Modern.az

İcma Aİ rəsmisinə cavab verdi

İcma Aİ rəsmisinə cavab verdi

Qərbi Azərbaycan

17 Noyabr 2023, 17:50

Avropa İttifaqının (Aİ) rəsmisi Peter Stano Ermənistanın “Armenpress” xəbər agentliyinə 2023-cü il noyabrın 17-də verdiyi müsahibəsində təxribatçı və ayrı-seçkilik xarakteri daşıyan bəyanatlar verməklə regionda vəziyyəti gərginləşdirməyə çalışıb.

 

Aİ rəsmisi Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana köçmüş ermənilərin qayıtmaq hüququ barədə danışdığı halda, Ermənistandan qovulmuş 300 min azərbaycanlının qayıdışı barədə heç nə deməmişdir. Bu, etnik və dini zəmində ayrı seçkilikdir. Xatırladaq ki, dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, Aİ  bizim qayıdış hüququmuz barədə mövqeyini ictimai şəkildə ifadə etməkdən imtina edir.

 

Modern.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının Avropa İttifaqının (Aİ) rəsmisi Peter Stanonun təxribatçı və ayrı-seçkilik xarakteri daşıyan fikirləri barədə bəyanatında yer alıb.

 

Bildirilib ki, bundan başqa, Aİ rəsmisi Ermənistanın ərazi bütövlüyünün qorunmasından müqəddəs vəzifə kimi dəm vuraraq, Azərbaycanı təhdid etmişdir. Əvvəla, Aİ-yə yaxşı məlumdur ki, Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Bundan əlavə, 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü pozmuş, işğal etdiyi Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlını qovmuş və Azərbaycanın minə yaxın şəhər və kəndini dağıtmış Ermənistanın əməllərinə göz yuman Aİ-nin indi Ermənistanın heç bir təhdid altında olmayan ərazi bütövlüyünün müdafiəsinə qalxması ikiüzlülükdür.

 

Aİ rəsmisinin Azərbaycanın “Qarabağda birtərəfli hərbi addım atması”ndan əndişələnməsi riyakarlıqdır. Azərbaycan öz suveren ərazisində əməliyyat keçirməyə görə heç kimdən, o cümlədən Aİ-dən icazə almır və heç kimə hesabat vermir.

 

Qarabağda beynəlxalq qüvvələrin mövcudluğunun vacibliyini vurğulayan Aİ qoy gedib belə missiyaların Aİ ölkələrinə, məsələn, irqçilik və islamofobiyanın çiçəkləndiyi, Korsika dilinin qadağan edildiyi Fransaya və ya rus etnik azlığına qarşı ayrı-seçkilik siyasəti yeridən Litvaya göndərilməsi ilə məşğul olsun.

 

Aİ Azərbaycanın daxili işlərinə müdaxilə kimi düşük və təkəbbürlü əməllərinə son qoymalı, bölgədə vəziyyəti gərginləşdirən ikiüzlü və ayrı-seçkilik siyasətindən əl çəkməli, Ermənistanın silahlandırılmasını dayandırmalı və bu ölkədən qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməlidir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var