“Vaşinqton Bəyannaməsində (Azərbaycan, Ermənistan, ABŞ prezidentlərinin imzaladığı birgə sənəd-red.) beş prinsip - ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq aydın şəkildə ifadə olunub. Vaşinqton sazişi onların əsasında fəaliyyət göstərəcək”.
Modern.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizi ilə Naxçıvana gedərkən Ermənistan sərhədçiləri ilə qarşılaşıb-qarşılaşmayacağ haqda sualı cavablandırarkən deyib.
Baş nazir qeyd edib ki, dünyanın bir çox ölkələrində biometrik pasportlar və rəqəmsal texnologiyalar vasitəsilə gömrük və sərhəd prosedurları təkmilləşdirilir. Onun sözlərinə görə, tezliklə Ermənistandakı keçid məntəqələrində də sadələşdirilmiş prosedurlar qüvvəyə minəcək ki, bu da biznes üçün tranzit və ixracı asanlaşdıracaq:
"Dünyanın bir çox inkişaf etmiş ölkələri artıq son onilliklərdə adət etdiyimiz gömrük və sərhəd nəzarəti formalarını tətbiq etmirlər. Xüsusilə, biometrik pasportlardan istifadə zamanı tamamilə yeni prosedurlar tətbiq olunur. Rəqəmsal texnologiyaların inkişafı başqa yanaşmaları da diktə edir. Belə demək mümkünsə, "insana toxunmağı" tələb edən üsullar keçmişdə qalacaq. Bu nəzarət formaları yalnız illər ərzində yox olacaq - Ermənistan və Azərbaycan sərhədində, həm də bütün keçid məntəqələrimizdə”.
Paşinyanın sözlərinə görə, hökumət biznes mühitinin, tranzitin və ixracın inkişafına kömək etmək üçün bütün sərhədlərdə sadələşdirmələrə çalışacaq:
"Əminliklə deyə bilərəm: biz yuxarıda göstərilən beş prinsip çərçivəsində uyğun gələn istənilən sadələşdirməyə hazırıq".
Avqustun 8-də Ağ Evdə imzalanan Birgə Bəyannaməyə əsasən, Zəngəzur dəhlizi ABŞ şirkəti tərəfindən idarə olunacaq. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılan dəhliz 99 illiyə ABŞ şirkətinə icarəyə verilib.
Bu dəhliz vasitəsilə Azərbaycan həm Naxçıvana birbaşa gediş-gəliş əldə edəcək, həm də beynəlxalq yüklər daha qısa məsafə ilə daşınacaq.