Xankəndini Ermənistanla birləşdirən və Laçın şəhərindən yan keçən yeni Şuşa-Gorus avtomobil yolu bu gündən hər iki istiqamətdə açıqdır.
Modern.az saytı xəbər verir ki, bu barədə Qarabağdakı separatçıların nümayəndəsi Ermənistanın “Nyus.am” agentliyinə bildirib.
O deyib ki, vətəndaşların sərbəst və təhlükəsiz hərəkəti Rusiya sülhməramlıları tərəfindən təmin edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov isə jurnalistlərə deyib ki, Laçın şəhərinə daxil olmadan yeni alternativ yoldan istifadə yaxın 1 həftə ərzində mümkün olacaq.
Onun sözlərinə görə, Agentlik ölkə başçısının tapşırığına əsasən, verdiyi vədə vaxtından əvvəl əməl edib və alternativ yolun Azərbaycan ərazisindən keçən 22 km-lik hissəsi artıq hazırdır:
Azərbaycan tərəfi Laçın şəhərinə daxil olmayan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlamışdı.
Rəsmi məlumata görə, yolun ümumi uzunluğu 32 kilometr təşkil edir (onun 10 kilometri Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib.
Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10,5 metr təşkil edir.
Xatırladaq ki, Qarabağdakı ermənilər indiyə kimi Ermənistanla Laçın şəhərindən keçən "dəhliz" vasitəsilə əlaqə saxlayırdılar. Bu səbbədən də "Laçın dəhlizi" Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində idi. "Laçın dəhlizi" boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşma həyata keçirmişdilər.
"Laçın dəhlizi" 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, bu gündən Azərbaycan tərəfinin nəzarətinə keçib. Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində məskunlaşan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar.
A.Qorxmaz