Modern.az

İcma Aİ və ABŞ-a çağırış etdi

İcma Aİ və ABŞ-a çağırış etdi

Qərbi Azərbaycan

8 Aprel 2024, 15:38

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında aprelin 5-də Brüsseldə keçirilmiş görüşdə Avropa İttifaqı və ABŞ tərəfindən Ermənistana yardım göstərilməsi barədə qərarlar verilib. Mətbuata verilmiş məlumatda ancaq maliyyə yardımı ediləcəyi bildirilsə də, əsl planların Ermənistanın silahlandırılmasından ibarət olması heç kimdə şübhə doğurmur.

 

Modern.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.

 

Bildirilib ki, bu gün Natali Luazo başda olmaqla Avropa Parlamentinin bir qrup azərbaycanafob deputatı ABŞ-nin Dövlət katibi Antoni Blinkenə və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə müraciət edərək, onları sözügedən görüşün davamı olaraq Ermənistanın “təhlükəsizliyi"nə yardım etməyə çağırıblar. Bütün bunlar Ermənistana açıq hərbi dəstək göstərmək üçün ictimai fon yaratmağa xidmət edir. Bu, bir daha sübut edir ki, 5 aprel görüşü məhz Ermənistanın hərbiləşdirilməsi məqsədi daşıyıb.

Saxtakar AP üzvlərinin bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoymuş, Azərbaycan ərazilərinin 20 faizini 30 il işğal altında saxlayaraq viran qoymuş, 300 min Qərbi azərbaycanlının öz evlərinə qayıtmasına hələ də imkan verməyən Ermənistanı “demokratiya əzabkeşi” kimi qələmə verməyə çalışmaları isə ikrah hissi doğurur.

Qərbi Azərbaycan İcması Avropa Parlamenti üzvlərinin qərəzli müraciətini rədd edir, bir daha Aİ-ni və ABŞ-ı regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa və Ermənistana hərbi dəstək göstərməməyə çağırır. Aİ və ABŞ militarist siyasət yürüdən Ermənistanı deyil, Ermənistanın törətdiyi dağıntılar və mina problemindən əziyyət çəkən Azərbaycanı dəstəkləməli və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını təşviq etməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!