Modern.az

Qərbi Azərbaycanla bağlı yeni qanunlar qəbul EDİLƏ BİLƏR

Qərbi Azərbaycanla bağlı yeni qanunlar qəbul EDİLƏ BİLƏR

Qərbi Azərbaycan

24 Oktyabr 2024, 09:52

Milli Məclisin yeni çağırışında ən çox müzakirə olunan mövzulardan biri də Qərbi Azərbaycana qayıdış olacaq. Milli Məclisin spikeri Sahibə Qafarovanın sərəncamına əsasən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb. Qrupun rəhbəri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli olacaq.

 

Parlamentdə belə bir qurumun yaradılması, ilk növbədə sözügedən məsələ ilə bağlı ölkədəki konsensusu nümayiş etdirəcək, həmçinin Qərbi Azərbaycan məsələsinin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də effektiv şəkildə davam etdirilməsinə imkan verəcək.

 

Qeyd edək ki, Təşəbbüs Qrupunun ilk iclası tezliklə keçiriləcək. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli isə vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı mina terroru və müharibəni davam etdirir, bunun üçün sürətlə silahlanır: "Proseslərin fonunda İcmanın müraciəti ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması təklifi qəbul edildi. İnanıram ki, Təşəbbüs Qrupu öz üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün çalışacaq".

 

Təşəbbüs Qrupunun yaradılmasını Modern.az-a şərh edən Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki, parlament təşəbbüs qrupunun yaradılması ilə məsələnin ciddiliyini bir daha beynəlxalq ictimaiyyətə çatdırır:

 

"2022-ci ildə cənab Prezident öz ad günündə Qərbi Azərbaycan İcmasının binasının açılışını edib. Açılış zamanı Prezidentin Qərbi Azərbaycana qayıdışın yol xəritəsini cızan bir konseptual çıxışı oldu. O çıxış əsasında qayıdış konsepsiyası hazırlanıb. Qərbi Azərbaycan İcması daha da güclənib, təşkilatlanıb və öz səsini  beynəlxalq tribunalardan səsləndirməyə başlayıb. Bu ciddi addımın davamı olaraq VI çağırış Milli Məclisdə Qərbi Azərbaycana qayıdış məsələsi ilə əlaqədar beş xüsusi dinləmə olub. Təbii ki, bu addımların, eləcə də Qərbi Azərbaycan İcmasının həm ölkəmizdə, həm də ölkəmizdən kənarda keçirdiyi çoxsaylı tədbirlərin, yazılan məqalələrin, kitabların, aparılan müzakirələrin böyük beynəlxalq əhəmiyyəti var. Artıq Qərbi Azərbaycan İcmasının səsi dünya platformasında eşidilir. Bizim bir çox bəyanatlarımız BMT-nin sənədi kimi yayılıb. Növbəti addım kimi Qərbi Azərbaycana qayıdış məsələsinin hüquqi əsaslarının hazırlanması və buna daha çox siyasi dəstək və siyasi rəng vermək əsas məqsəddir. Bu,yalnız Qərbi Azərbaycan İcmasının yox, eyni zamanda artıq deputat qrupunun təşəbbüsüdür. Məhz bu da məsələnin ciddiliyini bir daha beynəlxalq təşkilara çatdırır".

Komitə sədri vurğulayıb ki, Milli Məclisdə yaranan təşəbbüs qrupu ehtiyac olarsa, bu istiqamətdə qanunlara əlavə və dəyişiklik edilməsi, yaxud yeni qanun qəbul olunması məsələlərinə baxa bilər:

 

"Ermənistan hökumətinin bu məsələyə məsuliyyətli yanaşmasını, eyni zamanda beynəlxalq hüquq çərçivəsi normaları daxilində prosesin həllinə öz münasibətini bildirməlidir. Bu, heç də Azərbaycanın Ermənistana ərazi iddiası deyil. Amma 1918, 1948-52, eləcə də 1988-1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunmuş insanların geri qayıtması beynəlxalq hüquq normalarına uyğundur. Qərbi Azərbaycan İcması da bu istiqamətdə öz fəaliyyətini aparacaq. Eyni zamanda Milli Məclisdə yaranan təşəbbüs qrupu da ehtiyac yarandığı halda məsələyə aid qanunlara əlavə və dəyişiklik edilməsi, yaxud yeni qanun qəbul olunması kimi məsələlərə baxa bilər. Eyni zamanda beynəlxalq platformalarda artıq deputat təşəbbüs qrupu kimi məsələni dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkündür. Lazım gələrsə, Ermənistanın müxtəlif qurumları ilə müzakirələr də aparmaq məncə, ola bilər. Bu da təşəbbüs qrupunun yəqin ki, öz əsasnaməsində müəyyən məsələlər kimi həllini tapa bilər. Bütövlükdə bu, artıq Qərbi Azərbaycan İcmasının və Qərbi Azərbaycana qayıtmaq istəyənlərin yeni bir platformada institutlaşması üçün çox vacib  addımdır. Bundan sonrakı addımlarımız da yəqin ki, daha qətiyyətli olacaq. Biz son məqsədimiz olan ata-baba yurdlarımıza ləyaqətli qayıdışın təmin olunmasına nail olacağıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu