Modern.az

Bu il üçün əsas HƏDƏFLƏRİMİZ - Zəngəzur, Xankəndi...

Bu il üçün əsas HƏDƏFLƏRİMİZ - Zəngəzur, Xankəndi...

Qərbi Azərbaycan

5 Yanvar 2023, 12:43

2022-ci ilin Azərbaycan diplomatiyası üçün gərgin, bir qədər də uğurlu olduğu deyilir. Yenicə qədəm qoyduğumuz 2023-cü ildə də diplomatiya müstəvisində görüləcək xeyli işlər qalır. Bəs, bu il əsas hədəflərimiz nələrdir? İlboyu hansı hadisələrə şahidlik edəcəyik?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirib ki, 2023-cü il üçün Azərbaycanın müəyyənləşdirdiyi yeni hədəflər var:

 

"Azərbaycan hər ili uğurla başa vurur. Növbəti il üçün qarşıya yeni hədəflər qoyulur və prioritetlər müəyyənləşdirilir. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra həm beynəlxalq münasibətlər, həm də iqtisadi münasibətlər sistemində yeni obrazda çıxış etməkdədir. Bu baxımdan 2023-cü il Azərbaycan üçün məsuliyyətli olacaq", - deputat vurğulayıb.

 

Elşad Mirbəşiroğlunun fikrincə, bu il Azərbaycanın əsas hədəfi sülh müqaviləsinin imzalanmasına nail olmaqdır:

 

"Bu il Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində qarşıda duran məsələlərin həllinə nail olmalıyıq. Mahiyyət etibarilə bizim mövqelərimiz qəbul olunub. Ölkə başçısı İlham Əliyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə çıxışında bu məsələni bir daha gündəmə gətirdi. Bildirildi ki, Brüsseldə və Praqada keçirilən son görüşlərdə Azərbaycanın ərazi bütövlüyü tanındı. Bu baxımdan 2023-cü ildə əsas prioritet Azərbaycanın irəli sürdüyü şərtlər əsasında yekun sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Bu, Cənubi Qafqazın siyasi, hərbi təhlükəsizlik və iqtisadi gələcəyini müəyyənləşdirəcək.

 

Hesab edirəm ki, bu istiqamətdə uğurlu addımlar atacağıq. Digər tərəfdən məlum olduğu kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Bu istiqamətdə diplomatik baxımdan atacağımız addımlar həm də yeni iqtisadi əməkdaşlıq imkanlarını formalaşdıracaq".

 

 

Deputat, həmçinin vurğulayıb ki, 2023-cü ildə Zəngəzur dəhlizinin açılması, eləcə də hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərin nəzarətə götürülməsi də priorotet istiqamətlər sırasındadır:

 

"Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün öz tərəfindən lazımı bütün zəruri infrastrukturu demək olar ki, formalaşdırıb. Məhz bu, göstərir ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına şübhə etmir. Ölkə başçısı da çox açıq şəkildə bildirdi ki, “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq”. Biz artıq Prezidentin hər dediyini yerinə yetirməsinə adət etmişik. Beləliklə, Türkiyə ilə birbaşa quru əlaqələrimizin yaranacağına inanırıq.

 

Azərbaycan Vətən müharibəsindən sonra bütün əraziləri üzərində suverenliyini bərpa etmək üçün ciddi addımlar atmaqdadır. Bu gün Azərbaycan sülhə məcburetmə strategiyasından istifadə edir.  Burada hərbi yollara da əl atmaq olar. Ancaq Azərbaycan siyasi, iqtisadi amillərə üstünlük verir. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməklə bölgədə öz mövcudluqlarını saxlaya bilərlər. Əks halda ərazidən çıxmalıdırlar. Biz beynəlxalq hüquqa istinad edib, bütün ərazilərimizdə suverenliyimizi bərpa edəcəyik. Düşünürəm ki, dövlətimizin atdığı addımların əsas spekteri də məhz bundan ibarətdir. Bunların nə vaxt olacağını demək biraz çətindir. Ancaq bu gün dövlətimizin atdığı addımları nəzərə alsaq, deyə bilərik ki, hədəfimizə yaxınlaşmışıq. Hesab edirəm ki, bu il ərzində sözügedən istiqamətlərdə çox ciddi irəliləyişlərə şahid olacağıq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər