Modern.az

İlk dayanacaq qəhrəman Nüvədi kəndi olacaq...

İlk dayanacaq qəhrəman Nüvədi kəndi olacaq...

Qərbi Azərbaycan

8 Avqust 2024, 10:01

Nüvədinin sonuncu işğalından 33 il keçir.

 

1929-cu ildə Ermənistana verilmiş, Zəngəzur sıra dağlarının cənub-şərq ətəklərində yerləşən Qərbi Zəngəzurun Nüvədi kəndi Araz çayının sol sahilində, bəzi yerlərdə Arazın 15-20 metrliyindən keçən, 1940-cı ildə çəkilmiş Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə bağlayan Mincivan - Culfa dəmir yolu xəttinin şimal tərəfində təxminən 1,5-2 kilometr məsafədə yerləşir. Başlanğıcını Hüsenbəy çəmənliyindən alıb Araz çayına tökülən, təxminən uzunluğu 15-17 kilometr olan Nüvədi (Sələnc) çayının sağ və sol sahillərində Tütlar dibi adlanan ərazidən başlayaraq, iki dağ arasında şimala doğru uzanan 2 kilometr ərazidə yerləşən Nüvədidə 1991-ci il avqust ayının 8-nə kimi azərbaycanlılar yaşamışlar.

 

Ta qədim zamanlardan əhalinin əsas məşğuliyyəti maldarlıq (davarçılıq) olmuş, sonralar qonşu dağ kəndlərindən Nüvədiyə köçüb gələn tayfalar burada üzüm, əncir, nar bağları salmışlar.

 

Nüvədi kəndi Meğri ərazisi ilə birlikdə Ordubad qəzasına daxil edilərək 1849-cu ildə ilk dəfə yaradılmış İrəvan quberniyasına, mərkəzlə məsafə uzaq olduğuna görə isə bir neçə ildən sonra Gəncə quberniyasının Zəngəzur qəzasına verilmişdir. Zəngəzur `qəzası 1920-ci ildə Azərbaycan torpaqları hesabına yeni yaradılmış Ermənistan respublikasına verildikdən sonra Zəngilan rayonu ilə sərhəddə yerləşən Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Cəbrayıl qəzasına tabe olmuşdur. Nüvədililər hər hansı bir sənəd almaq və ya məhkəmə işləri ilə bağlı Cəbrayıl qəzasının mərkəzi olan Malakan şəhərinə gedərmişlər. Malakan şəhərinin adı sovet dövründə dəyişdirilərək əvvəl Qara bulaq (Böyük bulaq), sonra Karyagin və 1959-cu ildən isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə Füzuli şəhəri adlandırılmışdır.

 

Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qərarı ilə Nüvədi, Ernəzir və Tuğut kəndləri Azərbaycan SSR-in Cəbrayıl qəzasından Ermənistan SSR-in Meğri qəzasının inzibati idarəsinə verilmişdir. Bu sənədə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın bürosunda baxılıb, Azərbaycan SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli fərmanı ilə "qanunlaşdırılıb" və Zəngilan rayonunun tərkibindən çıxarılıb. Bu günə qədər nüvədililərin dəfələrlə yuxarı distansiyalara müraciətlərinə baxmayaraq, hüquqi əsası olmayan bu fərman ləğv edilməyib.

 

Faktlar sübut edir ki, təxminən min beş yüz illik tarixə malik olan Nüvədi kəndi xarabalıqlara çevrilmiş Sələnc çayının kənarında yerləşən Kəndçayı kəndi, Ataman, Angizet, Qarçinik, Ernəzir, Sultan Səlim və digər qədim dağ kəndlərinin hesabına yaradılmışdır.

 

Nüvədililər kəndlərinin əsasının qoyulmasını iki əfsanəvi şəxsin - Məlik Əbil və Məlik Abbasın adı ilə əlaqələndirirlər. Çox-çox illər əvvəl iki əmioğlu Məlik Əbil və Məlik Abbas öz yaxın adamları ilə nüvədililərin yaşadıqları Kəndçayı adlanan yerdən köçüb indiki Nüvədinin şimal tərəfində, Sələnc çayı sahilində, yüksək Qaradaşı və Ağdaşın sıldırım qayalarının çay sahili hissəsində kənd salmış, kəndin adını burada yaşamış ulu babaları Kəlba Kazımın şərəfinə Kazımlı qoymuşlar. Köhnə kəndin xarabalıqlarına baxarkən fikir söyləmək olur ki, Sultan Səlim, Qaraçı yurdu (Qərçinik), Kəndçayı, Peyğəmbər izi, Əbdul-Ata, Cavgittə, Ataman düzü, Ernəzir (Yernəzir) və s. ərazilərdə tayfa-tayfa insanlar yaşayırmışlar. Təbiətin yaratdığı çətinliklər bu tayfaları birgə yaşamağa məcbur etmişdir. Kazımlılar yaz vaxtı daşqından çox ziyan çəkdiklərinə görə indiki Nüvədi ərazisinə köçmüşlər.

