Modern.az

Putinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi NECƏDİR...

Putinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi NECƏDİR...

Qərbi Azərbaycan

2 Dekabr 2022, 09:40

Azərbaycan Zəngəzur dəhlizinin tezliklə açılmasında maraqlıdır və bu istiqamətdə işləri davam etdirir. Danışıqlar artıq Ermənistanla yox, birbaşa Rusiya tərəfi ilə aparılır. Ötən günlərdə Zəngəzur dəhlizi ilə bağlı önəmli mesajlar verən Prezident İlham Əliyev Ermənistanın asılı ölkə olduğunu, bu səbəbdən danışıqların Moskva ilə aparıldığını bəyan edib. 

 

“Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq”,- deyə dövlət başçısı çıxışında vurğulayıb.

 

Bəs, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı niyyəti nədir? Moskva regionun iqtisadi mənzərəsini dəyişəcək dəhlizin açılmasını istəyirmi?

 

Rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr direktoru Mixail Neyzhmakov Modern.az-a bildirib ki, Moskva üçün Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının blokunun açılması mühüm mövzudur: 

 

“Buna baxmayaraq, Rusiya bu məsələdə sadəcə vasitəçi deyil. 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında “nəqliyyat kommunikasiyalarına nəzarət” Ermənistan ərazisindən keçməlidir.

 

Prezident Vladimir Putinlə Azərbaycan və Ermənistan rəhbərliyi arasında aparılan danışıqlarda kommunikasiyalar mövzusu mütəmadi olaraq qaldırılır. Elə noyabrın 26-da Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı zamanı bu məsələyə toxunulub. Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına uyğundur. Həmçinin Moskva istəyir ki, məhz onun vasitəçiliyi ilə irəliləyiş əldə olunsun. Çox güman ki, Moskva bu mövzunun Bakı ilə İrəvan arasında imzalanacaq sülh müqaviləsində daha ətraflı şəkildə qeyd olunmasını istəyəcək.  

 

Digər tərəfdən nəzərə almaq lazımdır ki, nə qədər ki, Azərbaycan və Ermənistan sərhədində gərginlik riski var, nəqliyyat əlaqəsi belə vəziyyətlərdə təhlükə altında olacaq”. 

 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix qeyd edib ki, Prezident İlham Əliyev tamamilə düzgün bəyanatla çıxış edib. 

 

“Rusiya bu yanaşmaya, ümumilikdə Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşır. Dəhlizin açılması hələ 2020-ci ildə Cənubi Qafqazın transformasiyası üzrə böyük prosesin bir hissəsi kimi müzakirə olunub. İlk növbədə Zəngəzur dəhlizi vasitəsilə iqtisadi inkişafa nail ola bilərik. Rusiya öz növbəsində dəhlizdə təhlükəsizliyin təminatçısı ola bilər, onun mühafizəsini və daşınan yüklərin bütövlüyünü təmin edə bilər”. 

 

 

Rusiyalı politoloq Sergey Markov da Moskvanın Zəngəzurla bağlı mövqeyinin müsbət olduğunu və dəhlizin açılması üçün çalışdığını bildirib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması nəqliyyat axınının intensivliyini xeyli artıracaq və bu da Rusiya üçün çox faydalıdır:

 

"Rusiya dəhlizin açılmasında maraqlıdır. Nəqliyyat dəhlizi regionun inkişafının təməlidir. İnanıram ki, digər qonşu ölkələr də buna maraq göstərir. Ermənistanın daxilində olan qüvvələr də artıq anlamalıdırlar ki, ölkələrinin inkşafı üçün nəqliyyat və digər əlaqələr açılmalıdır. Bu, gec-tez baş tutacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır