Modern.az

Erməni işğalında 4 kəndimiz qaldı - ADLAR

Erməni işğalında 4 kəndimiz qaldı - ADLAR

Qərbi Azərbaycan

24 May 2024, 10:12

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidməti bu gün Qazaxın 4 kəndinin Ordumuzun nəzarətinə keçdiyi barədə yeni məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında aparılan delimitasiya işləri nəticəsində Qazax rayonu istiqamətində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Qazax rayonunun işğaldakı 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Beləliklə, Azərbaycanın indiyə kimi işğalda olan 8 kəndindən 4-nün geri qaytarılması təmin edilib. İndi işğalda 4 kənd qalır: Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi.
 

Modern.az-ın məlumatına görə, hazırda işğal altında qalan Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Naxçıvanın Sədərək rayonunun Kərki kəndləri hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunub.

Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir.

Yuxarı Əskipara 860 hektar, Sofulu 439 hektar, Barxudarlı 320 hektar əraziyə malikdir. Hər üç yaşayış məntəqəsi 1992-ci ildə işğal olunub.

İşğal zamanı Yuxarı Əskiparada 485 nəfər, Sofuluda 181 nəfər, Barxudarlıda 346 nəfər əhali yaşayıb.

Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir. Kəndin 1000 nəfərə yaxın azərbaycanlı sakini 34 ildir ki, didərginlik həyatı yaşayır.

Kərkinin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən strateji əhəmiyyətli M-2 magistral yolu keçir.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qaytardığı Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri indiyə kimi boş olsa da, işğal altındakı esklav kəndlərimizdə ermənilərin qanunsuz məskunlaşması həyata keçirilib.

Məsələn, Naxçıvanın Kərki kəndində 150-dək erməninin məskunlaşdığına dair məlumatlar var.

Danışıqların növbəti mərhələsində Ermənistan tərəfinin də Gədəbəy rayonunda yerləşən Başkəndlə bağlı məsələ qaldıracağı istisna olunmur. Bu barədə erməni mənbələri də yazırlar. Ermənilərin “Artsvaşen” adlandırdıqları bu yaşayış məntəqəsi Sovetlər dövründə - 1920-ci ildə Ermənistana verilsə və onun xəritəsinə daxil edilsə də, bura tarixi Azərbaycan torpağıdır. 
Sahəsi 40 kv.km olan Başkənd 1992-ci ilin avqustunda erməni işğalçılarından təmizlənib.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşlərində esklav kəndlərin məsləsinə baxılacağı istisna deyil.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?