Modern.az

Balasanyan Qarabağdan dağ yolları ilə QAÇIB

Balasanyan Qarabağdan dağ yolları ilə QAÇIB

Qərbi Azərbaycan

4 Aprel 2024, 17:45

Ermənilər Qarabağı tərk edəndən sonra qondarma “Artsax təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan da Ermənistana gəlib və bəzi qohumları ilə birlikdə Antikorrupsiya komitəsinə dəvət olunub.

Modern.az xəbər verir ki, bu barədə “24News”a hüquq-mühafizə orqanlarından bildirilib.

Ermənistanın hüquq-mühafizə orqanları Balasanyan və onun ətrafındakılardan Həkəri körpüsünü necə keçdiklərini öyrənməyə çalışıb, lakin ən çox onların siyasi proseslərdə iştirak edib-etməyəcəklərilə maraqlanıblar.

Bir neçə sorğu-sualdan sonra Vitali Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyanla dolayı yollarla əlaqəyə girərək, hakimiyyətin dəyişdirilməsi prosesində və ya siyasi proseslərdə iştirak etmək fikrində olmadığını bildirib.


Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Balasanyan Paşinyana söz verib ki, “Artsax erməniləri” hansısa status və zəmanətlə Qarabağa qayıdana qədər o, Ermənistanda sakitcə gözləyəcək. Daha sonra o, Paşinyana yalvararaq sakit buraxılmağını xahiş edib.

Sayt həmçinin qeyd edir: “Bu dolayı söhbətdən sonra Balasanyan və onun qohumları artıq sorğu prosesini həyata keçirən orqana dəvət olunmayıb. Odur ki, Vitali Balasanyan Ermənistana gəldikdən sonra bir dənə də olsun ictimai bəyanatla çıxış etməyib”.


“24News” Balasanyanın Ermənistana necə gəldiyinin bəzi detallarını da öyrənib.

Bildirilib ki, Balasanyan sentyabrın 28-də Xankəndini tərk edərək Həkəri körpüsü istiqamətinə yollanıb.

Ancaq Həkəri keçid məntəqəsindəki Azərbaycan hərbçiləri Balasanyanın hərəkət istiqamətindən xəbər tutublar. Buna görə də “Artsax təhlükəsizlik şurasının keçmiş katibi” maşından düşərək dağ yolları ilə qaçmağa məcbur olub. İddiaya görə, o, gizli dağ yolları ilə piyada getdiyinə görə, Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib.

Qeyd edək ki, Vitali Balasanyan Ermənistanın “Daşnaksütyun” partiyasının üzvüdür. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. O, vaxtilə Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb, torpaqlarımızın işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə keçmiş separatçı rejimin müdafiə nazirinin müavini olub. Daha sonra “Artsax təhlükəsizlik şurasının katibi” kimi fəaliyyət göstərib. O, separatçıların qondarma “prezident” seçkilərində də iştirak edib, ancaq məğlub olub.

V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb.
Xocalı soyqırımının törədilməsində iştirak edib. Xocalı camaatını qırıb, hətta şəhid komandirlərimiz Şirin Mirzəyevin və Allahverdi Bağırovun xidməti maşınlarının keçdiyi yollara mina da yerləşdirə bilib və onların öldürülməsinə nail olub.


Ə.Qafarlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!