Modern.az

Qərbi Azərbaycan konstitusiyamızda - Ermənistan qanunlarını dəyişməsə...

Qərbi Azərbaycan konstitusiyamızda - Ermənistan qanunlarını dəyişməsə...

Qərbi Azərbaycan

14 Mart 2024, 16:16

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane törədən bir sıra məsələlər var. Onların başında Ermənistan konstitusiyasında, müstəqillik bəyannaməsində yer alan müddəalar dayanır. 

 

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan da bir neçə dəfə etiraf edib. Belə ki, o da, ölkənin parlament spikeri də konstitusiyaya dəyişiklik etmək istiqamətində açıqlamalar verib. Buna baxmayaraq, hələ də əməli addım atılmayıb.


Azərbaycanda bəzi siyasi şərhçilər və ekspertlər İrəvanın qanunvericiliyinə dəyişiklik etməyəcəyi təqdirdə, rəsmi Bakının Qərbi Azərbaycan məsələsini öz konstitusiyasına və təhlükəsizlik konsepsiyasına daxil etməsini təklif edib.


Məsələ ilə bağlı Modern.az-a danışan Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov söyləyib ki, əsas hədəf yaxın gələcəkdə Qərbi Azərbaycanlıların öz yurd-yuvalarına qayıdışıdır:
 

"Ermənistanın konstitusiyasına dəyişiklik edib-etməməsindən, bizdə konstitusiyada necə olmasından asılı olmayaraq, qərar qəbul edib, tədbirlər planı hazırlamışıq. İcmada təsdiq etmişik ki, biz yaxın gələcəkdə doğma dədə-baba torpaqlarımıza qayıdacağıq. Beynəlxalq ictimaiyyətə çağırışlar etmişik, BMT-yə müraciət etmişik ki, dünya bizə rahat, müharibəsiz, sülh yolu ilə öz dədə-baba torpaqlarımıza getmək üçün şərait yaratsın. İlk növbədə buradakı məskənlərimizi, qəbristanlıqlarımızı ziyarət edək. Bu istiqamətdə addımlara atmaqda qərarlıyıq. İnşallah hədəfimizə nail olacağıq".

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov vurğulayıb ki, Ermənistanın konstitusiyası dəyişilmədən dövlətlərin qarşılıqlı olaraq ərazi bütövlüyünü ehtiva edən sülh müqaviləsinin imzalanması və qüvvəyə minməsi mümkün deyil:
 

“Ermənistan konstitusiyasının preambula hissəsində Ermənistanın müstəqillik aktına istinad var. Ermənistan müstəqillik aktının preambulasında isə Qarabağ Ermənistanın tərkib hissəsi kimi tanınır. Eyni zamanda Ermənistan konstitusiyasının 6-cı maddəsində qeyd olunur ki, Ermənistanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr yalnız konstitusiyaya uyğun olduğu şəraitdə ratifikasiya oluna bilər.
 

Bu o deməkdir ki,  Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansa belə, Ermənistan konstitusiyası ilə Azərbaycanın Qarabağ iqtisadi rayonu Ermənistanın tərkib hissəsi kimi təsbit olunduğuna görə həmin müqavilə Ermənistan konstitusiyasına zidd olacaq və Ermənistanda kimin tərəfindən imzalanmasından asılı olmayaraq ratifikasiya olunaraq qüvvəyə minməyəcək.
 

Yəni nə qədər ki, Ermənistan konstitusiyası dəyişməyib, Azərbaycan və Ermənistan arasında dövlətlərin qarşılıqlı olaraq ərazi bütövlüyünü ehtiva edən sülh müqaviləsinin imzalanması və qüvvəyə minməsi mümkün deyil”.

B.Məhərrəmovun fikrincə, İrəvan üçün Azərbaycan və Türkiyənin simasında qonşuları ilə müsbət məcrada inkişaf edən tərəfdaşlıq zəruridir:
 

“Azərbaycan da məhz bu məntiqdən çıxış edərək Ermənistan konstitusiyasında təcavüzkar, region dövlətlərinə qarşı ərazi iddialarını özündə ehtiva edən normaların ən qısa müddətdə Ermənistanın ana qanunundan çıxarılmasını, yəni konstitusiya islahatlarını zəruri hesab edir.
 

Bildiyiniz kimi, dəfələrlə Ermənistanın mövcud iqtidarının nümayəndələri və şəxsən Nikol Paşinyan da Ermənistanda konstitusiya islahatlarının zəruri olması barədə fikir bildirib və bu istiqamətdə erməni ictimaiyyətində geniş müzakirələr açılıb.
 

Lakin ölkədəki revanşist dairələr, həmçinin erməni kilsəsi bu prosesdə konstitusion islahatların qarşısında dayanan əsas qüvvə kimi çıxış etməkdədir.
 

Azərbaycanın Vətən müharibəsində və antiterror tədbirlərində qələbəsindən sonra əsl siması üzə çıxan bəzi Qərb dairələri, o cümlədən Fransa da son vaxtlar proseslərə nüfuz edərək Ermənistanda bu islahatların həyata keçirilməsinə məqbul yanaşmır və Cənubi Qafqazda yekun sülhə təkan verən addımlara mane olmağa çalışır.
 

Təəssüf doğuran hal burasıdır ki, qısa müddət öncəyə qədər konstitusiya islahatlarından bəhs edən Nikol Paşinyan da artıq Qərbin qeyd olunan istiqamətdə direktivlərini rəhbər tutaraq aidiyyəti dəyişiklikləri hökumətin siyasi gündəmindən çıxarmaqdadır. Lakin Ermənistan başa düşməlidir ki, dalan dövlət statusundan qurtulmaq üçün və real müstəqilliyinə çatmaq üçün özündən min kilometrlərlə kənarda yerləşən Fransa kimi dövlətlərlə təcavüzkar  "müttəfiqlik" yox, İrəvana özünün Azərbaycan və Türkiyəni  simasında qonşuları ilə müsbət məcrada inkişaf edən tərəfdaşlıq zəruridir".

 

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Ermənistanın konstitusiyasının dəyişdirilməsi qaçılmazdır:

 

“Azərbaycanla münasibətlərinin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın etməli olduğu məsələlərdən biri də konstitusiyasını dəyişdirməsidir. Ermənistan Baş naziri Nikol Paşinyan və parlament sədri Alen Simonyan əvvəllər konstitusiyanın dəyişdirimləsini vacib məsələ  kimi bildirsələr də, sonralar bu məsələni gündəmdən çıxartmağa çalışırlar. Hətta Paşinyanın verdiyi müsahibələrdə mövcud konstiytusiya ilə gələcəyə gedə bilməyəklərini də bildirmişdi. Belə ki, Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi ididaları çxarılmalıdır. Əgər Ermənistan özünün ana qanununda Azərbaycana qarşı ərazi iddiaları saxlayırsa, aramızda sülh necə ola bilər? Yəni, hər kəs bilir ki, bu mümkünsüz bir məsələdir. Ona görə də Ermənistanın konstitusiyasının dəyişdirilməsi qaçılmazdır”.

Deputat söyləyib ki, Paşinyan da Azərbaycanın tələblərini qəbul etməkdən başqa yol yoxdur:

 

“Son vaxtlar Simonyanın konstitusiyanın dəyişdirilməsi ilə bağlı məsələni gündəmə gətirməsinin məqsədi sadəcə insanların fikirlərinin öyrənilməsi ilə bağlı olduğunu bildirir. Paşinyan isə verdiyi son mətbuat konfransında yeni konstitusiyanın qəbul olunmasının xalqın istəyi ilə olacağını və əgər xalq bunu istəməzsə, dəyişilməyəcəyini qeyd edib. Bu, bir daha Ermənistan hakimiyyətinin Azərbaycanla münasibətlərin normallşadırılması məsələsinə ciddi yanaşmadığını göstərir. Həm də Paşinyan müxalifətin əlinə fürsət düşəcək və özünə qarşı işlədiləcək açıqlamaları geri çəkir və ictimaiyyəti sakitləşdirməyə çalışır. Amma özü də bilir ki, Azərbaycanın tələblərini qəbul etməyinin alternativi yoxdur”.

 

A.Badamov deyir ki,  Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşır: "Qonşu dövlətlərin,o cümlədən Ermənistanın ərazilərində gözümüz yoxdur. Sadəcə Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması məsələsini beynəlxalq hüquq normaları çərçivəsində tələb edirirk və buna nail olacağıq. Bu baxımdan Qərbi Azərbaycanın bizə məxsus olmasının konstitusiyamıza daxil edilməsini vacib hesab etmirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir