Modern.az

Ərdoğan və Əliyevin tarixi Naxçıvan görüşü - Zəngəzur dəhlizi ilə bağlı mühüm MESAJ

Ərdoğan və Əliyevin tarixi Naxçıvan görüşü - Zəngəzur dəhlizi ilə bağlı mühüm MESAJ

Qərbi Azərbaycan

25 Sentyabr 2023, 10:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün 2023-cü ildə ikinci dəfə Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana gələcək.

 

Ərdoğanın tarixi səfəri Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir neçə gün sonraya təsadüf edir. 24 saatdan az davam edən antiterror tədbirləri nəticəsində erməni separatçılar ağ bayraq qaldırmağa və təslim olmağa məcbur olub. Haızrda separatçılar silahlarını Azərbaycan ordusuna təhvil verir.

 

Türkiyə Prezidentinin səfərinin gündəliyində 3 mühüm məsələ var.

 

Qarabağ

 

Rəsmi məlumatda bildirilir ki, Ərdoğan və İlham Əliyev görüş zamanı Qarabağdakı son hadisələri müzakirə edəcək. lokal antiterror tədbirləri zamanı Azərbaycana ən çox dəstək verən ölkə Türkiyə olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı Qarabağla bağlı məsələyə də toxunub. Cənubi Qafqazda sülhün, sabitliyin bərpasının əsas hədəf olduğunu bildirən Ərdoğan Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə əməl etdiyini və bundan sonra da edəcəyini bildirib:

 

"Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status qəbul edilməyəcək. Ermənilər də daxil, hər kəsin Azərbaycan torpaqlarında sülh şəraitində yan-yana yaşaması birinci hədəfimiz olmalıdır. Tək millət-iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünə dair attığı addımları dəstəkləyirik”. Antiterror tədbirləri zamanı və sonrasında Türkiyə Prezidenti, müdafiə naziri, xarici işlər naziri azərbaycanlı həmkarlarına zəng edərək dəstək ifadə edib.

 

Iğdır-Naxçıvan təbii qaz kəməri

 

Dövlət başçıları İğdır-Naxçıvan təbii qaz kəmərinin təməlqoyma mərasimində iştirak edəcək. 2000-ci il dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq.

 

85 kilometrlik boru kəməri ilə illik 500 milyon kubmetr qaz nəql ediləcək. Qeyd edək ki, hazırda Naxçıvanın “mavi yanacağ”a tələbatı 2004-cü ildə İranla bağlanılmış svop müqaviləsi əsasında həyata keçirilir. 

 

Azərbaycan və Türkiyə liderləri, həmçinin modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcək. 

 

Zəngəzur mesajı

 

Türkiyə mətbuatının məlumatına görə, liderlər görüş zamanı Zəngəzur dəhlizini müzakirə edəcəklər. Ərdoğan BMT-dəki çıxışı zamanı da Zəngəzur məsələsinə toxunmuşdu. "Biz Ermənistandan başda Zəngəzur koridorunun açılması olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik", - Ərdoğan deyib. Ərdoğanın Naxçıvanı Azərbaycanın şərqi ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı mühüm mesajlar verəcəyi gözlənilir.

 

Zəngəzur dəhlizi Türkiyədən Mərkəzi Asiya ölkələrinə, eləcə də Azərbaycana birbaşa quru nəqliyyatı təmin edəcək və Türk Dünyası ilə ticarət, logistika və siyasi əlaqələr daha da güclənəcək. İkinci Qarabağ müharibəsinin başa çatmasından 3 il keçməsinə baxmayaraq, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini hələ də yerinə yetirməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi