Modern.az

Turizm Agentliyindən Zəngəzur şikayəti 

Turizm Agentliyindən Zəngəzur şikayəti 

Qərbi Azərbaycan

6 Sentyabr 2022, 12:40

Bu il martın 7-də Dövlət Turizm Agentliyi turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsini həyata keçirmək üçün müsabiqə elan etmişdi. Layihə qəbulu aprelin 7-də yekunlaşsa da, 5 aydır nəticələr elan edilməyib. Buna görə də layihə təqdim edən bəzi təşkilatlar artıq təkliflərinin qəbul edilmədiyi qənaətinə gəliblər.

 

Xüsusilə diqqət çəkən məqamlardan biri də “Göygöl rayonundakı turizm istirahət mərkəzində Şərqi Zəngəzur mətbəxi və etnoqrafiyasına dair mini açıq hava muzeyinin yaradılması” adlı layihənin Agentliyin diqqətini cəlb etməməsidir.

 

Şərqi Zəngəzurun adət-ənənələrini, qədim tarixini əks etdirəcək bu layihənin diqqət cəlb etməməsi heyrətlə qarşılanıb. Turizm Agentliyi müsabiqənin məqsədinin turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmənin həyata keçirilməsi olduğunu bəyan etsə də, qeyd olunan şərtlərə cavab verən bu layihəni maliyyələşdirməyi görünür, lazım bilməyib.

 

Modern.az-a müraciət edən sahibkar qeyd edib ki, müsabiqənin nəticələrinin açıqlanmaması qaranlıq məqamlardan məlumat verir. Bizə deyə bilərdilər ki, layihəniz Agentlik üçün gərəksizdir, yaxud da Zəngəzur onlar üçün maraqlı deyil.

 

“Deyiləcək çox fikirlərimiz var. Agentliyin cavabından sonra geniş açıqlama verəcəyik. Birincisi, nəticələr niyə açıqlanmır, ikincisi, qalib təşkilatlar kimlərə yaxındır və s.”.

 

Məsələ ilə əlaqədar Agentliyin rəyini də öyrənməyə çalışdıq. Qurumun Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva Modern.az-a bildirdi ki, qrant müsabiqəsinin nəticələri açıqlanmayıb, rəsmi məlumat olarsa, media ilə də bölüşüləcək:

 

“Zəngəzur, Şuşa, Ağdaş, Bakı və s. burada bir fərqi yoxdur. Hansısa layihənin qəbul edilməməsi məkanla əlaqədar ola bilməz”.

 

P.S. Mövzunu davam etdirəcəyik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu