Bu sənəd II Böyük Qayıdış Proqramı olacaq - İsa Həbibbəyli

Bu sənəd II Böyük Qayıdış Proqramı olacaq - İsa Həbibbəyli

Qərbi Azərbaycan

30 Dekabr 2022, 11:12

“Böyük Qayıdış işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası isə müstəqil Azərbaycan Respublikasının strategiyasını əks etdirir”.

 

Modern.az xəbər verir ki, bunu Rəyasət Heyətinin iclasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli deyib.

 

Akademik diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər dövlət qurumları, o cümlədən AMEA-nın qarşısında da bir sıra vəzifələri, tapşırıq və tövsiyələri ehtiva edir.

 

Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı fikirlərini AMEA alimlərinin tam dəstəklədiyini söyləyən akademik İsa Həbibbəyli bu sənədin dövlət başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçiriləcək ikinci Böyük Qayıdış Proqramı olacağını bildirib.

 

O həmçinin qeyd edib ki, konsepsiyanın ana müddəaları - sülhsevər olması və beynəlxalq hüquqa tam cavab verməsi dövlət başçısının nitqində dəqiq və aydın şəkildə ifadə olunub:

 

“Konsepsiyanın sülhsevər və beynəlxalq hüquq normalarına uyğun gəlməsi bizim istiqamətlərimizi müəyyən edir. Ermənilər Qərbi Azərbaycanda bizə məxsus maddi-mədəniyyət abidələrini, qəbirləri, kəndlərimizi dağıdıb, yer adlarını dəyişib, özlərinə xas saxtakarlıqla azərbaycanlıların izlərini itirməyə cəhd ediblər və bütün bunların bərpasına elmin dəstəyi lazımdır. Təkcə Yasin Azərtürkün müəllifi olduğu “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi” adlı kitabda Qərbi Azərbaycanda Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə saxtalaşdırılan bizə məxsus 738 yer adının siyahısı əksini tapıb. Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi, izlərinin silinməsi Ermənistan SSR-nin dövlət siyasəti olub və müstəqil dövrdə Ermənistan rəhbərliyi bu siyasəti daha qəddar şəkildə icra ediblər. Biz bu sənədlərin hamısını əldə etməliyik”.

 

Dövlət başçısının nitqindəki Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransın keçirilməsinə və dost ölkələrdən alimlərin, arxeoloqların, tarixçilərin dəvət edilməsinə AMEA-nın dəstəyini ifadə edən akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının dərin məzmunlu çıxışı bütün digər sahələrlə yanaşı, humanitar və ictimai elmlər, tarixşünaslıq, arxeologiya, mədəniyyətşünaslıq, dilçilik, folklorşünaslıq, sosiologiya, sosial antropologiya, fəlsəfə kimi elmlərin qarşısında yeni vəzifələr qoyur. AMEA rəhbəri Elmlər Akademiyasında Qərbi Azərbaycanla bağlı bu günə kimi bir çox tədqiqatların aparıldığını, kitabların nəşr edildiyini, lakin görülən işlərin sistemli və məqsədli şəkildə olmadığını vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna növbəti hücuma başladı, ağır döyüşlər gedir