İllərdən qalan lal sükutu sadəcə bir şüar pozur: “Səsiniz səssizliyi pozacaq!”
Azərbaycan parlamentinə 7 noyabr seçkilərinin təbliğat-təşviqat mərhələsində dairələr üzrə fəallıq dərəcəsi xeyli dərəcədə fərqliliklərlə müşahidə olunur. Habelə, həmin fərqli aktvilik səviyyəsi eyni dairədən olan namizədlərin fəaliyyətində də aşkar surətdə nəzərə çarpır. Bu istiqamətdəki fəallıq səviyyəsini daha dolğun öyrənmək məqsədilə 10 saylı Binəqədi üçüncü seçki dairəsində kiçicik bir araşdırma apardıq. Araşdırmamızda təşviqat kampaniyasına start verildiyi gündən bu yana namizədlərin gördüyü işlər, keçirdiyi görüşlər, onların seçki qərargahlarının qurduğu piar və təbliğat işinin keyfiyyəti, seçicilərin namizədlərə münasibəti kimi məsələləri diqqətə aldıq.
Qeyd etmək yerinə düşər ki, dairə üzrə müşahidələr aparan əməkdaşımız maraqlı və təzadlı bir prosesin şahidi olub. Belə ki, öncə 8, sonradan 6 namizədlə (ikisi geri götürüb) seçkiyə gedən Binəqədi rayonu öz namizədlərinin əksəriyyətini ümumiyyətlə tanımır. Rayon səviyyəsində tanınmış namizədlərin əksəriyyəti isə bu günədək heç bir təbliğati iş qurmayıblar. Hətta namizədlərin tam əksəriyyətinin rayon ərazisində seçki qərargahları belə fəaliyyət göstərmir. Sakinlərin bu məsələ ilə bağlı mövqeyi isə qısaca belədir: “Biz heç öz deputatımızın üzünü görməmişik, o birilərini hardan tanıyaq?”
Bütün bu susqunluğun içərisində xüsusi bir fəallığın müşahidə olunduğunu bildirməmək də haqsızlıq olar. Həmin fəallıq sadəcə bir namizəd və onun seçki qərargahının gördüyü işlərlə bağlıdır. Təşviqat kampaniyasına başlandığı gündən istər reklam xarakterli materialların müvafiq lövhələrdə əsk olunması, istər atılan hər bir addımla bağlı mətbuata və rayon ictimaiyyətinə məlumat verilməsi, istər seçicilərlə intensiv görüşlərin keçirilməsi, istərsə də peşəkar piar kampaniyasının qurulması məsələlərində “Qarabağ” seçki blokunun vahid namizədi, Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimlinin fəaliyyəti digər rəqiblərindən çox fərqlənir. Eyni zamanda, seçicilərin sözügedən namizədə münasibəti, gün ərzində yüzlərlə seçicinin qərargaha gələrək, öz namizədi ilə maraqlanması, seçki platforması ilə tanışlıq və sakinlərlə aparılan söhbətlər də təqdirəlayiq hal kimi qeyd olunmalıdır.
“Səsiniz səssizliyi pozacaq!” şüarı ilə aparılan Qorxmaz İbrahimlinin seçki kampaniyası xüsusi diqqət çəkdiyindən əməkdaşımız bu namizədin seçicilərlə keçirdiyi görüşlərə də qatılıb. İlk iki görüş oktyabrın 24-də Biləcəri qəsəbəsi sakinləri ilə keçirilib. Saat 14.00-da Xaqani 14 ünvanında başlayan birinci görüşə təqribən 200-dən artıq seçici, müşahidəçi və media mənsubu qatılmışdı. Tədbirə öz tərcümeyi-halı ilə başlayan namizəd daha sonra rayon ərazisindəki mövcud problemlər, sakinlərin üzləşdikləri əsas çətinliklər, onların həlli yolları və bu istiqamətdə seçki platformasında əksini tapan maddələr haqda məlumat verdi.
“Siz Azərbaycanın istiqlal yükünü şərəflə çiyinlərində daşımış insanlarsınız. Bu halda nə üçün həlli mümkün olan problemlər üzündən illərlə əziyyət çəkəsiniz? Bu gün sizlərin elektrik, qaz, su kimi sıxıntılarınız, yol, təhsil, səhiyyə kimi problemləriniz var. Çoxunuz min-bir əziyyət bahasına tikdiyiniz evlərinizə mülkiyyət hüququ ala bilmir və bunun üçün kimlərinsə əlinə baxmalı olursunuz. Dəstək verib, parlamentə vəkil göndərdiyiniz insanlarsa sizlərin səsini duyurmaq cəhdində bulunmurlar. Onları sizin dərdləriniz deyil, sadəcə öz şəxsi biznes maraqları düşündürür. Lakin bizim tək dərdimiz sizlərsiniz. Bütün bu həlliqaçılmaz problemlər, habelə vaxt məhdudluğu üzündən sadalaya bilmədiyim çətinlər bizim seçki platformamızda, gələcək fəaliyyət strategiyamızda öz əksini tapıb. Sizin iradəniz sayəsində 7 Noyabrda qalib gəldikdən dərhal sonra yerinə yetirdiyimiz müqəddəs missiyanın bəhrəsini öz gözlərinizlə görəcəksiniz”, -deyə Q.İbrahimli görüşdə bildirdi.
Daha sonra hansısa rəqibləri tərəfindən təzyiqə məruz qaldığını dilə gətirən namizəd öncəki seçki qərargahlarından hansı üsulla çıxarıldıqlarını xatırlatdı. Onun sözlərinə görə, təbliğat kampaniyasının hələ ilk günlərindəcə apardıqları yüksək təşviqat işləri kimlərinsə aşkar narahatlığına səbəb olub və nəticədə ofis sahibinə göstərilən inzibati təzyiqlər üzündən Ordubadi küçəsində yerləşən ilk seçki qərargahlarından çıxarılıblar. “Bu insanlar xalqdan və xalqın həqiqi namizədindən qorxurlar. Bildiyiniz kimi, rəqiblərdən biri belə bir şayiə yayıb: “Qoyun başqa namizədlər də yalandan çalışsınlar, onsuz da bizim qonağımızdırlar”. Bu ifadə nə deməkdir, axı? Yəni kimlərsə bu rayonu, buranın əziz insanlarını öz ata mülkləri hesab edirlər? Bəlkə dövlət onlara bu səlahiyyəti verib, bizim xəbərimiz yoxdur?
Amma bütün cəhdləri mənasızdır. Azərbaycan dövləti güclü dövlət olduğu kimi, öz içərisində hansısa “dövlətciklərin” yaranmasına icazə verməz. Siz tam rahat olun və 7 Noyabrda öz əzmkarlığınızı nümayiş etdirin. İnşallah sizlərin dəstəyi ilə qələbə bizim olacaq”, -deyə namizəd vurğuladı.
Görüş zamanı maraqlı bir dialoq da yaşandı. Belə ki, tədbirdə iştirak edən seçilərdən biri söz alaraq, hazırki deputatın gördüyü işləri sadalamağa çalışdı. Konkret fakta söykənmək üçün rayon ərazisindəki tunelin həmin deputatın təşəbbüsü ilə çəkildiyini qeyd etməsi isə Q.İbrahimlinin təəccüblü reaksiyasına səbəb olub. Namizəd “Həmin körpünün lentinin Azərbaycan prezidenti İlham Əliyev kəsib. Prezidentin gördüyü işi başqasının adına çıxmaq nə dərəcədə məntiqə uyğundur?” sualını səsləndirdiyi zamansa sözügedən seçinin susub oturmaqdan başqa çarəsi qalmadı. Görüşün davamı seçicilərin suallarının cavablandırılması, dərdlərinin dinlənilməsi və xüsusi qeydlərin aparılması, həmçinin qarşılıqlı diskussiyalardan ibarət olub.
Oktyabrın 24-də Q.İbrahimlimim seçicilərlə ikinci görüşü saat 17.00-da Yəhya Hüseynov küçəsində reallaşdı. Təxminən 250-yə yaxın seçinin qatıldığı görüş ənənəvi olaraq tərcümyi-halın çatdırılması ilə başlayaraq, ən müxtəlif mövzular üzrə davam etdi. Əvvəlki görüşdə qaldırdığı problemlərə toxunmaqla yanaşı, bu dəfə namizəd konkret məsələlərdən də danışdı. O, Binəqədi rayonu ərazisində vaxtilə fəaliyyət göstərən və insanların ailəliklə çalışdıqları zavodların, iş yerlərinin hazırda pas atmasını ürək yanğısı ilə qeyd etdi: “Bu rayon hələ sovet dövründən öz sənaye müəssisələri ilə şöhrət qazanmışdı. Dəzgahqayırma, poladtökmə zavodları sakinlərin əsas gəlir yerləri sayılırdı. Eləcə də dəmiryolu. Bu gün həmin müəssisələrin əksəriyyəti ümumiyyətlə fəaliyyət göstərmir, qalanları da işçilərin ehtiyaclarını ödəmir. Baxın dəmiryolçuların maddi durumuna! Bu zəhmətkeş təbəqənin nə qədər problemləri var, amma kimsə həmin problemlərdən danışmaq istəmir. Çünki özlərinə sərf etmir. Amma biz sizin içinizdən çıxmışıq, sizlərdən biriyik və sıxıntılarınıza yaxşı bələdik. Bu seçildikdən dərhal sonra ən ümdə vəzifələrimizdən biri həmin müəssisələrin fəaliyyətinin bərpası, habelə dəmiryolçuların problemlərinin həlli olacaq”.
Q.İbrahimli təhsil və səhiyyə sektorlarındakı problemlər, müəllim və həkimlərin üzləşdikləri sıxıntıları da diqqət mərkəzinə gətirdi. “Bu gün müəllim və həkimlərimiz öz peşələrini bir yana buraxaraq, pul yığmaqla məşğuldurlar. Niyə? Çünki əməkhaqları olduqca aşağıdır. Əgər əməkhaqları yüksək olsa, bu gözəl insanlarımız rüşvət və “şirinlik” dərdinə düşərlərmi? Təbii ki, xeyr. Onları buna məcbur edirlər. Biz bu dərdimizi də parlament səviyyəsində qaldıracaq, müəllim və həkimlərin əməkhaqlarının bir neçə dəfə qaldırılmasını təmin edəcəyik. Bunun üçün bizim qərargahımızda iqtisadçı, hüquqşünas və sosioloqlardan ibarət xüsusi ekspert qrupu fəaliyyət göstərir. Mütəxəssislərimizin hazırladıqları hesabatlar, eləcə də sizlərlə görüşlərimizdə əldə etdiyimiz məlumatlar üzrə əməkhaqlarının mümkün olan ən yüksək səviyyəyə çatdırılmasını reallaşdıracağıq. Çünki dövlətimizin büdcəsi də buna imkan verir”, deyən Q.İbrahimli əlavə etdi ki, seçicilərlə intensiv görüşləri təmin etmək üçün seçildikdən sonra belə rayon ərazisində daimi fəaliyyət göstərən 3-4 qərargah saxlayacaq.
Mövcud səssizliyin pozulması məsələsi bu dəfəki görüşdə də gündəmə gəldi. Seçicilərdən bir neçəsinin söz alaraq, parlamentdə səslərinin duyulmamasından, hazırki deputatın bir dəfə olsun rayonun problemlərini qaldırmamasından gileylənmələri üzərinə Q.İbrahimli məsələyə münasibət bildirdi. “Mənim konkret olaraq hansısa namizədlə problemim yoxdur. Hazırda 5 rəqibim var və onların hər biri mənimçün eyni əhəmiyyət kəsb edir. Sadəcə olaraq, bu rayonu susqunluq başına götürüb, səsinizin eşidilməməsini hər kəs görür. Biz bundan danışırıq. Bizim mübarizəmiz fərdlərlə deyil, prinsiplərlədir. Parlamentdə susmaq, mürgüləmək bizim prinsiplərə yaddır. Ona görə də 7 Noyabrdan sonra səsinizin ən yüksək səviyyədə duyulacağına əmin olun. Artıq cana doyduğunuz lal sükut öz ömrünü başa vurub. İndi növbə danışmağın, çalışmağın və problem həll etməyindir”, -deyə namizəd öz fikrini yekunlaşdırdı.
Qeyd edək ki, çıxış və fikir mübadilələri seçicilər tərəfindən yüksək alqışlarla qarşılandı. Xüsusilə, qapalı yerdə keçirilən görüşün ardınca Q.İbrahimlinin ərazidəki sakinlərlə ayrı-ayrılıqda görüşüb, dərdlərini dinləməsi insanların böyük simpatiyasına səbəb oldu. Namizəd ərazidən uzaqlaşdıqdan sonra belə, sakinlər arasında bir neçə dəqiqə ərzində “Səsimiz səssizliyi pozacaq” şüarları eşidildi...
|
|
|
|