Modern.az

“Doğma Yurdda Qərib Məktəblər” kitabı işıq üzü görüb

“Doğma Yurdda Qərib Məktəblər” kitabı işıq üzü görüb

Qərbi Azərbaycan

27 İyun 2025, 11:14

İyunun 25-də Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində AzEdu.az Təhsil Portalının təşəbbüsü ilə hazırlanmış “Doğma Yurdda Qərib Məktəblər” kitabının təqdimatı keçirilib. Kitab “Məktəblərdə Qərbi Azərbaycanın Təbliği” layihəsi çərçivəsində hazırlanıb və Qərbi Azərbaycan həqiqətlərinin təbliği məqsədini daşıyır.

Nəşrdə Qərbi Azərbaycanın 10 kəndi - Çaykənd, Gölkənd, Toxluca, Ağbulaq, Kəsəmən, Uluxanlı, Gığı, Güllübulaq, Urud və Bala Məzrə haqqında ətraflı məlumatlar yer alır. Bu kəndlər vasitəsilə bütövlükdə Qərbi Azərbaycanın tarixi, mədəni irsi, adət-ənənələri, maarifçilik ənənələri və bu bölgədən yetişmiş görkəmli ziyalıların həyatı oxucuya təqdim olunur.

Təqdimat mərasimi sərgi formatında təşkil olunub. Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, bir sıra millət vəkilləri, ziyalılar, təhsil işçiləri və media nümayəndələri iştirak ediblər. Modern Media qrupunun rəhbəri Elşad Eyvazlı da tədbirdə yer alaraq layihənin önəmini qeyd edib.

Qərbi Azərbaycan tarixən zəngin mədəniyyətə və inkişaf etmiş təhsil ənənələrinə malik olub. Kitabda bu ərazilərdə fəaliyyət göstərmiş məktəblərin, müəllimlərin və təhsil işçilərinin rolu xüsusi vurğulanır. Həmçinin bölgənin milli-mədəni irsinin qorunması və inkişaf etdirilməsi üçün göstərilən səylər, eləcə də Qərbi Azərbaycandan çıxmış ziyalıların elm, ədəbiyyat və ictimai həyatda tutduqları əhəmiyyətli mövqe geniş şəkildə işıqlandırılır. Qeyd edək ki, layihənin rəhbəri Tünzalə Abbasovadır.

Təqdimat zamanı kitab iştirakçılar və oxucular tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar nəşrin həm tarixi baxımdan informativ, həm də emosional baxımdan yaddaşlarda iz buraxan məzmununa diqqət çəkiblər. Kitabda toplanan məlumatların Qərbi Azərbaycan gerçəkliyinin müxtəlif istiqamətlərdən əhatəli şəkildə təqdim olunması oxucular tərəfindən yüksək dəyərləndirilib. Sərgi boyunca iştirakçılar kitabın səhifələrini diqqətlə incələyib, onun maarifləndirici və sənədli dəyərinə xüsusi önəm veriblər.

“Doğma Yurdda Qərib Məktəblər” kitabı yalnız kənd məktəblərinin tarixini deyil, həmçinin Qərbi Azərbaycanın zəngin mədəniyyətini və maarifçilik ruhunu yaşadan sənədli bir mənbə kimi çıxış edir. Bu nəşr bölgənin coğrafi sərhədləri ilə yanaşı, mənəvi sərhədlərini də oxuculara xatırladır və milli-mədəni irsin gələcək nəsillərə ötürülməsinə xidmət edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi