Modern.az

“Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılır

“Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılır

12 Yanvar 2023, 11:06

 

 

Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına növbəti müsahibəsi, verdiyi bəyanatlar, səsləndirdiyi fikirlər 2023-cü ildə ölkəmizin həm regional, həm beynəlxalq müstəvidə irəliləyəcəyi, eyni zamanda dövlətimiz və xalqımız üçün yaxın gələcəyə yönəlik çox vacib olan yol xəritəsini müəyyən etmək baxımından ciddi siyasi hadisə hesab edilməlidir. Dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi.

 

Azərbaycan Prezidenti, həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu. Xüsusilə, Qərbi Azərbaycan məsələsinə davamlı diqqət ayıran cənab İlham Əliyev bu müsahibəsində də həmin mövzuya dair mühüm fikirlər səsləndirdi: “...Prinsipcə mən hesab edirəm ki, yavaş-yavaş bu mövzu ilə bağlı biz gərək öz fikirlərimizi bölüşək... Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl açılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq... Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək”.

 

Heç kimə sirr deyil ki, XIX əsrdə çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib. 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox adam deportasiya olunub. Bununla bərabər, XX əsr ərzində Ermənistanın Qərbi Azərbaycan və bu bölgədən olan soydaşlarımıza təzyiqləri davam edib. Qərbi azərbaycanlıların deportasiyası rəsmi olaraq 4 dəfə həyata keçirilib və təəssüf ki, bu ağlasığmaz şovinist özbaşınalığına münasibətdə beynəlxalq ictimaiyyət hələ də susur. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb. Xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində işlər başlanıb. Əminik ki, dövlətimiz heç bir güc tətbiq etmədən soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını reallaşdıracaq, tarixi ədalət bərpa olunacaq. Bu baxımdan, xalq olaraq öz Liderimizə güvənməli, Qərbi Azərbaycan məsələsində fəal və prinsipial olmağı bacarmalıyıq.

 

Əhliman Əmiraslanov

Milli Məclisin Səhiyyə komitəsinin sədri,

“Qərbi Azərbaycan İcması” Ağsaqqallar Şurasının sədri, akademik

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü