Modern.az

Bakıdan Zəngəzur dəhlizi ilə bağlı qəti mövqe - Proses sürətlənir...

Bakıdan Zəngəzur dəhlizi ilə bağlı qəti mövqe - Proses sürətlənir...

Qərbi Azərbaycan

26 İyul 2023, 10:22

Zəngəzur dəhlizinin açılması Azərbaycanın xarici siyasətində prioritet istiqamət təşkil edir. 44 günlük Vətən müharibəsindən sonra gündəmə gətirilən dəhliz məsələsində Bakının mövqeyi qəti və prinsipialdır.

 

Ölkə rəhbərliyi istər daxildə, istərsə də beynəlxalq müstəvidə keçirilən görüşlərdə dəfələrlə bu mövzuya toxunaraq, regionun iqtisadi mənzərəsini dəyişdirəcək layihənin reallaşmasının vacibliyinə toxunub. Prezident bu yaxınlarda Şuşada keçirilən Qlobal Media Forumunda da Zəngəzur dəhlizindən söz açaraq, yeni mesajlar verib.

 

"Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq", - Azərbaycan lideri çıxışında vurğulayıb.

 

Doğrudur, dəhlizin açılmasına region ölkələrinin münasibəti birmənalı deyil. Rusiya və Türkiyə kommunikasiyaların açılmasında maraqlı tərəf kimi çıxış etsə də, İran regionda yeni bir yolun açılmasına qarşıdır. Xüsusilə son vaxtlar Azərbaycanla diplomatik münasibətlərin pozulması fonunda Tehranın siyasi baxışları Bakını qətiyyən razı sala bilməz.

 

İran rejimi istəsə də, istəməsə də dəhliz açılmalıdır. Bəs nə vaxt? 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Elşad Mirbəşiroğlu söyləyib ki, Zəngəzur dəhlizinin açılması üçün işlərin 70 faizi Azərbaycan tərəfindən yekunlaşıb.

 

“Bunu Azərbaycan Prezidenti çıxışında vurğulayıb. Bu, ona dəlalət edir ki, Zəngəzur dəhlizinin açılması realdır. Zəngəzur dəhlizinin açılması bütövlükdə regional kommunikasiya sisteminin yeni bir keyfiyyət mərhələsini formalaşdıracaq. Biz dəfələrlə qeyd etmişik ki, Zəngəzur dəhlizinin geoiqtisadi əhəmiyyəti olduqca böyükdür. Bundan regionun bütün ölkələri yararlanmaq imkanlarına malik olacaq. Bizim xarici siyasətimizin prinsipləri ondan ibarətdir ki, dünya ölkələri ilə konstruktiv əlaqələr formalaşdırıb, inkişaf etdirək”,- deyə parlamentari bildirib.

 

E.Mirbəşiroğlu vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması siyasi münasibətlərə də öz təsirini göstərəcək:

 

“İran bizim qonşularımızdan biridir. Azərbaycanla İran arasında kifayət qədər iqtisadi əlaqələr mövcuddur. Ayrıca olaraq qeyd etmək istəyirəm ki, İranla Azərbaycan arasında İranın ərazisindən keçməklə Naxçıvanla ölkəmizin qərb hissəsini birləşdirəcək yolun inşa edilməsi ilə bağlı razılıq əldə olunub. Bu baxımdan hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması region ölkələri üçün çox yaxşı töhfələr verə bilər. Təbii ki, region dövlətləri də bu məqamdan çıxış edərək, maraqlarını ifadə edə bilərlər. İnkişaf etmiş kommunikasiya imkanları həm də siyasi münasibətlərə öz müsbət təsirini göstərəcək. Çünki kommunikasiya təması artırır. Bütün hallarda hesab edirəm ki, hazırkı reallıqlar Zəngəzur dəhlizinin açılmasına böyük ümidlər yaradır”.  
 

 

Politoloq Qədir Aslan isə hesab edir ki, İranın Zəngəzur dəhlizinə dair ritorikası birbaşa olaraq Rusiya ilə bağlıdır.

 

“İranın Zəngəzur dəhlizi ilə bağlı ritorikası Kremldən gəlir. Tarixi gözəl bilən insanlar Moskva və Tehranın bu proseslərdə birgə addımladığını anlayır. Ona görə də İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Rusiya ilə eynilik təşkil edir”, - o bildirib.

 

Q.Aslan düşünür ki, hazırda baş verən hadisələr Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək: “Burada bir məsələ var ki, Rusiya ilə İran münaqişənin həllində maraqlı deyillər. Zəngəzur dəhlizinin açılmasına İranın törədəcəyi bir maneə var idi, o da konsulluq açmaqdı. İrəvan gözləyirdi ki, İran siyasi prosesin davamını gətirsin. Ancaq onlar gördülər ki, İranın bunu etməyə gücü çatmır. Unutmaq lazım deyil ki, İran və Rusiya iki ildir ki, sanksiyalar altında qıvrılır.

 

Mən düşünürəm ki, İranın mövcud gərginliyi azaltmasında bir sıra faktorlar var. Bunlar Azərbaycan, Türkiyə və İsrailin regiona təsiri, ölkəmizin 44 günlük savaşdan qalib ayrılmasıdır. Qeyd olunan bütün məsələlər prosesə öz təsirini göstərir. Xəbər var ki, Fransa da Zəngəzurda konsulluq açmaq istəyir. Baxın, vektorlar eynidir. Ölkəmiz soyuqqanlılıq nümayiş etdirərək Moskva, Tehran və Parisin siyasətinə qarşı müqavimət göstərir. Bir daha qeyd etmək istəyirəm ki, bu, yaxınlaşmaq deyil, şərtlərin diqtə etdiyi vəziyyətdir. Ancaq təbii ki, bütün hadisələr Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna bu əraziləri azad etdi - Ruslar geri çəkilir