Modern.az

Ermənistanda ajiotaj: hərbi təlimlərə çağırış vətəndaşları TƏŞVİŞƏ SALDI

Ermənistanda ajiotaj: hərbi təlimlərə çağırış vətəndaşları TƏŞVİŞƏ SALDI

1 Oktyabr 2022, 11:48

Ermənistanda hərbi komissarlıqların ehtiyatda olan ixtisaslı vətəndaşlara bildirişlər paylaması və onları təlimlərə çağırması əhali arasında ajiotaj yaradıb.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Qeyd edilir ki, bildirişlər Müdafiə Nazirliyinin təklifi ilə hökumətinin qəbul etdiyi “müntəzəm planlı təlimlərin elan edilməsi haqqında” qərar əsasında paylanıb. Həmin qərara əsasən, raket-artilleriya ixtisaslarına malik ehtiyatda olan hərbçilər müntəzəm olaraq planlaşdırılmış toplanışlara cəlb olunacaqlar. Təlimlər noyabrın 22-dək keçiriləcək.

“Hraparak”ın məlumatına görə, son günlər Ermənistan-Azərbaycan sərhədindəki atışmalar zamanı qeydə alınan itkilər fonunda bu bildirişlər övladlarını cəbhə bölgəsinə göndərməyə müqavimət göstərən valideynlərdə təşviş və mənfi reaksiyaya səbəb olub.

“Bildiriş paylayanların bəziləri hətta valideynlər tərəfindən söyülmək və töhmət almaq istəməyərək bu funksiyanı yerinə yetirməkdən imtina edirlər. Valideynlərdən biri bizə dedi ki, çağırış vərəqəsini paylayan desin ki, oğluna cavabdehdir, oğlu təlimdən sonra sağ-salamat evə gələcək, ya yox. Başını yelləyə bilsə, uşağını göndərər, yoxsa, yox. Çağırış vərəqəsini paylayanlar isə təbii ki, heç bir məsuliyyət daşıya bilməzlər”, - deyə qəzet yazır.

Bildirilir ki, valideynləri təlimlərə çağırılanların döyüş növbətçiliyinə keçib-keçməmələri və ya mümkün hücum zamanı döyüş əməliyyatlarında iştirak edib-etməmələri narahat edir.

Ermənistan Müdafiə Nazirliyi bu kimi suallarına aydınlıq gətirəndən sonra erməni valideynlərin təşvişi daha da artıb.

Belə ki, məsələ ilə bağlı açıqlama verən Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan deyib ki, çağırılanlar təlimlərdə iştirak etdikdən sonra müvafiq hərbi postlara təyinat alır, döyüş hazırlığı keçir və döyüş növbətçiliyinə cəlb olunurlar. Aram Torosyanın sözlərinə görə, bu o deməkdir ki, bildirişlərlə toplantıların iştirakçıları tam hərbi qulluqçu statusu alırlar.

“Başqa sözlə, çağırış vərəqəsini alıb təlim-məşq toplanışına qatılanlar hərbi vəzifəyə təyin olunur, döyüş hazırlığı planı, döyüş hazırlığı kurslarından keçir və döyüş növbətçiliyinə daxil edilirlər”.

A.Torosyan deyib ki, təlim düşərgələrdən yayınmaq cinayət məsuliyyətinə səbəb olur.

“Ehtimal etmək olar ki, yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədində yeni gərginlik gözlənilir. Müdafiə Nazirliyi faktiki olaraq təlimlər adı altında hərbi çağırış keçirir və çağırışçıların yaxın vaxtlarda hərbi xidmətə aparılacağı istisna edilmir”,- deyə “Hraparak” yazıb.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir