Modern.az

“Düşmənlər bilsinlər ki…” - Ərdoğandan İrana şillə kimi MESAJ

“Düşmənlər bilsinlər ki…” - Ərdoğandan İrana şillə kimi MESAJ

21 Oktyabr 2022, 09:26

Ötən gün Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Açılışdan sonra Cəbrayıla səfər edən dövlət başçıları mətbuata birgə bəyanatla çıxış edərək, önəmli mesajlar səsləndiriblər. 

 

Türkiyə Prezidenti çıxışı zamanı Zəngəzur dəhlizi və Qərb ölkələrinin ikiüzlü siyasətinə də toxunub:

 

"Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır. Qarabağda atılan bütün bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur".

 

Türkiyə lideri daha sonra ATƏT və digər beynəlxalq təşkilatların bölgəyə səfər etməməsini qınayıb:


"İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar. Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər. Amma bunu görəndən sonra bu barədə danışdıq, bu işləri mütləq ədalət mühakiməsinə verərək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq".

 

Türkiyə Prezidentinin Zəngilana səfəri, ardınca Cəbrayıldan verdiyi mesajlar nədən xəbər verir?

 

 

Bu barədə Modern.az-a danışan Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı bildirib ki, Ərdoğanın Qarabağa növbəti səfəri qonşu ölkələrə mesajdır. 

 

Onun sözlərinə görə, hazırkı gərgin siyasi şəraitdə Azərbaycan və Türkiyənin birliyi olduqca önəmlidir: 

 

“Hazırki vəziyyətdə Azərbaycan və Türkiyənin birlikdə hərəkət etməsi çox vacibdir. İki ölkəni artıq ayrı təsəvvür etmək olmaz. Şuşa Bəyannaməsi qardaşlar arasında əlaqələrin təcəssümüdür. Ona görə də birimiz hamımız, hamımız birimiz üçün çalışmalıyıq. Türkiyə Prezidentinin Zəngilan hava limanının açılışında iştirak etməsi türkün düşmənlərinə bir mesajdır. "Biz birlikdə güclüyük" mesajı həm İran, həm də Ermənistana ünvanlanıb".

 

Cihad Yaycı qeyd edib ki, Türkiyə bundan sonra Azərbaycanın yanında olacaq:

 

"Düşmənlər bilsinlər ki, Türkiyə Azərbaycanın yanındadır. İran istədiyi qədər sərhəddə hərbi təlimlər keçirsin, bunun heç bir önəmi yoxdur. Azərbaycana qarşı atılan bütün təhdidlərə Türkiyə də lazımlı cavab verəcək. Bundan sonra Azərbaycan yalnız deyil, cənab Ərdoğanın Azərbaycana gəlişinin mesajı da budur”.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi