Modern.az

Qərbi Azərbaycan xəbərləri Modern.az-da

Qərbi Azərbaycan xəbərləri Modern.az-da

25 Dekabr 2022, 15:35

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra yeni hədəflərə doğru irəliləyir. Bu dəfə yolumuz İrəvan, Göyçə və Zəngəzuradır...

 

Qarabağı və Şərqi Zəngəzuru düşmən işğalından azad etdiyimiz kimi, Qərbi Azərbaycana da qayıdacağımız günü səbirsizlikə gözləyirik. İnanırıq ki, tarixi ədaləti bərpa edərək, ata-babalarımızın yurduna qovuşacağıq. Əminik ki, o gün uzaqda deyil, tezliklə Qərbi Azərbaycan öz sakinlərini qarşılayacaq.

 

Hədəfimiz bəlli, yolumuz birdir.

 

Qərbi Azərbaycan əsl sahiblərini səsləyir. Bizə bu əminliyi yaşadan isə Müzəffər Ali Baş Komandanımızdır.

 

Prezident İlham Əliyev ötən gün Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə böyük qayıdışın anonsunu verdi. Dövlət başçısı Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı ilə bağlı mühüm mesajlar səsləndirdi, tarixi həqiqətləri bir daha diqqətə çatdıraraq İcma qarşısında xüsusi tapşırıqlar qoydu:

 

"Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

 

Ali Baş Komandanın qeyd etdiyi kimi, məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzularımız necə reallığa çevrildisə, çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıdış arzularımız da gerçək olacaq. Əlbəttə, bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz var.

 

Lakin bu işdə hər bir Azərbaycan vətəndaşının və medianın üzərinə böyük məsuliyyət düşür. İlk növbədə Qərbi Azərbaycan həqiqətlərini, o torpaqların azərbaycanlılara məxsus olmasını, ermənilərin soydaşlarımıza qarşı törətdiyi amansız cinayətləri və digər faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalı, bu istiqamətdə aktiv iş aparmalıyıq. 

 

Biz də Modern Media Qrupu olaraq, bu tarixi missiyanın reallaşmasına öz töhfəmizi verməyə, əlimizdən gələni etməyə hazırıq. Bu məqsədlə Modern.az xəbər portalında Qərbi Azərbaycanla bağlı xüsusi bölmə yaratmağa qərar verdik. 

 

Oxucularımız bu gündən etibarən "Qərbi Azərbaycan" bölməsinə daxil olaraq Azərbaycanın tarixi əraziləri barədə dolğun məlumatlar əldə edə biləcəklər.

 

Qeyd: Yaxın günlərdə Qərbi Azərbaycana həsr olunmuş xüsusi araşdırma materialları, müsahibə və reportajları oxuculara təqdim edəcəyik...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!