 

Nüvədinin adı haqqında müxtəlif fərziyyələr var. Onlardan ikisini açıqlamaq istəyirəm. Kazımlılar onu "Novdeh", yəni "Yenikənd" və ya "Təzəkənd" (farsca "nov" yeni, təzə, "deh" isə kənd deməkdir) adlandırmışlar.

 

Atam, Əhmədəli Əliyevin "Azərbaycan dilinin Meğri şivələri" monoqrafiyası bu ərazilərin ən qədim Azərbaycan torpaqları olduğunu bir daha təsdiq edir. Əhmədəli müəllim toponimlərə əsaslanaraq kəndin doqquz vadinin kəsişdiyi ərazidə olduğu üçün ("nov" farsca doqquz deməkdir), Nohvadi adlandırıldığını söyləyirdi. Uzun illər həmin sözlər dəyişərək Nügədi, Nüyədi, Nüvədi və s. kimi ifadə edilmişdir.

 

...Əzizim dilə bir də,

Savxanı dilə bir də,

İçərdim Kəhlan suyun,

Çıxardım Dülə bir də...

 

Savxa, Dül yurdu, Kəhlan bulağı Nüvədi gənclərinin görmədiyi, hazırda da adını qoruyub saxlayan, unudulması mümkün olmayan kəndimizin dilbər guşələrindəndir.

 

Nüvədi kəndindəki Qarqar yazıları qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə "Orxon-Yenisey" abidələrindən geri qalmır. Nüvədi ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamını, o cümlədən Baba Hacı ziyarətgahını tədqiqatçılar Babəkin adı ilə əlaqələndirirlər.

 

Azərbaycanı Naxçıvan Muxtar Respublikasından ayıran Qərbi Zəngəzurun Meğri rayonunun Nüvədi kəndində anadan olmuş bir azərbaycanlı kimi bu bölgə haqqında bildiklərimi oxuculara çatdırmağı özümə borc bilirəm. Doğma yurdumuzu bölən bu məsafə təxminən 45 kilometr olub, onun 24 kilometri Nüvədi kəndinin ərazisidir. Zəngilan rayonunun qonşu Ağbənd kəndindən Meğri rayonunun Astazur kəndinə kimi üçüncü dəfə işğala qədər Naxçıvana və İrəvana gedən qatarlar Ağbənd stansiyasından sonra Nüvədi ərazisində yerləşən Sığırtda, sonra Nüvədi stansiyasında (Gəmidüzü), daha sonra razyezd Nüvədidə bir neçə dəqiqə dayanırdı.

 

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci illərin ortalarında Nüvədi ərazisindən keçməklə, Bakı-Naxçıvan şose yolunun çəkilişinə başlanmışdır. Yol Bakıdan Nüvədi zastavasına (434 km), Naxçıvandan isə Meğri rayonunun Aldərə kəndinə qədər çəkilmişdir. Erməni şovinistləri Nüvədi-Astazur arası təxminən 15 kilometr və Astazur-Aldərə arası isə təxminən 5 kilometr asfalt yolun çəkilməsinə və bununla da Bakı-Naxçıvan birbaşa şose yolunun açılmasına imkan verməmişlər. Moskvaya bildirmişlər ki, guya yol Bakı-Mincivan-Qafan-Oxçu-Maralzəmi-Lehvaz-Meğri-Naxçıvan ərazilərindən keçməklə hazırdır. Nüvədi-Aldərə yolunun çəkilməsi əlavə xərcdir. Əslində isə bunu etməklə, onlar həm Bakı-Naxçıvan yolunu 140 kilometr uzadır, həm də dağ şəraitində beş-altı ay payız-qış aylarında gediş-gəlişi mümkünsüz edirdilər.

 

İlk dəfə 1918-ci ildə ermənilər Zəngəzurun bir hissəsini, o cümlədən Meğrinin azərbaycanlılar yaşayan kəndləri ilə birgə Nüvədini də işğal edərək soydaşlarımızın bir qismini dəhşətli şəkildə, işgəncələrlə məhv etmişlər. Həmin ilin payızında isə nüvədililər ermənilərin hücumlarına davam gətirə bilməyib, Araz çayını pələlərlə keçərək qonşu İran dövlətinin Misən kəndinə, sağında və solunda olan Ordubada və Zəngilan bölgələrinə pənah aparmışlar.

 

O vaxt kəndin hörmətli adamları mal-qaranı satıb silah almış, kənddən çıxsalar da erməniləri rahat buraxmayıb onlara basqın etmişlər. Bu qəhrəmanlar nüvədililərin torpağı əkib-becərmələrinə, məhsullarını Misənə və digər qaçqın şəraitdə yaşadıqları yerlərə aparmalarına şərait yaratmışlar.

 

İkinci dəfə 1948-1952-ci illərdə Ermənistan rəhbərliyi Nüvədini Mingəçevirə köçürmək üçün dəfələrlə kənd camaatına müraciət etmişdir. Amma nüvədililər sözü bir yerə qoyub köçməyiblər: "...yoldaş Stalin deyib ki, bu könüllüdür".

 

1991-ci il avqust ayının 8-də Nüvədi kəndinin camaatı, Ermənistandan üçüncü dəfə qovulan sonuncu azərbaycanlılar idi. Ulu öndər Heydər Əliyev nüvədililərin 1988-1991-ci illərdə torpaqlarının müdafiəsi uğrunda göstərdikləri müqaviməti yüksək dəyərləndirərək, "Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır", - demişdir.

 

Nüvədi həm də ziyalılar kəndi olub, ermənilər Nüvədini alimlər kəndi adlandırırdılar.

 

Kənddə ilk mədrəsənin əsası 1875-ci ildə kəndin maarifpərvər sakini MirMahmud ağa tərəfindən qoyulmuşdur. Hələ o dövrdə Nüvədinin qabaqcıl düşüncəli insanları kənddə maarifi yüksəltməklə camaatın savadlanmasının qayğısına qalır, çox çətinliklə də olsa, öz məqsədlərinə nail olurdular. Nüvədi müəllimlərinin vətənpərvərliyi, tələbkarlığı və qayğısı nəticəsində Nüvədi məktəbini bitirən məzunlardan iki akademik, 9 elmlər doktoru, yüzə yaxın elmlər namizədi, yüzlərlə ali təhsilli mütəxəssis yetişmişdir.

 

Birinci və İkinci Qarabağ döyüşlərində Nüvədinin Həzrət Əli Tahirov, Xaqani Qurbanov, Orxan Hüseynov, Rauf İbadov, Yavər Şahverdiyev, Ələs Rəhimov, Allahverdi Hacıyev, Nizaməddin Mustafayev, Təyyar Tahirov kimi mərd oğulları şəhid olmuşlar.

 

Rusiya vətəndaşı Maksim Şevçenkonun iyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verdiyi sual və ölkə başçımızın cavabı bütün Qərbi Azərbaycan vətəndaşları kimi nüvədililəri də duyğulandırır, daha da mübarizləşdirir:

 

"...biz azərbaycanlıların öz Vətənlərinə heç olmasa, qonaq kimi gələ bildiyi günü görə biləcəyik? Bəlkə də kimsə orada yaşamaq istəyəcək… Azərbaycanlılar öz vətənlərini - Qərbi Azərbaycanı görəcəklərmi?", - sualına: Prezident İlham Əliyev: "…Mən əminəm ki, həmin gün mütləq gələcək. Burada biz, əlbəttə ki, Ermənistan rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə ümid bəsləyirik…”

 

1991-ci il avqust ayının 8-ə kimi Nüvədidə 300 ailə olmaqla, 1500-dən artıq sakin yaşamışdır. İndi rəqəm artaraq 1000-dən çox ailə, 5 mindən çox sakin olmuşdur. Son vaxtlar erməni saytlarının verdiyi məlumatlara görə, kənddə cəmi 44 ailə olmaqla, 133 erməni yaşayır. 2006-cı ildə kəndin adı erməniləşdirilərək, Nrnadzor (Narlı dərə) adlandırılmışdır. Kənddəki evlər, ictimai binalar dağıdılmış, xarabazara çevrilmişdir. Amma bu, nüvədililəri qorxutmur. Qayıdacaq, quracaq, yaradacaq və əbədi yaşayacağıq.

 

Biz bir daha inanırıq ki, Qarabağ kimi, Qərbi Azərbaycana da qayıdacağıq və Böyük Qayıdış Ermənistanın cənub-şərq qapısı Nüvədidən başlayacaq, Naxçıvan, Türkiyə və oradan da Avropa ölkələrinə gedən qatarların ilk dayanacağı qəhrəman Nüvədi kəndi olacaq.

 

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin

kafedra müdiri, professor.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi