Modern.az

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas məqamları

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas məqamları

Qərbi Azərbaycan

26 Yanvar 2023, 16:24

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yanvarın 26-da keçirilmiş iclasında Qayıdış Konsepsiyasının layihəsinə baxılıb. Sənəd layihəsi səsə qoyularaq təsdiqlənib.

 

Modern.az xəbər verir ki, sonra Konsepsiya İcmanın əsas orqanlarının genişləndirilmiş birgə iclasına təqdim olunub.

 

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qayıdış Konsepsiyasının əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdir. Konsepsiya Qərbi Azərbaycan İcmasının bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir.

 

Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

 

Sənədin əsas məqamları aşağıdakılardır:

 

- İndiki Ermənistandan qovulmuş bütün azərbaycanlıların və onların törəmələrinin öz yurdlarına qayıtmaq hüququ var. Bu hüququn ləyaqətli və təhlükəsiz şəkildə reallaşmasına şərait yaradılmalı, insanlar ora qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları təmin olunmalıdır;

 

- Qayıdış prosesi müvafiq zəmanətləri və verifikasiya mexanizmləri olan beynəlxalq hüquqi təminat çərçivəsində baş verməlidir;

 

- Qayıdacaq insanların təhlükəsizliyini təmin etmək üçün qayıdış olacaq ərazilərə müvafiq mandatla beynəlxalq sülh missiyası yeridilməlidir. Həmin missiya İcmanın etibar etdiyi ölkələrin qüvvələrindən ibarət olmalıdır;

 

- Qayıdış prosesində qovulmadan əvvəlki məskunlaşma coğrafiyası bərpa edilməlidir. Geri qayıdanları pərakəndə səpələmək insan hüquqlarına zidd cəhd kimi rədd ediləcək.

 

- Ermənistan qayıdacaq azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təminatı üzrə beynəlxalq nəzarət və monitorinq mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlamalıdır;

 

- Qayıdacaq azərbaycanlıların Azərbaycan ilə xüsusi bağları nəzərə alınaraq, onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsinə şərait yaradılmalıdır;

 

- Ermənistan hökuməti qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını qaytarmalıdır;

 

- Qərbi azərbaycanlılar erməni xalqı ilə barışığa, dinc və yanaşı yaşamağa hazırdır. Ermənistan hökuməti barışığı təşviq etmək üçün səylər göstərməli, dağıdılmış Azərbaycan mədəni irsini bərpa etməli, qorumalı, həyata keçirdiyi yer adları dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son verməlidir;

 

- İcma Qərbi azərbaycanlıların legitim nümayəndəsi və maraqlı tərəf kimi qayıdış prosesi və sonrakı dövrdə bütün müvafiq proseslərdə iştirak etməlidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...