqaviləsi üzrə məsləhətləşmələrə mümkün qədər tez başlamağa hazır olduğunu təsdiqləyir.
 

Bununla yanaşı A.Mirzoyan müsahibəsi zamanı qərəzli mövqeyindən də qalmayıb. Belə ki, o,10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra saxlanılan erməni hərbçiləri diversant deyil, əsirlər kimi qələmə verib və onların azad olunmasının vacibliyindən danışıb.

Erməni nazir “Dağlıq Qarabağ münaqişəsi”nin artıq bitdiyi barədə rəsmi Bakının bəyanatları ilə də razılaşmayıb.  
A.Mirzoyan Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın Fərrux yüksəkliyində yerləşməsindən də narazılıq edib.

O, İrəvanın regional nəqliyyat kommunikasiyalarının açılmasında çox maraqlı olduğunu vurğulayıb. Nazir  Azərbaycan tərəfinin “Zəngəzur dəhlizi” ifadəsini gündəmə gətirməsi və bu barədə tez-tez açıqlamalar verməsindən narazı qaldıqlarını qeyd edib və bunun prosesə mane olduğunu söyləyib.

“Hər halda ədalət naminə qeyd etmək lazımdır ki, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı müzakirələr əslində konstruktiv ab-havada gedir və mən ümid edirəm ki, anlaşılmaz siyasi intriqalar ucbatından uğursuzluğa düçar olmayacaq və proses yaxın vaxtlarda uğurla başa çatdırılacaq”, - deyə Mirzoyan bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI