Modern.az

Qərbi Azərbaycan İcmasından Ermənistana ÇAĞIRIŞ

Qərbi Azərbaycan İcmasından Ermənistana ÇAĞIRIŞ

Qərbi Azərbaycan

19 Mart 2023, 10:37

"Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti nəticəsində gündəliyə gəlib".

 

Modern.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyi martın 18-də bəyanat verərək bu ölkədən qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququna xələl gətirməyə növbəti dəfə cəhd edib:

 

"Əvvəla, vurğulamaq istərdik ki, sırf insan haqları məsələsi olan Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib. Bizim təşkilatımız 1989-cu ildə təsis edilib və o dövrdən bəri ardıcıl olaraq, geri qayıtmaq hüququmuzun reallaşması uğrunda mübarizə aparırıq. Ermənistanda monoetnik vəziyyətin olduğu hamılıqla bilinən faktdır. Yaxın keçmişədək bu ərazidə azlıq təşkil etmiş ermənilər indi orada əhalinin 99%-dən çoxunu təşkil edirlər. Bu vəziyyət bədnam etnik təmizləmə nəticəsində meydana çıxıb. Ermənistanda qalmış cüzi sayda etnik azlıqlara dekorativ məqsədlə, parlamentdə kvota əsasında müəyyən sayda yer vermək, etnik təmizləmələri və davam edən irqi-ayrı seçkiliyi ört-basdır etmək üçün uğursuz cəhdlərdir. Bir daha vurğulayırıq ki, biz Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq bizim mütləq və əzəli hüququmuzdur. Ermənistan Azərbaycan ilə münasibətlərinin xarakterindən asılı olmayaraq, öz ərazisindən qovduğu sakinlərinin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalıdır".

 

"Biz Ermənistan hökumətini öz ərazisində azərbaycanlıların yaşamış olduğu məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətinə, mədəni irsimizin dağıdılmasına son verməyə və bu qanunsuzluğu aradan qaldırmağa çağırırıq. Biz bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri olan və oradan qovduğu azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmağa, bunun üçün etdiyimiz dialoq müraciətinə cavab verməyə çağırırıq. Nəhayət, bir daha vurğulamaq istərdik ki, öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz", - məlumatda vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır