Modern.az

Ağstafada içməli su təchizatı yaxşılaşdırılır - VİDEO

Ağstafada içməli su təchizatı yaxşılaşdırılır - VİDEO

Qərbi Azərbaycan

16 Mart 2023, 15:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Ağstafa rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır.

 

Modern.az xəbər verir ki, Dövlət investisiyası hesabına həyata keçirilən layihə Köhnəqışlaq, Tatlı və Yaradullu kəndlərini əhatə edir. Bu kəndlərdə indiyə qədər mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Köhnəqışlaq kəndində bulaqlardan, Tatlı və Yaradullu kəndlərində isə suvarma üçün nəzərdə tutulan subartezian quyularından istifadə edilib. Əhali içməli suya olan tələbatını uzaq məsafədən daşımaqla ödəyib.

 

Təsdiqlənmiş layihəyə uyğun olaraq Köhnəqışlaq kəndinin su təchizatı  mövcud bulaqdan, Tatlı və Yaradullu kəndləri isə yeni qazılacaq subartezian quyularından veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarları, əhalinin ümumi istifadəsi üçün bulaqların inşası nəzərdə tutulub. Hazırda 5,9 km magistral və 38 km şəbəkə su xətlərinin tikintisi yekunlaşmaq üzrədir, nasos stansiyalarının və anbarların tikintisi davam etdirilir. Ağstafa rayonunun 3 kəndində əhalinin ümumi istifadəsi üçün 256 ədəd bulağın quraşdırılması nəzərdə tutulub.

 

Tikinti quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası Ağstafa rayonunun 3 kəndində 4 minədək sakinin içməli su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq. Qeyd edək ki, Ağstafa rayonu ilə yanaşı hazırda Qazax, Tovuz və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi