Modern.az

Qəzaya uğrayan Azərbaycan təyyarəsinin qalıqları tapıldı (SİYAHI və FOTO)

Qəzaya uğrayan Azərbaycan təyyarəsinin qalıqları tapıldı (SİYAHI və FOTO)

6 İyul 2011, 17:39


Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus və Əfqanıstanda qəzaya uğrayan təyyarənin qalıqlarını bir neçə saat əvvəl aşkar etmək mümkün olub. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Qəzaya uğramış təyyarənin 10-20 hissəyə parçalanaraq tamamilə yandığı bildirilir. Bununla yanaşı artıq, yerli polis İl-76-nın yerə çırpıldığı ərazidə yanmış insan ətrafları aşkar edib. Tamamilə yanmış insan ətraflarının kimə məxsus olmasını müəyyənləşdirmək mümkün olmayıb. (ANSpress)

ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus təyyarəsinin qəzaya uğraması barədə məlumatlandırılıb və müdafiə məsələləri üzrə attaşenin Bakı Ofisi insidentin araşdırılması və xilasetmə işlərinin aparılmasına yardım məqsədi ilə “Silk Way” şirkəti, ABŞ-ın Kabildəki səfirliyi və müdafiə məsələləri üzrə attaşenin Kabil Ofisi ilə sıx əlaqədə işləyir. Bu barədə “1news.az”a Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin məlumat verib.

“Biz bütün ölənlərin ailələrinə başsağlığı veririk”, - deyə səfirlik nümayəndəsi bildirib

Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının adları açıqlanıb. Təyyarənin məxsus olduğu "Silk Way" aviaşirkəti direktorunun keyfiyyət üzrə məsləhətçisi Adil Qasımov APA-ya bildirib ki, təyyarənin ekipajı 9 nəfərdən ibarət olub. Həmin şəxslər aşağıdakılardır:

1. Gəmi kapitanı Sergey Kuzmin (1969-cu il təvəllüdlü)
2. İkinci pilot Oleq Marşixin (1979)
3. Şturman İqor Çjen (1966)
4. Bort mühəndisi Vladimir Şatobin (1969)
5. Bort-rabitəçi Əhmədcan Axmedjan Xacayev (1955)
6. Bort operatoru Elnur Mahmudov (1981)
7. Bort operatoru Tapdıq Qəhrəmanov (1964)
8. Aviatexnik Əfqan Rəhimov (1980)
9. Aviatexnik Mehman Hüseynov (1962)

Adı çəkilən şəxslərdən Azərbaycan əsilli adların sahibləri ilə yanaşı, Oleq Marşixin də Azərbaycan vətəndaşı olub.

A.Qasımov qeyd edib ki, qəzaya uğrayan təyyarə yüklənmə baxımından böyük ehtiyata malik olub: "Belə ki, İl-76 təyyarəsi ümumiliklə 40-50 ton yük qaldırma qabiliyyətinə malikdirsə, burda 18 ton yük var idi. Təyyarənin daşıdığı yük qoşqu və avtokar olub".

A.Qasımovun sözlərinə görə, hazırda qəzanın səbəblərinin araşdırılması üçün Azərbaycan Mülki Aviasiya Administrasiyası və "Silk Way" şirkətinin mütəxəssislərinin daxil olduğu komissiya yaradılıb: "Komissiya məsələ ilə bağlı məlumatlar almaq üçün Əfqanıstanın rəsmi orqanları və koalisiya qüvvələri ilə daim əlaqə saxlayır". Komissiyanın üzvlərinin də qəza baş verən yerə səfəri nəzərdə tutulur.

Qarşıdakı iki-üç saat ərzində əlavə məlumatın açıqlanacağını bildirən şirkət rəsmisi təyyarə qəzasının səbəbləri, o cümlədən “Taliban” qüvvələri tərəfindən vurulması ilə bağlı ehtimallara münasibət bildirmək istəməyib: "İndidən dəqiqləşdirilməmiş məlumat vermək düzgün olmazdı".

Qeyd edək ki, “Taliban” hərəkatının nümayəndəsi Zahibullah Mücahid Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib. Məlumatı “Fars” agentliyi yayıb.

"Azərbaycana məxsus İl-76 təyyarəsi tərəfimizdən ona görə vurulub ki, o, Əfqanıstanda olan amerikalı hərbçilərə silah daşıyırdı", -deyə Zahibullah Mücahid bəyan edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU