Modern.az

“Məşhur tələbə yoldaşım”: Dilarə Əliyevanın tələbə yoldaşı: “Tələbəliyimiz mitinqlər dövrünə düşdü”

“Məşhur tələbə yoldaşım”: Dilarə Əliyevanın tələbə yoldaşı: “Tələbəliyimiz mitinqlər dövrünə düşdü”

Mədəni̇yyət

7 İyun 2014, 12:30


Tələbəlik dövrü yada düşəndə əksəriyyətimizin dodağına gülüş qonur. Acı-şirin xatirələr bizi qayğıların az, arzuların bol olduğu illərə aparır. Bəzilərimizin o günlər üçün burnunun ucu göynəyir. Bir də xatirələrdən bu günə boylanırıq. Tələbə yoldaşlarımızın taleyi ilə maraqlanırıq. Kimi ixtisas üzrə işləyir, kimi başqa sahəyə gedib, kimisi ümumiyyətlə işləmir, kimi ölkədən köçüb, kimi dünyadan... Bəzən də tələbə ikən bir addımladığımız yoldaşımız məşhur olur. Cəmiyyətin məşhur olarkən tanıdığı şəxsi biz uzun illər əvvəldən tanıyırıq.

Modern.az saytı “Məşhur tələbə yoldaşım” layihəsinə davam edir. Bu dəfə televiziya rejissoru İman Məcidov tələbə yoldaşı, əməkdar artist, aktrisa Dilarə Əliyeva haqqında xatirələrini bölüşür:

“Bizim tanışlığımız 1989-cu ilə təsadüf edir. Həmin ildə Mədəniyyət və İncəsənət  İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Mədəni-maarif fakültəsinin teatr kollektivinin rəhbəri ixtisasına daxil olmuşuq. Dostluğumuz da elə o vaxtdan davam edir. Bu il tanışlığımızın 25 ili tamam olur.

Dilarəylə bir qrupda oxumuşuq. Rejissor-aktyor sənəti fənnindən müəllimimiz Yaqut Mehdiyeva, səhnə danışığı fənnindən isə Məmmədsəfa Qasımov olub. Mənim üçün Dilarə, ilk tanışlığımızda necə təəssürat yaratmışdısa, indi də elə o cürdür... Sadəlik, mehribanlıq, zarafatcıllıq, saflıq...Bu cəhətlər  Dilarə xanımda indi də qalıb. Ümumiyyətlə, Dilarə pozitiv insandır, onunla söhbət edəndə adama müsbət enerji gəlir.

O, tələbə kimi çox aktiv, əlaçı idi. Tələbəliyimiz 1989-1994-cü illər çətin vaxta, Azərbaycanda mitinqlər dövrünə düşdü. Amma yenə də çalışırdıq ki, oxuyaq, aktiv tələbə olaq. Mən də, səhv etmirəmsə, Dilarə də universiteti fərqlənmə ilə bitirmişik”.

“Çəkildiyim yeganə filmdə Dilarəylə tərəfmüqabili olmuşuq”



“Dilarə elə o dövrdə də öz aktivliyi, fəallığı ilə seçilirdi. Birinci kursda oxuyanda  o Azərbaycan Dövlət Televiziyasında  “Leyli və Məcnun”  filmində Leyli roluna çəkilmişdi. Sonralar tamaşalara da dəvət aldı.

Tələbəlik illərində kurs və diplom tamaşalarında da rolları birgə ifa edirdik. Mən də, Dilarə də əsasən baş rolları oynayırdıq. O vaxtlar Dilarə tamaşalarda dramatik rollar ifa edirdi. Məncə o, indi də dramatik rolların ən yaxşı ifaçısı ola bilər. Sadəcə vəziyyət elə gətirdi ki, Dilarə komediyaya daha çox üstünlük verdi. Mən ona dramatik obrazları daha çox yaraşdırıram. Məsələn, rejissor Ramiz Həsənoğlunun yazıçı Anarın ssenarisi əsasında çəkdiyi “Cavid ömrü”  filmində görürsüz, tamam fərqlidir. Bilirəm ki, bu obraza o, bütün varlığını, potensialını qoyub. Tələbəlik illərində ola bilərdi ki, kurs tamaşalarından bir-ikisində komik rol oynasın. Amma əsasən dramatik rollar ifa edirdi, özü də uğurla. Fikrimcə, “Cavid ömrü”ndə də bu uğur var.

Onu da qeyd edim ki, mənim çəkildiyim yeganə film də “Cavid ömrü”dür. Təsadüf elə gətirib ki, orada Dilarəylə tərəfmüqabili olmuşuq. Mən Hüseyn Cavidin gənclik illərini, o isə Müşkünaz xanımı oynayıb. Bu filmdə müəllimlərimiz Məmmədsəfa Qasımov və Bəxtiyar Xanızadəylə birgə çəkilmişik.”

 “Aktrisa kimi onun potensialından tam istifadə olunmayıb”

“Dilarə heç vaxt paxıl olmayıb, hamıyla dostluq, yoldaşlıq edib, münasibətləri çox yaxşı olub. Qısqanclıq etməyib ki, “bu getdi yaxşı aktrisa oldu, ay bu irəli getdi, mən qaldım və s.”. Dilarədə belə bir şey olmayıb, hər halda mən bunu hiss etməmişəm onda. Ümumiyyətlə, bizim kursun tələbələrinin bir-birinə münasibəti çox yaxşı olub. İnstitut dövründə intriqalar olmayıb. İndiyə qədər də tələbə yoldaşlarımızın uğurunu eşidəndə yalnız sevinmişik ki, nə yaxşı ki, o sənətiylə “qabağa getdi”, vəzifədə irəli çəkildi və s.



Dilarə zəhmətkeş insan idi. O, öz zəhməti hesabına bu pilləyə qalxıb. Yadımdadır ki, mən AzTV-də rejissor işləyəndə onu aparıcı kimi bir verilişə təklif etmişdik, amma nəsə alınmadı. Sonra Dilarəni “SOY prodakşn” dəvət etdi. Məncə, bu prodakşnla işbirliyi onun yaradıcılıq həyatında böyük rol oynadı. Uğurlu iş birliyi indi də davam edir.

“SOY”da hazırlanan “Həftə çal-çağırı”, “Çal-çağır” ən reytinqli verilişlərdən sayılırdı. Bunun səbəblərindən biri də onun aparıcısıyla bağlı idi. Layihə başlayanda Dilarə xanım verilişi tək aparırdı, daha sonra Toppuşla  Keyxanım da ona qoşuldu. Bir də görürsən deyirlər ki, veriliş Toppuşla Keyxanıma görə reytinq qazanmışdı. Əslində elə deyil. Yəni bu veriliş əvvəlcədən reytinqli idi, tamaşaçılar da Dilarəni çox istəyirdilər, indi də istəyirlər. Dəfələrlə şahidi olmuşam ki, şəhərdə Dilarəni görəndə insanlar necə xoş münasibət göstəriblər, ona olan tamaşaçı sevgisini hiss etmişəm.

Düşünürəm ki, aktrisa kimi onun potensialından tam istifadə olunmayıb. Məncə, onu təkcə komik yox, dramatik rollarda da sınamaq lazımdır. Həm teatr rejissorlarına, həm də kino rejissorlarına məsləhət görərdim ki, Dilarəni sınasınlar və o, bu sınaqdan uğurla çıxacaq. Buna əminəm”.

“Oqtayla Dilarə sevgi üzərində ailə qurublar”



“Biz birinci kursda oxuyanda Oqtay (“SOY prodakşn”ın rəhbəri, Dilarə Əliyevanın həyat yoldaşı Oqtay Əliyev) tamaşalar hazırlayırdı və tamaşaların bir neçəsinə də aktrisa kimi Dilarəni dəvət etmişdi. Yəni tanışlıq sırf sənətlə bağlı olub, sonra da çevrilib sevgiyə. Birinci kursu bitirəndə onların nişanı olub. 1992-ci ildə toyları olub, iki il sonra ilk qızları- Aytən dünyaya gəlib. Bir qızları Banu da bu il 1-ci sinfi bitirib. Bu ailə sevgi üzərində qurulub, bu sevgi indi də davam edir. Oqtay indiyə qədər mənim ən yaxın dostlarımdan biridir. Tez-tez görüşürük, ailəvi dostluğumuz da davam edir. Oqtayla da, Dilarəylə də çox asan dil tapmaq olar. Onların ikisi də mənim dostlarımdır. Bilirəm ki, bir-biriləri ilə yaxşı yola gedirlər.

Tələbəlik illərində Dilarənin atası rəhmətə getmişdi. Yadımdadır, onda bir az çətinlik oldu, ancaq o, dözümlü oldu, davam etdi. Səhv etmirəmsə, Oqtayla Dilarənin bir-birilərini sevməsi elə o dövrə  düşmüşdü.

Dilarə dostcanlıdır, dostlarını çox sevir. Harda olursa-olsun diqqət cəlb etməyi bacarır. Yəni biz dostlarla yığışanda ən fəallarından biri Dilarə olur. Deyib-gülən, danışan, zarafat edən biridir. Çox maraqlı, özünəməxsus zarafatları var. Doğrudan saf insandır. Bu, ona baxanda da hiss olunur”.









Misranə Həsənzadə
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü