Modern.az

"Azərpoçt” MMC-də struktur dəyişikliyi həyata keçirilib

"Azərpoçt” MMC-də struktur dəyişikliyi həyata keçirilib

5 İyul 2010, 15:13

14 oktyabr 2005-ci il tarixindən etibarən icra olunmağa başlanan və “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş Maliyyə xidmətlərinin inkişafı layihəsi başa çatıb. Layihə çərçivəsində Mərkəzi Bank tərəfindən “Maliyyə xidmətləri göstərməsi üçün milli poçt rabitəsi operatoruna lisenziya verilərək, bu fəaliyyətə dair prudensial tənzimləmə qaydaları” hazırlanıb, həmçinin “Azərpoçt” MMC-nin yeni nizamnaməsi qəbul edilib. Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın mətbuat xidmətinin məlumatında bildirilib. Mərkəzi Bank tərəfindən “Azərpoçt” MMC ilə yanaşı onun Bakı filialları və onların bəzi şöbələrinə də maliyyə xidmətlərinin göstərmələri üçün xüsusi icazələr verilib. Hazırda təşkilati-texniki baxımdan tələblərə cavab verən poçt filial və şöbələrinin mərhələli şəkildə lisenziyalaşdırılması prosesi həyata keçirilməkdədir. Bundan əlavə layihənin icra olunduğu illər ərzində “Azərpoçt” MMC-nin bütün əməliyyat və xidmətlərinin avtomatlaşdırılmasını nəzərdə tutan Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin tətbiqi də uğurla həyata keçirilib. Mərkəzi Bank bəyan edib ki, layihə çərçivəsində qoyulmuş məqsədlərə nail olunması istiqamətində əsaslı işlər görülüb. İlk növbədə “Azərpoçt” MMC-yə texniki yardım göstərmək məqsədilə beynəlxalq məsləhətçi şirkət cəlb edilib. İki ildən artıq müddət ərzində əməkdaşlıq nəticəsində beynəlxalq şirkətin məsləhətçiləri tərəfindən “Azərpoçt” MMC-də institusional quruculuğun həyata keçirilməsinə yardım göstərilib, mühasibat uçotu, büdcə, risklərin və likvidliyin idarə edilməsi, daxili audit, İT, İT təhlükəsizlik, poçt şöbələrinin yenidən qurulması və s. modullar üzrə məsləhət xidmətləri göstərilib. Layihənin ən vacib sub-komponentlərindən biri “Azərpoçt” MMC-nin zəruri İT avadanlıqları ilə təchizatı olub. Bu məqsədlə, ilk olaraq baş idarə tam avtomatlaşdırılıb, daha sonra Bakı şəhərində və digər rayonlarda yerləşən poçt filial və şöbələri üçün ən müasir parametrlərə malik olan kompüter avadanlıqları alınıb. Layihə çərçivəsində həmçinin, “Azərpoçt” MMC-də struktur dəyişikliyi həyata keçirilib, ilk olaraq “Azərpoçt” MMC-nin aparatının, daha sonra poçt filiallarının və şöbələrinin strukturu yenidən qurulub. Dünya Bankının “Maliyyə Xidmətlərinin İnkişafı” layihəsi üzrə missiya rəhbəri cəban Maykl Edvardsın layihənin tamamlanması ilə əlaqədar olaraq cari ilin 25-30 iyun tarixlərində sonuncu nəzarət missiyasını həyata keçirdiyi, layihə çərçivəsində əldə olunmuş nəticələri ümumilikdə müsbət qiymətləndirdiyi və yerlərdəki poçt filial və şöbələrində baxış keçirdiyi bildirilir. Milli ödəniş sisteminin inkişafını dəstəkləyən layihədə “Azərpoçt” MMC-nin mövcud bazasından istifadə etməklə əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışı təmin edilərək, 1200 poçt şöbəsi vasitəsilə müştərilərə geniş həcmli xidmətlər təklif etmək imkanı yaradılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB