Qoca könlünün həsrəti qəlblərimizi titrədir, doğma Qaraçanta

Qoca könlünün həsrəti qəlblərimizi titrədir, doğma Qaraçanta

Qərbi Azərbaycan

9 İyun 2023, 14:22

Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalı. Cənub-Qərbi Qafqazda Ələyəz (Alagöz) dağının ətəklərindən tutmuş Arpaçay boyunca uzanan və Arpa gölünün ətrafını əhatə edən ərazinin dağlıq hissəsi Ağbaba, aran hissəsi isə Şörəyel adlanır.

 

İndiki Ermənistanın ərazisində qalan, sonralar Amasiya rayonu adlandırılan Ağbaba qərbdən Çıldır, şimaldan Axılkələk və şərqdən Qızılqoç (Qukasyan) rayonu ilə əhatə olunmuş dağlıq ərazidir.

 

AMEA-nın elmi işçisi Nazim Mustafanın uzun illər apardığı tədqiqatlardan bəlli olur ki, Arpaçay Şörəyeli iki hissəyə ayırır. Qars vilayəti ərazisində qalan hissə Qərbi Şörəyel, indiki Ermənistan ərazisində qalan ərazi isə Şərqi Şörəyel adlanır.

 

Şörəyel nahiyəsi dəniz səviyyəsindən 1500-1800 metr, Ağbaba nahiyəsi isə 1800-2200 metr yüksəklikdə yerləşir. Coğrafi rayonlaşmaya görə Ağbaba və Şörəyel ərazisi Şirək yarımrayonu sayılır.

 

Əsrlər boyu Osmanlı imperiyasının tərkibinə daxil olan Ağbaba ərazisinin böyük bir qismi 1921-ci il Qars müqaviləsi əsasında Ermənistana qatılıb. Ümumiyyətlə, hazırda Ermənistan ərazisində qalan Ağbaba, Şörəyel və Qızılqoç nahiyələrinin birgə ərazisi 2680 kv.km təşkil edir ki, vaxtilə bu ərazilərdə 200-dən artıq türk kəndləri mövcud olub.

 

1918-ci ilədək 39 kəndi özündə birləşdirən və Qars vilayətinin tərkibində olan Ağbaba nahiyəsinin ərazisinin böyük bir qismi əvvəlcə Gümrü (1920), sonra isə Moskva və Qars (1921) müqavilələrinə əsasən, Ermənistanın tərkibinə qatılıb.

 

1930-cu il sentyabrın 30-da Ağbaba nahiyəsinin əsasında Amasiya rayonu təşkil edilib. 1924-1989-cu illərdə Ağbaba nahiyəsində və Amasiya rayonunda Partiya Komitəsinin 14 birinci katibindən 10 nəfərinin, İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyənlərin isə 8 nəfərinin azərbaycanlı olması və nəticə etibarilə 70-ci illərdə əhalinin 84 faizinin azərbaycanlılar, 15 faizinin ermənilər, yalnız 1 faizini digər millətlərin nümayəndələrinin təşkil etməsi ermənilərin ciddi narahatlığına səbəb olub.

 

Tədqiqatçı Nazim Mustafanın yazdığına görə, Ermənistanın Rusiyaya birləşdirilməsinin 150 illiyi ərəfəsində -1978-ci ildə «Ocaq» kitabını yazmaq üçün materiallar toplamaq məqsədilə Amasiyaya gələn Z.Balayan rayonun ərazisini gəzdikdən sonra ermənilərin sayının azlığından narahat olaraq deyir: «Fikirləşib, ciddi tədbir görmək lazımdır və  tədbir də görülür. Azərbaycanlı kadrlar sıxışdırılıb çıxarılır, müxtəlif yerlərdə ali təhsil almış gənclər sərhəd zonasında pasport rejimi qaydaları bəhanə edilərək qeydiyyata götürülmür və bu kimi səbəblərə görə 80-ci illərdə yüzlərlə gənc Azərbaycan ailəsi məcburiyyət qarşısında qalıb Şimali Qafqaza və Qazaxıstana köç edirlər. 1987-ci ilin əvvəllərində rayonun 21 min nəfərlik əhalisindən təqribən 18 min nəfərini azərbaycanlılar təşkil edib. Belə ki, 27 kənddən 21-də sırf azərbaycanlılar, 5 kənddə ermənilər, rayon mərkəzində isə qarışıq yaşayıblar.

 

Ağbaba-şörəyellilərin məşğuliyyəti və ərzaq istehsalı

 

Bu mahalın əsas məşğuliyyətini kənd təsərrüfatı, əkinçilik və heyvandarlıq təşkil edib. Əhali yazda əkinlə, yayda ot və taxıl biçini ilə məşğul olub, ərzaq istehsal edib, mal-qara üçün ot, saman tədarük edib, bir sözlə, payızın ilk ayından qışa qədər hazırlıq görüb. İstehsal etdikləri taxıldan yarmalıq, əriştəlik, bulğurdan 30-dək növdə xörək hazırlayıblar. Bölgəyə xas olan çeçil pendiri və “Əriştə plovu” bu gün də mahalın insanları üçün ən ləziz nemətlərdəndir.

 

 

Oğuz yurdu Qaraçanta

 

Qaraçanta mahalın kəndlərindən biridir. Öncə Qaraçalma, Qaraçəntey, sonralar isə Qaraçanta adlandırılan bu kəndin adının haradan götürüldüyü haqda dəqiq məlumat yoxdur. Qaraçanta adı ətrafında bəzi fikirlər səslənsə də, bunlar heç bir qaynağa əsaslanmır. Kəndin ziyalısı, rəhmətlik Baxşəli Əskərovun və digər tədqiqatçıların araşdırmalarına görə, şübhəsizdir ki, kəndin adında olan «qara» sözü rəng mənası bildirmir. Bu söz, eramızdan əvvəl VII yüzillikdə yaradılmış qədim türk dastanlarından olan «Yaradılış» dastanının baş qəhrəmanı Qara xan, yaşı 1500 ildən çox olan «Kitabi-Dədə Qorqud» dastanının qəhrəmanlarından Qaraca Çoban, nağıl qəhrəmanı Qara Pəhləvan və bir sıra digər adlarla həmahəng olub, igid, cəsur, mərd, məğlubedilməz mənasını verir. Qaraçanta kəndi sonacan adını qoruyub saxlaya bilməyib və 1939-cu il may ayının 4-də inqilabçı bolşevik Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adlandırılıb. 600 ev, 314 ailə, 1750 nəfərdən ibarət olan kəndin təsərrüfatının sayı 320, növü kolxoz, sonradan sovxoz olub. Qaraçanta kəndi Şörəyel mahalının Güllübulaq, Çaxmaq, Mağaracıq, Cələb kəndləri, eyni zamanda, Qars vilayəti ilə sərhəddir, Gümrü şəhərindən 15 km şimal-qərbdə, Gümrü-Amasiya yolunun üstündə, rayon ərazisinin cənub-şərqində, Qartallı dağının ətəyində yerləşir. Dəniz səviyyəsindən təqribən 2500 metr yüksəklikdədir. Yayla xarakteri daşıyır, qışı soyuq, yayı mülayim kontinentaldır.

 

“Duz dağı” və “Qapılı zağa”

 

Qartallı dağının ətəyində yerləşən Qaraçanta kəndinin qarşısında əkin-biçin üçün xeyli yararlı torpaq olub, mal-heyvan otarmaq üçün isə dağın yamacından otlaq kimi istifadə edilib. Bu gün heç bir qaraçantalının unutmadığı “Duz dağ”ının hər iki tərəfi dərə ilə əhatə olunmuşdu. Kənd əhalisi uzunluğu 5-6 metr olan sal daşlara duz tökərək mal-heyvanı duz yeməyə çıxarırdı. Qaraçantalı İmran Namazovun araşdırmasına görə, mənbələrdə bu daşların qədim türk tayfaları olan peçeneqlərə məxsus olduğu göstərilir.

 

Qaraçantanın qədimliyini sübut edən “Qapılı zağa” kəndin tarixi abidələrindən olub. Arpa çayı dərəsinin təxminən 30-40 metr dərinliyində yerləşən üç mərtəbəli mağarada daxili yol olub və bu, düşməndən qorunmaq məqsədi daşıyıb. Eyvan rolunu oynayan 3-cü mərtəbəsində isə sal daşlardan axurlar, at saxlamaq üçün xüsusi yerlər düzəldilib.

 

Şair Şirəkli Həsən Qaraçantada doğulub

 

Araşdırmalara görə XVIII  əsrdə Qaraçanta kəndində şair Şirəkli Həsən adlı bir nəfər yaşayıb. O, Qaraçantada doğulub və Sarıqamışda vəfat edb. Mollaxana və mədrəsədə təhsil almış şair Həsən ərəb, fars, türk, gürcü dillərini bilib. Hacı Səlim Razi “Şirəkli Həsən Əşari” adlanan kitabında şairin 13 gəraylısı, bir qoşması, bir müxəmməsi və 19 bayatısı haqqında məlumat verib. Əksəriyyəti məhəbbət mövzusunda olan şeirlərində o, həm də haqsızlığı, yalançı ruhaniliyi, xəsisliyi kəskin tənqid edib.

 

Qaraçanta tayfaları, mədəniyyət obyektləri, xalçaçılıq, radiolaşma

 

Qaraçanta ildən-ilə böyüyüb, genişlənib, iri tayfalardan yeni tayfalar yaranıb. Kəndin irili-xırdalı 20-dən çox tayfası olub: Süleymanlılar, Alməmmədlilər, Seydilər, Əliflər, Şahvələdlər, Nəsiblər, Kosalar, Haqverdiuşağı, Aydınlar, Qırdılar, Vedilər, Bəhrəmlər, Qəçeylər və s. Kəndin evləri arxitektura baxımından zəngin quruluşa malik olub. Bütün yaşayış evlərinin böyük həyətyanı sahəsi olub. Torpağa meyilli insanlar ondan səmərəli şəkildə faydalanıblar. Əsasən birmərtəbəli olan kənd evləri son dövrlər ikimərtəbəli evlə əvəzlənib. Dağın üstündə yerləşən evlər isə kəndə xüsusi yaraşıq verib. Şərti olaraq “Qaş”, “Daşdərə”, “Təzə məhlə” və “Köhnə məhlə”yə bölünən kəndin görünüşünə səliqə ilə düzülən evlər xüsusi gözəllik qatıb. Qaraçanta mədəni cəhətdən inkişaf edən kəndlər sırasında olub. Kənddə ikimərtəbəli mədəniyyət evi və kənd sovetliyinin binası, klub, kitabxana, poçt və ATS binası, həkim məntəqəsi, futbol, voleybol, basketbol oynamaq üçün meydançalar olub. Kənd camaatının mədəni əyləncə yeri hesab olunan klub Böyük Vətən Müharibəsindən sonra inşa edilib. Klubun 400 nəfərlik zalında gənclərin maraq dairəsində olan ekran əsərləri, “Azərbaycanfilm”in istehsalı olan filmlər və hind filmləri nümayiş etdirilib. Bir faktı da qeyd edək ki, kənd elektrik enerjisi ilə 1934-cü ildə təmin edilib. Rayon mərkəzinə çəkilmiş yüksək gərginlikli elektrik xəttləri Qaraçantanın mərkəzində tikilib, on metr yüksəklikdə olan daş budkadan keçib rayona getdiyindən ilk elektrik işığı alan kənd məhz Qaraçanta olub və kənd həmin ildən etibarən radiolaşdırılıb. Kənd sakini Rza Mövlayevin evində rayonda fəaliyyət göstərən Xalçaçılıq Fabrikinin filialı olub və bu sahəyə marağı olan kənd sakinlərinə üç aylıq kurslar çərçivəsində xalçaçılığın sirləri öyrədilib.

 

Qaraçantada təhsil

 

Kənddə dünyəvi dərslərin əsası 1927-ci ildə qoyulub. Ona qədər kəndin ali ruhani təhsili almış sakinləri Hacı Əmrah (Hacı Əmrah 37-ci ilin qurbanlarından olub – P.İ) və Molla Sadıq kənd uşaqlarının dərslərinə nəzarət edib, təhsil almalarına yardımçı olublar. Dünyəvi dərslərə başlananda din xadimləri buna qarşı olsalar da, 1938-ci ildə kənddə 7 illik məktəb açılıb, 1962-ci ildən isə orta məktəbə çevrilib. Kənddə 650 şagird üçün üçmərtəbəli məktəb də fəaliyyət göstərib. 61 ildə məktəbin natamam və orta təhsilli minlərlə məzunu olub. Onlardan müəllim, həkim, mühəndis, jurnalist, kənd təsərrüfatı mütəxəssisləri, pilot və s. yetişib. Kənd fəlsəfə və elmlər doktorlarının sayına görə də öncül yerlərdədir. Yarandığı gündən 1988-ci ilə qədər olan dövrdə şagirdlərin yüksək mütəxəssis kimi yetişməsində məktəbə rəhbərlik edən direktorların - Məmmədrəhim müəllimin, Ələkbər müəllimin, Kərim Yusifovun, Ələkbər müəllimin, Əsəd müəllimin, Bəşir Məmmədovun, Kərim Əsgərovun, Məsim Bayramovun və Şahbəndər Əliyevin müstəsna xidmətləri olub. Amasiyanın müxtəlif kəndlərində dərs deyən müəllimlərdən Şəfiqə Məhərrəmova, Ceyran Zeynalova, Cəfər Mustafayev və Səttar Hacıyevə yetirmələrinin yüksək göstəricilər əldə etməsinə görə “Əməkdar müəllim” fəxri adı verilib.

 

Qaraçantada məscid və inam ocaqları

 

Ağbaba-Şörəyel mahalında, o cümlədən Qaraçantada əhali dindar olub. Qaraçanta haqqında yazılmış “Dumanda itən Vətən” kitabında qeyd olunur ki, 1914-cü ilə qədər 40 ailədən  ibarət olan kənddən 10 nəfər Məkkəyə, 9 nəfər Kərbəlaya, 15 nəfər isə Məşhədə gedib ki, bu sırada Hacı Əmrah, Hacı Molla Əli, Kərbəlayi Qəhrəman, Məşədi Ələkbər və s. adlarını çəkmək olar. Məhərrəm ayının ilk on günündə kənd camaatı evlərə toplaşıb, mərsiyə oxuyublar. Kənddə məscid olduğundan Aşura günü bütün əhali məscidin önünə yığışar, şərbət paylayarlarmış. Qaraçanta məscidi müəyyən bəhanələrlə cəza alaraq Sibirə sürgün edilən və orada qızıl mədənində işləyən Haqverdi və Elləzin maddi yardımı hesabına tikilib. Kənd sakinlərinin bildirdiyinə görə, Haqverdi ermənilər tərəfindən öldürülüb və təxminən 1870-1880-ci illərdə baş verən bu hadisədən sonra Elləz məktub yazaraq Haqverdinin oğlu Qurbanı və öz oğlu Səmədi Sibirə çağırtdıraraq onlara kənddə məscid tikdirmək üçün vəsait verib. Bacıoğlulu usta tərəfindən inşa edilən məscidin tamamlama işləri 1900-cü illərdə başa çatan vaxt Elləz kişi həbs cəzasını başa vuraraq kəndə qayıdıb. Məscidin yanında dəstəmaz almaq üçün bulaq da tikilib.

 

Kənddə inam yerlərindən biri də Nəcəf Qurbanov və Fatma Qurbanovanın evində olan ocaqlıq olub. Sonradan ocaqlıq Böyük Vətən Müharibəsində itkin düşən oğlu Musa, onun yadigarı Yəhya Qurbanov və ailəsi tərəfindən qorunub. Kənd camaatının ziyarət etdiyi müqəddəs yerlərdən biri də Seyid Məhəmmədin ocağı olub. Seyid Məhəmməddən sonra onun yurdunda Seyid Bayram, Seyid Heydər olub. Ocaqlıq hazırda Gəncədə yaşayan Seyid Ümidin evində qərarlaşıb.

 

Kolxoz

 

Kənddə kolxoz 1929-cu ildə qurulub və ilk sədri Mustafa Məmmədov təyin edilib.

 

İsaq Aydınov sovet sədri, Cəfər Xəlilov isə katib olub. Kolxoza, eyni zamanda, Allahverdi Qurbanov, Səməd Seyidov, Əmiryusif Məmməov, Məcid Əliyev, Əbdüləzim müəllim, Qasım Əliyev, Cahangir Ramazanov, Vəli müəllim, Ələkbər müəllim, Məhəmməd Məmmədov, Müzəffər Xıdırov, Ələsgər Həmzəyev, Adil Qəfərov, Mehralı Xəlilov, Nadir Namazov, Abbasəli Əsgərov və Telman Mövlayev sədrlik ediblər. İsaq Aydınovdan sonra Gülbəs Haqverdiyeva, Elbəyi Hüseynov, Abbasəli Əsgərov və Nadir Namazov kənd sovet sədrləri olublar.

 

Kəndə xas olan adlar

 

Kənd ərazisinə düşən dağ, dərə, bulaq, yer, qaya, o cümlədən pencər, giləmeyvə, yemək, qab-qacaq, yanacaq, yağıntı, əşya adlarının bəziləri bu gün qaraçantalıların işlək sözləri kimi istifadə olunur. Siyahı uzun olsa da, onlardan bəzilərini qeyd edək. Dağ və təpələrdən: Hülley dağı, Yastı dağ, Orta təpə, Duz dağ, Üçgözlər, Baldırğanlı, Qartallı dağ, Tülkü təpəsi, Köhnə yayla, dərələrdən: Məmmədağa, Daş dərə, Ömər dərəsi, Kazım dərəsi, Şamırlı, Arpa çayı dərəsi, bulaqlardan: Göy bulaq, Alməmmədlilərin bulağı, Seyidlərin bulağı, Ömər dərəsinin bulaqları, Məşədi Namazın bulaqları, Daharın bulağı, Məscid bulağı, yerlərdən: Qəmərə, Qara kahının üstü, Qapılı zağa, Dəyirman yolu, Arxaclar,  qayalardan: Top qaya, Qatar qaya, Şiş qaya, sahibinin adı ilə: Nəcəfin, Cabbarın, Abbasqulunun, Məhəmmədin, İsoyun yeri, Həsənin çayırı. Baldırğan, lilpar, toppuz, əvəlik, yarpız, qazayağı, yemlik, quşəppəyi, bağa yarpağı, qımı quzuqulağı, laladibi, dambıl, unnuca pencər və giləmeyvə kimi istifadə edilib. Əriştə plovu, xaşıl, çəkməcə, əppəyişi, şil aşı, cızdax, döymənc, yaxmac, lavaş, çeçil pendir kənd əhalisinin sevimli yeməklərindən olub.

 

Kənd əhalisi tava, qıp, tabax, parç, quyruxlu, tənəkə, quley qabı, sini, yaba, rəfətə, peşkir, kikrə, cəhrə, mindar, qantar, qəməlti kimi qab-qacaq və əşya adlarını bu gün də unutmayıblar.

 

Bayramlar: Orucluq, Qurban və Novruz

 

Amasiyanın bütün kəndlərində, o cümlədən Qaraçantada toy, sünnət, kirvəlik tam olaraq milli adət-ənənəyə uyğun keçirilib, bütün bayramlara çox dəqiqliklə əməl edilib. Orucluq və Qurban bayramları ən əziz bayramlardan hesab olunub, Novruza xüsusi hazırlıq görülüb. Novruz bayramına üç ay qalmış çillə girib, bir ay qalanda başa çatıb. Həmin dövrün ilk 40 günü böyük çillə, son 20 günü isə kiçik çillə adlanıb. Kiçik çillədə daha çox gənc qızlar “çillə” çıxardıb, bir evə yığışaraq “lal” suya başına pambıq dolanmış iki iynə və üzük salaraq fala baxıblar. Novruz bayramına tam 40 gün qalanda Xıdır Nəbi (buna daha çox Xıdır Elləz deyiblər) bayramı keçirilib. Bu bayramın qarşılanması ilə əlaqədar onun şərəfinə qovut düzəldilib, “duzlu gilik” bişirilib. Fal növü olan “Duzlu gilik”in xəmirinə üç qat duz qatılıb, əsasən subaylar yeyib. Yuxusunda ona su verən gənc həmin şəxsin gələcək həyat yoldaşı kimi yozulub. Ağbaba-Şörəyel mahalında İlaxır çərşənbə də böyük təmtəraqla keçirilib. Həmin gün süfrə 7 ləvinlə bəzədilib, martın 21 və 22-də əsl şadyanlıq olub: tonqaldan atlanma, qapı pusma, sulaşma və s. Sulaşma günü kim kimin qarşısına əlində su dolu vedrə, qab çıxıbsa, həmin suyu onun başına töküb. Mahalın ən əziz bayramlarından hesab olunan Orucluq və Qurban bayramlarında nişanlı qızlara oğlan evindən bayram payı, xələt aparılıb. Əgər qız təzə gəlin köçübsə, bu bayramlarda hökmən ata evindən ona qurbanlıq aparılıb. Paylar xonçada olmaqla bir neçə şəxs tərəfindən həyata keçirilib. Gəlinə, bəyə, evin bütün sakinlərinə, hətta oğlanın nənə, baba, əmi və dayılarına xələt aparılıb.

 

Toy adətləri

 

Mahalın toy mərasimlərinin özünəməxsus xüsusiyyətləri olub. Evləndirmək məsələsi tərəflər arasında qeyri-rəsmi qaydada razılaşdırıldıqdan sonra “hə” cavabı, adətən, ikinci görüşdə həll edilib, razılıq şirnisindən sonra “bəlgə” olub. Toy oğlan evində iki, qız evində isə bir gün çalınıb. Qız alan tərəf bütün xərcləri ödəyib və el arasında buna “toy” kəsimi deyilib. Gəlin gətirilən vaxt toy evinə 3-5 kilometr qalmış əvvəlcədən hazırlanmış atlılar yarışa durub və kimin atı toy evinə tez çatıbsa, nəmərlə mükafatlandırılıb. Atın boyuna dərhal bir qırmızı kələğayı, yaxud ipək parça bağlanıb. Ailə quran qıza yaxınlarından bacı tutulub və onlar oğlanın qardaşlıqları ilə “şah” bəzəyiblər. Yolkaya bənzəyən “şah”ın üstü şokalad və konfetlə dolu olub. Gəlin, adətən, piyada aparılıb. Ən maraqlı məqam isə çalğıçıların “Güləşəngi” havasını çalmaları, bəyin ata-anasının bu havaya güləş tutmaları olub. İştirakçılar qadının tərəfini saxlayıb, kişinin ayağından tutaraq yıxıblar. Bu, həm də yeni evlənənlərə güclərini göstərmək anlamına gəlib. Gəlinin qarşısında heyvan kəsilməsi, onun boşqab sındırması da ənənədən olub. Daha bir maraqlı məqam bəyin evin başına çıxaraq əlində tutduğu almanı gəlinin başına vurması olub. Deyilənə görə, almanın vurulması dözümlü olmaq anlamı verib. Almadan sonra gəlinin başına konfet və pul tökülüb. Evə keçən gəlinin qarşısına düzdükləri çörək və lavaşları sağ əliylə sol çiyninə, qəndi isə ağzına qoyurdu. Bu da gəlinin ayağının bərəkətli olması ilə izah edilib. Bundan sonra iki qadın zurnaçıların müşayiəti ilə “Gəlin tərifi” oxuyublar. Qaraçanta toylarını Vlademir, Yunis Əliyev qardaşları və Bəysafa Əliyev aparırdı.

 

Dəfn mərasimləri

 

Qeyd etdiyimiz kimi, bu mahalda əhali dindar olub və son mənzilə yola salınan şəxs üçün bütün dini ayinlərə əməl edilib. Mərhumun son nəfəsində “Yasin” surəsi oxunur, kənd məscidinin qarşısında meyit namazı qılınır, “mərhumun haqqını halal edin”, - deyilirdi. Mərhumun qırxı çıxmamış xeyir iş edilmirdi, edilsəydi belə mərhumun evinə gedilər və icazə alınardı.

 

Qaraçantalı Aşıq Musa

 

Ağbaba-Şörəyel mahalının Aşıq Nəsib, Aşıq Şenlik, Aşıq İsgəndər, Aşıq Faxur, o cümlədən qaraçantalı Aşıq Musa kimi adlı-sanlı aşıqları çox olub. Aşıq Musa Nəcəf və Fatmanın yeganə övladı olmayıb. Onun Xeyrulla adlı qardaşı və Laləzar adlı bacısı olub. Aşıq Musa 32, Xeyrulla Qurbanov isə 19 yaşında Böyük Vətən müharibəsi iştirakçısı olub və heç biri geri dönməyib. Laləzar isə Ellərkəndli Molla Sait ilə ailə qurub. Molla Sait Heydər və Əkbər adlı oğlanları ilə Qarsa köçüblər. Aşıq Musa güclü səsə, zəngin söz ehtiyatına malik şəxs olub. O, Gümrüdən Qaraçantaya adəti üzrə sazı qoynunda çala-çala gələr və sazın səsi ətrafı bürüyərmiş. Aşıq Musa gözəl məclis aparar, “Şah İsmayıl”, “Abbas və Gülgəz”, “Əsli-Kərəm”, “Leyli və Məcnun”dan danışarmış.

 

37-ci ilin repressiyası və Böyük Vətən müharibəsi

 

1930-40-cı illər Qaraçantanın qara günləri kimi tarixə düşüb. Onlarla insan repressiyaya məruz qalıb, həbsə atılıb, sürgün edilib, bəziləri isə Türkiyədə sığınacaq tapıblar. Böyük Vətən müharibəsi Ağbaba-Şörəyel mahalına böyük zərbə vurub. Müharibə dövründə minlərlə adam səfərbər olub. 1941-ci ilin 23 iyunundan 1945-ci ilin aprel ayına qədər 750 nəfər sakini olan Qaraçantadan 150 nəfər, hətta bir ailənin 4-5 üzvü eyni vaxtda müharibəyə çağırılıb və yarıdan çoxu geri qayıtmayıb.

 

Qaraçanta şəhidləri

 

Birinci və İkinci Qarabağ müharibəsində qaraçantalı igidlər torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıblar. Milli qəhrəman Səxavət Məhərrəmov, “Azərbaycan bayrağı” ordenli, mayor Məhərrəm Seyidov, baş leytenant Daşqın Səmədov, leytenant Tələt Əliyev, Arslan Bayramov, Mehman Məhərrəmov, Əli Rəfiyev, Şair Rzayev və Elvin Həsənovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

 

Bu günlərdə qaraçantalıların iştirakı ilə mayor Məhərrəm Seyidov haqqında çəkilən sənədli filmin və kəndin həyatından bəhs edən “Qaraçanta” kitabının təqdimatı keçirilib. Kənd sakinləri Qərbi Azərbaycan icması, qurumun Amasiya rayonu üzrə icması və “Qaraçanta” birliyi ilə sıx şəkildə işləyir, Qərbi Azərbaycana qayıdışın artıq strateji məsələ kimi ölkənin gündəmində olduğunu nəzərə alaraq, Amasiya rayonundan olan şəxslərin koordinasiyası, onların təşkilatlanması və gücləndirilməsi istiqamətində fəallıq nümayiş etdirirlər.

 

Dekabr, 1988-ci il...

 

Maşınımız kənddən çıxdı. Əvvəl Amasiyaya, oradan da Gürcüstan yolu ilə Qazaxa keçməliydi. Qonşular bir-biriylə öpüşüb-görüşür, göz yaşlarına hakim ola bilmirdilər. Hamının gözlərində dərin bir kədər var idi. Qarlı qış günündə canımızı sinəmizə şələləyib doğma torpaqlarımızdan ayrıldıq!


Kəndimizi qoynuna alan Hülley dağına son dəfə tamaşa edirdim. Dağ elə bil yerindən qopacaqdı, elə küskün, elə zəhmli görünürdü ki, vüqar və əzəmətindən əsər-əlamət yox idi! Sanki bizə qoşulmaq, bizimlə gəlmək istəyirdi. Maşın kənddən uzaqlaşdıqca, Hülley doğmasına, isti ocağına xəyanət etmiş kimi özünü gizlətdi, qalın bir dumana büründü. Deyirdilər, o bir nişanədir. Başında qalanan tonqal Qarsa bir işarədir, çətinliyimizin, sıxıntımızın işarəsi… Nişanəmiz yoxdur artıq!

 

Bu ayrılıqdan 35 il ötsə də...

 

Ümidimiz heç vaxt ölmədi. Dönəcəyimizə, qovuşacağımıza inamımız itmədi. O gün mütləq olacaq. Bir vaxtlar xəyal etdiyimiz Şuşamızdan, Ağdamımızdan, Kəlbəcərimizdən gələn səsimiz, gün olacaq Gümrüdən Cələbə, oradan üzü Amasiyaya tərəf yolun solunda yerləşən doğma Qaraçantadan eşidiləcək! Mən də nikbin, təbəssüm və qürurla yolun sağında və solundakı köhnəlmiş, amma xatirələrlə dolu məktəbimizdən, müəllimlərimizdən danışacaq, dükanımızın və poçtumuzun yanından ötərək Rəcəb dayımın, Mehdi müəllimin, Gülbəs mamamın, Ələs mamamın qəribsəyib, sınıxmış evlərinə baxacaq, anam Xanımzərin sevimli qonşuları Şahsənəm, Süsənbər, Qəndab xalaları axtaracaq, Muradxan dayımın kənd uşaqlarının həyatında xüsusi yeri olan və sanki hər səhər çiçəklərini onların üzünə açan meyvə bağına, oradan da nənəm Gülcamalın evinə sarı gedən yola nəzər salacağam. Hə, bir də qız-gəlinlərimizin başına toplaşaraq şirin-şirin danışıb-güldükləri, qab-qacaq yuduqları, qantarlarla su daşıdıqları buz kimi suyu olan mustuqlu qoca bulağımıza...

 

Evimizə… Nəcəf, Musa, Yəhya yurduna, Fatma ocağına…

 

Toz basmış olacaq, bəlkə də heç olmayacaq... Köçəndə maşında yer olmaz deyə bir küncə qoyduğum məktəbli çantam belə tapılmayacaq! Yox ediblər hər şeyi, bütün nişanələrimizi...


Amma ümidimizi...

 

Onu yox edə bilməyiblər. Əzəmətini itirməyib Ağbaba-Şörəyel mahalının 27 kəndindən biri olan Qaraçanta. Vüqarlıdır! Qoca könlünün həsrəti qəlblərimizi titrədir, doğma Qaraçanta! Sənə dönəcəyik! Birlik, bərabərlik, qardaşlıq rəmzi olan “Yallı”nı qoynunda ifa edəcəyimiz gün uzaqda deyil. Xəbərin olsun, yaddan çıxmağa qoymuruq, toy-düyünlərimizdə qocalı-cavanlı, kişili-qadınlı hamımız “Yallı” gedirik, birgə qalmağa çalışırıq. Birgə qalırıq ki, sənə tez dönək, tez qovuşaq!


Bilirsənmi, atam artıq qocalıb. Amma sənin daşından, qayandan, torpağından əlinə çəkdiyi qabarlar hələ də yerindədir. Hülleyə de ki, tələssin, qorxuram, gec olar deyə. Daha əvvəlki kimi oxuya bilmir “Qara Ceyran”ı. Bəzən sözlərini unudur, anam da kövrəlir, biz də... O, atasını, əmisini müharibədə itirib indiyədək acısını, ağrısını çəksə də, qovuşacaqlarına ümidini itirmədiyi kimi, biz də sənə dönəcəyimizə ümid edirik, təkcə ümid yox, həm də inanırıq!


Çünki ömrümün daşlaşmış 10 yaşlı xatirələrimə, 35 ildir həsrətini çəkdiyimiz ata-baba torpaqlarımıza, doğma yurd-yuvamıza, evimizə, məktəbimizə, dükanımıza, kitabxanamıza, bulaqlarımıza, yollarımıza, dağlarımıza, dərələrimizə çox ehtiyacım var axı!

 

Pərvanə İbrahimova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ - Ordumuza təslim olmayan məşhur erməni polkovnik öldürüldü?