Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri iki ölkə arasında təməl bağların daha da güclənməsindən xəbər verir.
Bunu Modern.az-a açıqlamasında qazaxıstanlı ekspert, jurnalist Amangeldi Kurmetuly deyib.
Tokayevin Bakı səfərinin əhəmiyyətindən söz açan siyasi ekspert hesab edir ki, Azərbaycan və Qazaxıstan strateji tərəfdaş olmaqla yanaşı, həm də qardaş ölkələrdir:
“Təbii ki, Qazaxıstan və Azərbaycan arasına hər hansı anlaşılmazlıq yox idi, amma bu səfər iki qardaş ölkəni bir-birinə daha da bağladı. Hər iki ölkə qardaş kimi tanınır. Bunu Qazaxıstan və Azərbaycan əhalisi arasında aparılan sorğuların nəticələri göstərir. Bizim tarixdən münasibətlərimiz qaydasında olub, aramızda ciddi problemlər olmayıb".
Amangeldi Kurmetuly bildirib ki, Rusiya və Ukrayna arasında davam edəm müharibə Xəzər dənizinin iki ölkə üçün nə qədər vacib olduğunu bir daha sübut edib:
"Müharibə başlayandan bəri Qazaxıstan öz məhsullarını xaricə satmaqda çətinlik çəkir. Bir neçə dəfə bizim neft borularımıza müdaxilələr olub. Qazaxıstan hazırda öz neftini satmaq üçün yollar axtarır. İran tərəfi o qədər güvənilən deyil, Çin isə bizim malları almaqda maraqlı deyil. Bu, o deməkdir ki, Qazaxıstanın Qərbə açılmasında əsas rol Azərbaycanın üzərinə düşür. Azərbaycanın Qarabağ bölgəsinin inkşafı Qazaxıstan üçün çox vacibdir. Zəngəzur dəhlizinin açılmasında Qazaxıstan öz siyasi dəstəyini sağlayacaq. Çünki dəhlizin açılması bizim üçün də vacibdir".
Son vaxtlar Türk dünyasında əlaqələrin gücləndiyini söyləyən qazaxıstanlı ekspert bu işdə Azərbaycanın böyük rol oynadığını vurğulayıb:
"Son dövrlərdə Türk dünyası ölkələri arasındakı əlaqələr daha da güclənməyə başlayıb. Bizim Azərbaycan ilə ticarət əlaqələrimiz bu il 300 milyon dolları keçib. Bu da keçən illə müqayisədə iki dəfə artım deməkdir. Bir də bizim qazax xalqının hər məsələdə Azərbaycanı dəstəkləməsi, onun tərəfini tutması daha da güclənməkdədir. Bilirik ki, Sovetlər dövründə bizi qardaş olaraq tanıtmırdılar. İndi isə millət oyanıb. Bəzən bu məsələlər dövlətə də təsir edir.
2020-ci ildə Qarabağ hadisələri zamanı bizim media Ermənistan tərəfini tuturdu, bu məsələdən sonra xalq ayağa qalxdı. Həmin dönəmdə bizim prezidentin Azərbaycanın yanında olduğunu bildirməsi bəzi məsələlərə aydınlıq gətirdi”.
Ekspert Qazaxıstanın hədiyyəsi olaraq, Füzulidə inşa olunacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinın önəmindən də söz açıb.
“Bu, o deməkdir ki, artıq Türk dövlətləri Qarabağın dirçəlməsində yaxından iştirak edir. Burada Türkiyə və Özbəkistanın da layihələri var. Gün gələcək ki, bura Qırğızıstan də Türkmənistan da qatılacaq. Şuşa və Türküstan şəhərlərinin qardaş şəhər olaraq tanıdılması Türk dünyasına ciddi mesajdır. Biz birləşməyə başlamışıq, bu həm də "artıq hazırıq" mesajıdır. Təbii ki, Türk dünyasının birləşməsində siyasətdən əvvəl, mədəni birlik vacibdir. Daha sonra Azərbaycan və Türkiyə kimi bizim ölkələr arasında da hərbi, siyasi anlaşmaların olmasını istərdik. Ən önəmli məsələ isə Tokayevin Bakıya səfərinin ermənilərin Laçını tam təhvil verməsindən bir gün əvvəl olmasıdır. Bu, artıq Ermənistana mesajdır ki, Qazaxıstan bu məsələdə də Azərbaycanın yanındadır”,- siyasi ekspert vurğulayıb.
Qeyd edək ki, avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfər edib. Səfər zamanı Azərbaycan və Qazaxıstan prezidentlərinin əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüşü keçirilib. Ardınca iki ölkə arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb.