Bu gün görkəmli muğam ustadı, Xalq artisti Alim Qasımovun ad günüdür. 55 yaşlı xanəndə Modern.az saytına müsahibə verib.
– İlk növbədə, ad gününüzü təbrik edirəm. Maraqlıdır ki, sizi ilk təbrik edən kim oldu?
– Dostum Bəhruz.
– Ümumiyyətlə, ad gününü qeyd etməyi xoşlayırsınızmı?
– Evə gələn qonaqlara görə istər-istəməz adamın üzərinə məsuliyyət düşür. Bu gün iftar süfrəsi açılacaq. Bütün dostlarımı, oruc tutanları çağırmışam. Bu da olacaq mənim ad günüm.
– İndiyə kimi ən yaddaqalan ad gününüz nə vaxt olub?
– (fikirləşir) Mənim ad günlərimi həmişə ailəm keçirir. Özüm etiraz etsəm də, bir təhər məni yola gətirirlər. Adama diqqət olanda, deyirsən ki, nə yaxşı ki varam, yaşamışam. Belə olanda sevinirsən ki, nə yaxşı ki, doğulmuşam.
– Ad günü hədiyyəsi olaraq, nə xoşlayırsınız?
– Ən yaxşısı puldur. Hədiyyə kimi pul xoşlayıram. Puldan başqa mənim üçün maraqlı hədiyyə yoxdur.
– Bəs hədiyyə verməklə aranız necədir?
– Mənlik deyil.
– Ad gününüz münasibətilə qızınız Fərqanə xanım sizə “Oxu, Alim” adlı mahnı bəstələyib. Necədir, klip-mahnı sizi qane etdi?
–Son vaxtlara qədər mənim o mahnıdan xəbərim olmayıb. Heç demək olmaz ki, o mahnını Fərqanə oxuyub. Çox qeyri-adidir.
– Yaxında səfəriniz var?
– Ayın 21-də Londona gedirik. Sentyabr ayında da Moskvada, Daşkənddə, İstanbulda konsert vermək fikrimiz var.
Nihadə Eyyubova