Modern.az

Prezident Qərbi Azərbaycana qayıdışın ANONSUNU VERDİ 

Prezident Qərbi Azərbaycana qayıdışın ANONSUNU VERDİ 

Qərbi Azərbaycan

24 Dekabr 2022, 19:40

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüş zamanı çıxış edən dövlət başçısı Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurdlarına qayıdışı ilə bağlı mühüm mesajlar verib, tarixi həqiqətləri bir daha diqqətə çatdıraraq İcma qarşısında önəmli tapşırıqlar qoyub.

 

"Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar", - Prezident bildirib.

 

Prezident İlham Əliyevlə görüşdə iştirak edən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı təəssüratlarını Modern.az-la bölüşüb.

 

O bildirib ki, Prezidentin doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşü tarixi hadisədir:

 

“Bu gün Azərbaycanın ictimai həyatında çox əlamətdar gündür. Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın doğum günüdür. Belə bir vaxtda Prezidentin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olması, ziyalılarla görüşü bizim üçün tarixi hadisədir. Ümumiyyətlə isə Qarabağ müharibəsindən sonra belə addımın atılması təsadüfi deyil. Prezidentimiz Qarabağla bağlı danışıqlarda hər zaman İrəvanın, Zəngəzurun da Azərbaycanın tarixi torpaqları olduğunu deyirdi. Cənab İlham Əliyev dünyaya bəyan edirdi ki, Qarabağla yanaşı, hələ bundan sonra qayıtmalı olduğumuz digər torpaqlarımız da var”.

 

Deputat Prezidentin Qərbi Azərbaycanı təmsil edən ziyalılarla görüşündə çox ciddi məslələrə toxunduğunu söyləyib.

 

“Prezidentin çıxışı bizim üçün “yol xəritəsi”dir. Prezidentin 30-40 dəqiqəlik çıxışında səsləndirdiyi hər söz bir mesaj idi. Dövlət başçısı bildirdi ki, bundan sonra da görməli olduğumuz işləri inanaraq görməliyik. Qarabağ məsələsində özünün xalqa, orduya, dövlətə inamını nümunə gətirdi. Bildirilirdi ki, bizim məqsədimiz tankla, topla getmək deyil, biz sivil qaydada öz dədə-baba torpaqlarımıza getmək barədə düşünürük”.

 

Məlahət İbrahimqızı Prezidentin tapşırıqlarından sonra gələcəkdə görüləcək işlərdən də söz açıb:

 

“Bundan sonra Qərbi Azərbaycandan olan ziyalılar Zəngəzurun, İrəvanın Azərbaycan ərazisi olduğunu bütün dünyaya çatdıracaqlar. Bu, Prezidentin ziyalılar qarşısında qoyduğu tapşırıqdır. Əlbəttə, ermənilər vandalizm törədərək, İrəvanın mərkəzindəki abidlərimizi söküblər. Ancaq sənədlər, xəritələr var. Biz eyni zamanda Qərbi Azərbaycanın mədəniyyətini dünyaya tanıtmaq üçün aktiv işlər görəcəyik. Qarabağ müharibəsindən öncə birinci xanım Mehriban Əliyeva Qarabağ mədəniyyətini bütün dünyaya tanıtdı. Bütün dünya xarıbülbülü Qarabağın simvolu kimi tanıdı. İndi də eyni yolla gediləcək. Prezidentin çıxışı zamanı bir sözü də diqqəti çəkdi. Belə ki, o indiki binanın vaxtilə Qarabağ İcmasına verildiyini xatırlatdı. İcma öz fəaliyyətini göstərdi, Qarabağ azad edildi. Qərbi Azərbaycan İcması da eyni şəkildə fəaliyyət göstərəcək, İrəvana və Zəngəzura qayıdacağıq. Biz hamımız bir məqsəd uğrunda çalışacağıq”.

 

 

Görüşdə iştirak edən deputat Hikmət Babaoğlu isə bildirib ki, Prezidentin fikirləri Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsidir:

 

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər strateji məqsədlərimizə çatmaq üçün konseptual və proqram xarakterli olmaqla, əslində Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsidir. Əgər son iki ilə qədər belə görüşlər ən ağrılı problemimiz olan məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması ilə bağlı keçirilirdisə, tarixi zəfərimizdən sonra bu problem aradan qaldırıldı. İllərlə həsrətlə gözlədiyimiz Böyük Qayıdış reallığa çevrildi. Hazırda tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir".

 

Qərbi Azərbaycan İcmasının sədr müavini qeyd edib ki, Prezident İlham Əliyev tarixi torpaqlarımıza qayıtmağımızı hər şeydən öncə tarixi yaddaşımızla əlaqələndirib:

 

"Milli yaddaşın əsas komponenti olan tarixi yaddaşımız, onun düzgün əsaslarda yeni nəslə ötürülməsi Birinci Qarabağ savaşından sonra dünyaya gələn qəhrəmanlarımızın torpaqlarımızı işğaldan azad etməsinə gətirib çıxardı. Prezidentin qeyd etdiyi kimi bu gün Zəngilana, Ağalıya o torpaqlarımızı görməmiş yeni nəslin qayıdışını da təmin edən məhz tarixi yaddaşdır. Ona görə də məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzularımız necə bu gün reallığa çevrildisə, çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkliyə çevriləcək. Bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz var. Azərbaycan Prezidenti məhz tarixi xronoloji ardıcıllıq baxımından da ata-baba torpaqlarımıza qayıtmağımızı bu mənada rəmzi olaraq açılışını etdiyi bina ilə əlaqələndirərək bildirdi ki, vaxtilə bu binada yerləşən Şuşa İcra Hakimiyyəti necə bu gün əziz Şuşaya qayıtdısa, bir gün gələcək bu gün burada fəaliyyətə başlayan Qərbi Azərbaycan İcmasının nümayəndələri də öz evlərinə qayıdacaqlar”.

 

Hikmət Babaoğlunun fikrincə, bunun üçün biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq.

 

“Orada əcdadlarımızın yaratdığı maddi-mədəni irisi ermənilərin barbarcasına necə dağıtdıqlarını, Qərbi Azərbaycan torpaqlarının Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən ermənilərə necə verildiyini, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayıtmağımız üçün hüquqi, informativ mühit formalaşdırmalıyıq. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında məhz bu məsələləri vəzifə kimi qoyaraq bunun milli maraqlarımız baxımından nə qədər strateji olduğunu əsaslandırdı, milli məqsədlərimizə yumşaq güc və sülh yolu vasitəsilə çata bilməyimizin vacib olduğunu bildirdi. Prezidentinin fikirləri xalqımızın yeni əsrdə yeni vəzifələrinin siyasi konseptual əsaslarıdır və Vətən müharibəsində monolit birliyimiz ilə milli hədəflərimizə çatdığımız kimi, bundan sonra da bu birliyi davam etdirərək tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıtmalıyıq”.

 

 

 

Turqay Musayev

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda dərc olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar